Həsən Nəsrullahın öldürülməsinə İrandan çox, Rusiya reaksiya verdi
İsrailin yürütdüyü siyasət nəinki Yaxın Şərq, həmçinin bütün dünya üçün böyük riskləri reallığa çevirib. Heç şübhəsiz ki, İsrail aqressiv, dağıdıcı siyasəti ilə, ölkə üçün təhdid hesab etdiyi bütün qüvvələri ancaq hərbi yolla məhv etmək yolunadır. Əvvəllər də qeyd etdiyim kimi, İsrail Fələstin, ərəb məsələsini köklü şəkildə, yəni təhdidin yarana biləcək ehtimalını belə məhv edir. Fələstin müqavimətinin bir hərbi, bir siyasi qüvvə kimi, sosial bazası qalmayıb. Təkcə son gedən müharibə ilə İsrail Qəzza bölgəsində 45 min fələstilini öldürüb.
Bir sıra Qərb, xristian ölkələrinin formal anti İsrail mövqeyi formal xarakterlidir və əslində də “razılığı” gizlətmək məqsədi daşıyır. Yəni, İsrailin Yaxın Şərqdə güc mərkəzi kimi, söz sahibi olmasını region qəbul etmək məcburiyyətindədir.
İrana gəldikdə isə, İsrail artıq İranın bəyanat və hərbi gedişləri demək olarki heç eşitmir, nəinki onu ciddiyə alsın. İran bütün gücü və imkanlarını ifşa edib. SEPAH zabiti Həsən Səyyad Xudayinin Tehranda öldürülməsi, Höccətullah Ümidin, Həmasın ikinci şəxsi Salehin, Qasım Süleymaninin, İsmayıl Haniyənin, nəhayət Hizbulla lideri Həsən Nəsrullahın və adını çəkmədiyimiz onlarla yüksək çinli İrana aid şəxslərin öldürülməsinə İran heç cürə cavab verə bilməyib, daha doğrusu heç real cəhddə göstərməyib. İran heç bir halda İsraillə açıq müharibəyə getməyəcək. İsrail ona təhdid hesab etdiyi qüvvələri mərhələli şəkildə və ayrı-ayrılıqda məhv etməyi davamlayacaq.
İranın rəsmi Livana ordu yeritmək istəyi ciddi qəbul edilməsə də, Rusiya XİN başçısı Lavrovun yaxın Şərqlə bağlı bu günki açıqlaması vəziyyətin gedişatına təsir edə bilər, əlbəttəki Rusiya real addımlar atarsa. Ancaq, Rusiya Ukrayna cəbhəsində ciddi çətinliklər ucbatından real hərəkətə keçəcəyi güman edilmir. Proses üçüncü dünya müharibəsinə aparır.
Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, tarixçi-araşdırmaçı, Milli Cəbhə Partiyası Siyasi Şurasının üzvü, Qarabağ qazisi.
araz.az xəbər portalı.