metro030818_02.jpgƏgər yadınızdadırsa, Yelin adına hafizələrimizdə əbədiləşmiş Novruz çərşənbəsi günü böyük təhlükəylə üz-üzə qalan paytaxt metrosunun daha bir pis gününü yaşadığı haqda araz.az. saytında, eləcə də digər informasiya resurslarında yazı dərc olundu. Bayram çərşənbəsi günü metroda baş vermiş qorxulu qəzanın şahidi olan metropolitençinin həyəcan dolu sözləri və çəkdiyi foto-şəkillər əsasında qələmə aldığımız həmin məqalədə (həmin yazının linki: http://arazpress.com/index.php/hadis/5861-yel-dz-rs-nb-sind-baki-metrosunda-gorkhundz-g-za-sahid-h-y-dzani — red.) xüsusi olaraq vurğulanırdı ki, depoda baş verən həmin təhlükənin üzləşdirdiyi böyük faciədən ölkənin strateji əhəmiyyətli bu iri obyektini Böyük Allah qoruyub.

“Nərimanov” stansiyasında sərnişinlər düşəndən dəqiqə keçməmiş, qatarı depoda baxışa aparan maşinist əsl təhlükəylə üz-üzə qalıb. Baxış nöqtəsinə çatmağa xeyli qalmış depo ərazisində dəhşət yaşanıb. Qatarı hərəkətə gətirən “başmaq” deyilən nasaz qurğu yerindən qoparaq, yüksək gərginlikli təmas relsinə dəyib. 825 volt gərginlikli həmin təmas nöqtəsi ərazisində darmadağınla müşayiət olunan qorxunc mənzərə yaranıb. Yaxşı kı, bu hal yolda, yəni hansısa stansiyanın birində olmayıb. Yoxsa, belə bir gərginlik qatarda olan sərnişinlərin hamsını külə döndərərdi.
Ümumiyyətlə, bu, metroda dəhşətli hesab edilən hadisələrdəndir. Son illər belə hallarla daha çox üzləşsək də, bunlar, rəhbərlikdə oturan heç kəsi narahat etmir. Sadəcə, belə qəzalar haqqında ətraf xəbər tutmasın deyə, baş verənləri gizlətmək üçün, hər cür iyrənc vasitələrə əl atırlar. Ancaq başa düşmək istəmirlər ki, belə qorxunc hadisələrin qarşısını almağın yeganə yolu odur ki, metro üçün xaricdən mal-material alanda, keyfiyyətin yüksəkliyinə vicdanları ilə zamin dursunlar.
Bəli, bu zaman vicdan əsas şərt olmalıdır. Axı, metro üçün xaricdən nə alındığı barədə kim nə bilir?! Təəssüf ki, bizdə bu prosesi həyata keçirənlər bu vacib insani hisslərdən məhrumdurlar. Belə olmasaydı, belə qorxuları da tez-tez yaşamazdıq. Metropolitenin bu sahəyə məsul vəzifə sahiblərinin bundan da şəxsi mənafe naminə yararlanıb, istədiklərini etmələri təəssüf doğurur. Onların cinayət qoxuyan belə əməllərinin qarşısını alan, metronun bu bəlasına əncam çəkən isə, tapılmır ki, tapılmır!
Çəkdiyim şəkillər də, həmin qəza zamanı yaşadığım dəhşətin bir səhnəsidir. Baxanda, deyilənlər hər kəsə aydın olur…” — onda, həyəcanını əməkdaşımızla belə bölüşən, qorxunun gətirdiyi təlaşdan dili hələ də topuq vuran şikayətçi, metropoliten rəhbərliyinə qarşı ittihamlar yağdırmaqla hirsini soyuda bilmirdi.
İllərdi işlədiyi və özünə doğma sandığı bu müəssisənin təhlükə ilə üz-üzə qaldığını deyən təcrübəli metropolitençinin sözlərinə görə, son illər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində işə qəbulda təcrübə və peşəkarlıq nəzərə alınmadığından, işi ustalıq və ehtiyat tələb edən bu iri müəssisə belə qəzalarla tez-tez üzləşir:
“Bu kimi ciddi problemlərlə bağlı müvafiq dövlət qurumlarına müraciət edib, kömək ala bilməyincə, belə məsələləri ictimailəşdirmək qərarına gəlmişik; Bəlkə, ictimai qınaqdan sonra üzləşdiyimiz təhlükələrdən xilas ola bildik! Yoxsa, böyük faciələrlə üz-üzə qalarıq. Axı, ölüm insanın alnına bir dəfə yazılır, göz yumulub, açılınca həyat bütün varlıqlar üçün bitir. Metropoliten rəhbərliyi isə, yaddan çıxarır ki, hər bir maşinist kabinasının arxasında minlərlə insan taleyi durur. Qatarların və sərnişinlərin təhlükəsizliyini təmin etmədən, iş rejimini getdikcə daha da gərginləşdirən metropoliten rəhbərliyi anlamaq istəmir ki, gecə yuxusuz qalmış maşinistlərin sərnişinləri mənzil başına təhlükəsiz çatdırması böyük riskdir.
Zədəli qatarlarla və digər nasaz avadanlıq-aparatlarla bağlı belə tükürpədici faktlar həddən-ziyadə çox olsa da, rəhbərlik bunların qarşısını almaq üçün yaxşı heç nə etmək istəmir. Sadəcə, baş verən belə qorxulu qəzaları ətrafdan gizlətməyə çalışırlar. Guya, bilmirlər ki, bunun axırı böyük faciələrdir. Hər dəfə belə təhlükələr yaşananda, bizi inanclı bayramlarımızın ilahi gücü qorumayacaq ki?!.”
Həmin dəhşətli hadisənin bu cür ictimailəşdirilməsi və kütləvi informasiya vasitələrinə ötürülməsi isə, metropoliten rəhbərliyini təşvişə salaraq, hirsləndirib. Bu barədə, etibarlı mənbədən araz.az-a ötürülən digər bir xəbərə görə, rəhbərlikdə təmsil olunanlar acıqlarını bu dəfə aprel ayının ilk iş günündə təşkil edilmiş ənənəvi aylıq planlaşdırma iclasında ortaya qoyublar. Hirslərini xoşlarına gəlməyən, burada baş verən qanunsuzluq və haqsızlıqlarla barışmayan təcrübəli metropolitençilərin üstlərinə töküblər. İclası aparan rəhbərlik əməkdaşları açıq-askar deyiblər ki, metroda baş verən neqativ halları və gizli saxlanılan bu cür dəhşətli hadisələri mətbuata ötürüb, ictimailəşdirənləri tezliklə tapacaq və tutduqları vəzifələrindən asılı olmayaraq, dərhal işdən qovacaqlar.

