Qərbi Azərbaycanın strateji coğrafi mövqeyə, zəngin təbiətə malik qədim mahallarından biri də Vedibasardır. Vedibasar qədim Oğuz elinin, türklərin min illər boyu yaşadıqları ərazidir. Bu torpaqlarda türk tayfaları hələ mifik təfəkkür dövründə kök salıblar. Neçə min il əvvəl dədə-babalarımız yer-yurd adlarını kosmoqonik-mifik dünyagörüşü əsasında adlandırıblar. Qərbi Azərbaycanda Sarıbaba dağı, İlanlı dağ, Vedi çayı, Ağsu çayı, Həcər bulaq, Gur bulaq, adı qədim türk tayfalarından olan Qayı türklərinin əfşar qolu ilə bağlı olan Avşar kəndi, Şəddadilər dövlətini yaradan Şadılılarla bağlı Şidli kəndi, Qaraqoyunlu kəndi… Bu siyahını uzatmaq olar. Əsası odur ki, bu yer adları hamısı türk mənşəlidir.
araz.az bildirir ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Gəncə Dövlət Universitetinin dosenti, Azərbaycan Yazıçılar Birliyinin, “Turan” Elmlər Akademiyasının üzvü, alim-şair Bayram Apoyevin AZƏRTAC-ın bölgə müxbiri Vüsalə Cənnətova ilə, doğma yurdu, ata-baba məskəni ilə bağlı olduqca maraqlı söhbəti olub. Sayt bu maraqlı yazını öz oxucularının da diqqətinə çatdırmağı vacib bilib. Çünki Bayram müəllim ruhverici bu söhbəti zamanı olduqca önəmli məqamlardan söz açıb.
B. Apoyev deyib ki, azərbaycanlılar öz yurdlarından 1988-ci ildə deportasiya edilənədək bu adları qoruyub, saxlayıblar. Qərbi azərbaycanlı kimi Rusiya İmperiyası dövründə Tiflisdə fəaliyyət göstərmiş Qafqaz Hərbi Dairəsi tərəfindən 1835-ci ildən etibarən hər il çap olunan Qafqaz təqvimi toplusunu araşdıran müsahibimin bildirdiyinə görə, təqvimin 1910-cu il nömrəsində Qərbi Azərbaycan ərazisindəki bütün mahalların adları verilib. Vedidə 152 kənd göstərilib ki, onlardan 143-nün adı sırf Azərbaycan dilindədir.
““Kitabi-Dədə Qorqud” dastanında Göyçə mahalı, Göyçə gölü kimi toponimlərin verilməsi dədə-baba torpaqlarımızda yaşayan azərbaycanlıların qədim tarixini özündə əks etdirir. “Vedinamə” və “Sarıbabaya salam” kitablarımda da qeyd etdiyim bu toponimlərin yaranmasında istifadə edilən sözlər ciddi dəyişiklik olmadan müasir Azərbaycan dilində işlənir. Çoxsaylı faktlar kimi bu amillər də göstərir ki, Qərbi Azərbaycan elləri tarixi-etnik torpaqlarımızdır. Biz keçən əsrdə öz yurdumuzda gəlmə ermənilər tərəfindən siyasi havadarlarının köməyi ilə dəfələrlə sürgünə, qırğına, deportasiyaya məruz qalmışıq, ev-eşiyimizdən didərgin düşmüşük. Vedibasarın dağ kəndi olan Şırlanın əsasını 300 il əvvəl ulu babam qoyub. 1937-ci ildə 7 yaşı olan atam ailəsi ilə birgə bir çox həmyerlisi, soydaşı kimi həmin kənddən Orta Asiyaya, Qırğızıstana sürgün olunub. Ailəm böyük əziyyətlərdən sonra 1947-ci ildə Azərbaycana dönə bilib. Mən 1957-ci ildə Goranboyda anadan olmuşam, 1959-cu ildə yenidən Qərbi Azərbaycanımıza qayıtmışıq. Azərbaycanlıları didərgin salmaq üçün dağıdılan dağ kəndlərindən biri də Şırlan idi. Ona görə də düzənlikdə yerləşən, 300-400 illik tarixə malik, anamın qohumlarının yaşadığı Xalisa kəndində məskunlaşmalı olmuşuq. Uşaqlığım, ilk gənclik illərim həmin kənddə keçib. Orada qədim türk qəbirlərini də öz gözlərimlə görmüşəm”, — deyə, Bayram müəllim bildirir.
