Bərgüşadlı Ələddin Abdullayev Ali Məhkəmənin və Məhkəmə — Hüquq Şurasının sədri İnam Kərimovdan istəyi nədir?

İndi ölkədə hər addımda hər cür haqsızlıqla üzləşirsən. Vəzifəsindən asılı olmayaraq, əksər məmurlar nə istəyirlər, onu etməkdən çəkinmirlər. Ən ağrılısı odur ki, haqq-ədalətin müdafiəçisi kimi qəbul etdiyimiz hakimlər barəsində gündən-günə artan şikayətlərin, ictimai qınaqların sayı-hesabı bilinmir. Məhkəmə — Hüquq Şurasının son vaxtlar nəinki vəkillərin, hətta hakimlərin barəsində qəbul etdiyi qərarlar da, deyilənlərin sübutudur.

Bu barədə “Araz” Media Qrupunun tərkibindəki araz.az xəbər portalı adına ünvanlanan şikayətlər də həddən artıqdır. Şikayətçilər son ümid yeri olaraq, mətbuatdan kömək umurlar. Deyirlər ki, döymədikləri məmur qapısı qalmayıb. Hara üz tutublar, “əlləri ətəklərindən aşağı geri dönüblər”.

Ucar rayonundakı Bərgüşad kəndinin sakini Ələddin Yasin oğlu Abdullayev də belələrindəndir. Şikayət xarakterli Müraciətini mətbuatın Məhkəmə — Hüquq Şurasının sədri İnam Kərimovun diqqətinə çatdıracağına ümidlidir. Onun da şikayəti hakimdəndir. Yazır ki, Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilovun onun başına gətirdiklərini Allah heç kimə göstərməsin!

“Hörmətli sədr!

Məcburiyyətdən, mətbuat vasitəsi ilə, bu Müraciətimi Sizə ünvanlayıram. Bildirmək istəyirəm ki, Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz əməllərlə məşğul olur. Elə,  mənim də başıma oyun açmaqdan çəkinmir. Üç ilə yaxındır ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ucar rayonundakı Bərgüşad kəndində yerləşən və özümə məxsus 1200,05 kvadratmetr həyətyanı və 799 kavadratmetr kənd təsərrüfatı təyinatlı şəxsi torpaq sahələrinə hasar çəkilməsinə qərəzçiliklə maneə olanların qarşısını almaqda mənə qanun çərçivəsində köməklik göstərilməsi, cavabdehlər Rəsulova Xanım Alı qızına, Rəsulova Şəfəq Faxrəddin qızına, Abdullayeva Nəzakət Yasin qızına və Əhədova (Abdullayeva) Tahirə Yasin qızına bunun qadağan olunması və onlar tərəfindən həmin hasarı çəkməyim üçün yaradılan maneənin aradan qaldırılması barədə Qətnamə qəbul edilməsini xahiş etmişəm. Lakin hakim Hilal Xəlilov yekun qərar vermək istəmir, müxtəlif bəhanələrlə məni süründürməçiliyə salmaqla, canımı boğazıma yığır. Artıq, hər şeydən bezmişəm. Nə edəcəyimi bilmirəm. Evdə doğmalarımın, çöldə  yaxın-tanışlarımın haqlı qınaqları ilə üz-üzəyəm.

Cənab sədr!

Mən bu ilin iyul ayında da, Sizə mətbuat vasitəsi ilə müraciət etmişdim.  Müraciətimin saytda dərcinin səhərisi günü hakim Hilal Xəlilov bir gün ərzində tələm-tələsik məhkəmə ekspertizası təyin etdi. Ekspert tərəfindən ərazidə ekspertiza keçirildi. Artıq ekspertizanın keçirilməsindən üç ay keçib. Lakin bu müddət ərzində dəfələrlə Ucar Rayon Məhkəməsinə müraciət etsəm də, məhkəmə iclasının vaxtının təyin olunması hakim tərəfindən uzadılır. Hakimin köməkçisi yalandan mənə deyir ki, təsdiq edilməsi üçün, ekspert rəyi paytaxt Bakıya, Ədliyyə Nazirliyinə göndərilib. Onu təsdiq edəcək məsul şəxs isə, guya, xəstələnib, işə çıxmır. Ekspertizanın rəyi nə vaxt təsdiq olunub məhkəməyə qayıtsa, o zaman məhkəmə iclasının vaxtı təyin olunacaq.

Ötən müddət ərzində mənə məlum olub ki, qərəzçi cavabdehlər Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilova rüşvət veriblər. Bu rüşvət müqabilində hakim yekun qərarı vermək istəmir. Ona görə də, müxtəlif bəhanələrlə bu məhkəmə işini yubadaraq, gecikdirir. Fikirləşir ki, artıq mən ahıl yaşdayam. Həyatdan gedəcəyim günə az qalıb. Ölənə kimi, məhkəmənin yekun qərar verməsini uzadacaq. Açıq-aydın görünür ki, hakim bunu rüşvət müqabilində edir. Bu, Hilal Xəlilov tərəfindən mənə qarşı törədilən hakim saxtakarlığı, özbaşınalıq və korrupsiya əməlidir!

Bir də ki, hakim mənim iddiamı rədd edə bilmir. Ona görə ki, əlimdə kifayət qədər konkret subutlarım var. Belə ki, 2017-ci ildə mən eyni iddia tələb ilə Ucar Rayon Məhkəməsinə müraciət etmişəm. Ucar Rayon Məhkəməsinin 2(063) -60/2018 saylı, 03 iyul, 2018-ci il tarixli Qətnaməsi ilə mənim iddia tələbim təmin edilib. Hal-hazırdakı məhkəmə mübahisəsində göstərilən predmet eynidir. Yəni, eyni torpaq sahələridir. Yalnız cavabdehlər fərqli adamlardır. O zaman cavabdeh başqa birisiydi. Yəni, hazırkı cavabdehlərin doğması ortada idi. Birinin atası, o birinin əri və digərinin qardaşıydı. İndi, o, dünyasını dəyişib. Hal-hazırda hakim Hilal Xəlilov məhkəmə iclası keçirsə, məcburdu ki, mənim iddia tələbimi təmin etsin. Ona görə də, məhkəmə iclasını keçirməyi müxtəlif bəhanələrlə yubadır. Bir daha tam əminliklə deyirəm ki, o, rüşvət aldığına görə belə edir. Rüşvətxor Hilal Xəlilov məhkəmənin hakimi kimi yox, az qala cavabdehlərin vəkili kimi çıxış edir. Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilovun bu hərəkəti ədalət simvolu olan hakim üçün bir biabırçılıqdır!” — şikayətçi Müraciətində deyilir.

 

 

 

Açıq-aydın görünür ki, şikayətçinin Məhkəmə — Hüquq Şurasının sədrindən tələb xarakterli bircə xahişi var. Qəti şəkildə onu deyir ki, yüzlərlə belə biabırçılıqları aradan qaldırmaq üçün, hələ məhkəmə sədri olaraq barəsində heç nə demədiyi, lakin hakim kimi törətdiyi bəd əməllərinə görə, Hilal Xəlilov qanun çərçivəsində cəzalandırılsın. Korrupsiya əməlləri ilə məşğul olan belə bir hakimin dərhal tutduğu vəzifədən azad edilməsi və barəsində cinayət işinin başlanması mütləqdir: “Mən, məhz buna görə də, mətbuat vasitəsi ilə Sizə müraciət etməyə qərar verdim. Hakimin biabırçı əməllərinin qarşısını almaq üçün, əlac yalnız budur”.

Fərhad MƏMMƏDOV,

araz.az xəbər portalı.