“Möhtərəm prezident İlham Əliyev cənablarının və birinci vitse-prezident Mehriban xanım Əliyevanın adına bir qrup maşinist adından yenə şikayət xarakterli müraciət yazmaq məcburiyyətində qaldıq. Axı, insanı nə qədər təhqir edib, alçaltmaq olar?! Biz, bu müraciətimizdə əsasən bu barədə yazmışıq. Xahiş etmişik ki, cənab prezident və ya Mehriban xanım bizi qəbul etsinlər. Dərd-sərimizi, ciddi olan problemlərimizi dinləsinlər.
Onsuz da, onlara və başqa dövlət qurumlarının rəhbərlərinə dəfələrlə müraciət edib, öz narahatçılığmızı bildirmişik. İndiyədək bizə cavab verən olmayıb. Buna görə də incidilir, təhqir və təhdidlərə məruz qalırıq. Aprel ayı planlaşdırma iclasında da, metropolitenin hərəkət qatarlarının istismarı üzrə iş departamentinin rəisi Akif Əhmədov, hərəkət qatarlarının təhlükəsizlik üzrə baş müfəttişi Elxan Məmmədov, hüquq şöbəsinin rəisi Adil Atakişiyev, kadrlar şöbəsinin rəisi Əli Əliyev… bizi işdən çıxarıb, başqa işə keçirəcəkləri hədə-qorxusuyla təhdid etdilər. Onlar dəhşətli adamlardır. Öz istədiklərini edirlər. İşçilərlə kobud rəftarları da qəbuledilməzdir. Buna etiraz əlamətli bir söz deyəndə isə, qorxub-cəkinmədən qışqır-bağır salırlar ki, hara şikayət etsək də, xeyri olmayacaq. Guya, onları bura Mehriban Əliyeva təyin edib, onlara heç kim bata bilməz.
Cənab prezidentə məktub yazanda da, hüquq şöbəsinin rəisi Adil Atakişiyev
bizi idarəyə cağırıb, xoşagəlməz sözlərlə hamımızı təhqir etdi. İşdən çıxaracağı hədə-qorxusuyla, bizi burada süründürəcəyini dedi. Elə də, elədi. Onda yuxusuz, yorğun gəlib, idarənin qabağında saatlarla dayandıq. Ordan da işə getdik. Əsəbdən başımıza nələr gəldi, bunu bir biz, bir də Allah bildi. Maşinistlər arasında bayılıb, özlərindən gedənlər oldu. Köməyə təcili yardım maşınları, həkimlər gəldi. Əlimizdə, bu barədə də, həkimlər tərəfindən yazılmış hər cür sənəd və faktlar var. Lazım gələndə, hər yerə təqdim edə bilirik. Nə olsun, bizi sayan, dərdimizi dinləyib, əlac edən tapılmır ki, tapılmır.
Onu da deyim ki, həmin müraciəti
müharibə veteranı, prezident təqaüdçüsü Asif Rzayev, müharibə veteranı Elşad Alıyev, 14 il metroda maşinist vəzifəsində işləyən Fikrət Şıxəliyev, 20 ilə yaxın eyni işdə calışan Zakir Səlimov, 10 ildir ki, maşinist olan Seymur Həmidli, metroda 38 illik iş stajına malik hərəkət qatarlarının təhlükəsizliyi müfəttişi Nazim Abdulayev və başqaları imzalayıblar. “Bıçaq sümüyə dirənəndə” özgə nə etmək olardı ki?!.”.

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.