O, azərbaycanlıların öz yurduna çox bağlı olduğunu, adət-ənənələrini tam yaşatdığını, Novruz kimi el bayramlarını böyük coşqu və təmtəraqla qeyd etdiyini, münbit torpaqlarda əkin-biçinlə, heyvandarlıqla məşğul olub, halal zəhmətinin bəhrəsini daddığını çox yaxşı xatırlayır. 400 azərbaycanlı ailəsinin yaşadığı kəndə sonradan tədricən köçürülən, ötən əsrin 80-ci illərində sayı sadəcə 40-a yaxın olan erməni ailələrinin kini-nifrəti də yaddaşına silinməz izlərlə yazılıb.
“O vaxt bütün idarələrin, tibb və təhsil müəssisələrinin rəhbərliyinə erməniləri gətirirdilər, azərbaycanlılara aman vermirdilər. Bizi öz doğma yurdumuzdan sıxışdırıb çıxarmaq üçün təzyiq göstərirdilər. Xatirimdədir, 7-ci sinifdə oxuyarkən məktəbimizdə uşaq yaradıcılıq birliyinə ərizə ilə müraciət etdim ki, dama idman növünə marağım olduğu üçün məni dərnəyə yazsınlar. Dərnəyin erməni rəhbəri yer olmadığını bəhanə gətirərək üzv olmağıma imkan vermədi. Komsomol yığıncağında bu məsələyə etirazımı bildirdim, mənə “milli-ayrı-seçkilik salırsan” deyib, töhmət verdilər. Halbuki, məktəbimizdə oxuyan 350-dən çox şagirddən cəmi 10 faizi erməni idi. Onlar da üzv olmaq istədiyim dərnəkdə şagirdlərin 90 faizini təşkil edirdi. Valideynlərinin “Türklər bizim düşmənimizdir, harada türk görsəniz öldürün, öldürə bilməsəniz qorxudun” təbliğatına məruz qalan erməni uşaqları hər fürsətdə bizi tək yaxalayıb, döyməyə cəhd göstərirdilər, ancaq nail ola bilmirdilər. Bir dəfə az qalmışdı ki, mən də onların hücumuna məruz qalım. Məni tək yaxaladıqlarından ürəklənib, “Sən düşmənsən, səni öldürəcəyik” deyən, üzərimə gələn ermənilərdən birinin üzünə bir zərbə endirdim, burnundan açılan qanı görən digər ermənilər qaçmağa başladılar. Onda başa düşdüm ki, “erməni qan gördü” deyimi niyə yaranıb, bu deyim qorxaqlıq əlaməti kimi işlədilir”, — deyə, Bayram müəllim o günləri xatırlayır.
Alim deyir ki, ermənilərin azərbaycanlıların işlə təminatına maneələr yaratması səbəbindən ali təhsilini Azərbaycanda alıb, burada qalıb işləməyə məcbur olub. Buna baxmayaraq, 1988-ci ilədək doğma yurddan ayağını kəsməyib. Ermənilər həmin il deportasiya siyasətini ilk olaraq Qərbi Azərbaycanda strateji ərazidə yerləşən, aqrar sahə üçün ən yararlı, münbit torpaqlara malik Vedi rayonundan başlayıblar.
“Erməni şovinistləri Xalisaya hücum edib, vəhşiliklər, talanlar törətdilər. İnsanların evlərinə soxularaq, üzərlərindəki qızıl-zinət əşyalarını, pullarını zorla alıb, özlərini döyürdülər. Mahalımızda hər kəsin hörmət etdiyi Hüseyn müəllim var idi, onu döyə-döyə öldürmüşdülər. Qoca, qadın, uşaq demədən, azərbaycanlıları məktəbin meydanına yığıb, orada yandırmaq istəyiblər. Sonra da insanları yük maşınlarına doldurub, Azərbaycana, Naxçıvan ərazisinə yola salıblar. Oradan hərə bir yerə dağılıb”, — deyə, Bayram Apoyev bildirir.
Bu gün Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının reallaşması üçün məqsədyönlü iş aparıldığını deyən müsahibim əmindir ki, gün gələcək, vedililər qəribsəmiş yurd yerlərinə mütləq dönəcəklər, çünki Oğuz yurdu əsl sahiblərini gözləyir.
araz.az xəbər portalı.