Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin parlament seçkilərindən sonra göz önündə olmaması diqqət çəkib. Sosial şəbəkələrdə onun siyasətdən uzaqlaşmasına dair məlumatlar da yayılır.
araz.az bildirir ki, globalinfo.az-a danışan partiya sədri hazırda xaricdə olduğunu qeyd edib. O, siyasətdən getməyəcəyini açıqlayıb:
“Siyasətdən uzaqlaşmamışam, uzaqlaşmaq niyyətində də deyiləm. Hazırda səhhətimlə bağlı xaricdə müalicə alıram. Hafiz Hacıyev siyasətə hələ yeni başlayır. Parlamentdə 4-5 nəfərin hərəkətini, bəzilərinin ilk iclasda yatdığını gördükdən sonra daha da möhkəmləndim. Siyasətdən kim gedir, kim qalır deyə bilmərəm. Amma mən heç yerə getmirəm, əksinə, partiyada işlərimizi möhkəmləndiririk”.
Hafiz Hacıyev bəzi deputatları xəyanətdə ittiham edib:
“Baxıram ki, bir neçə deputat iclas zamanı yatıb. Millət vəkilinin iclasda yatması ölkə başçısına xəyanətdir, xalqa qarşı hörmətsizlikdir. Bəzi satqınları, yuxuya dalanları gördükdən sonra niyə siyasətdən getməliyəm? Mən dövlətçiliyi müdafiə edən bir insanam. Geri çəkilmək niyyətimiz də yoxdur. Hətta onu da deyim ki, keçmişdə olan söyüşlərin, davaların üstündən xətt də çəkmişik. Axıra qədər sağlam, halal mübarizəmizə davam edəcəyik”.
Qeyd edək ki, Hafiz Hacıyev 1 sentyabrda keçirilən növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlamışdı. Lakin daha sonra namizədliyini irəli sürməyəcəyini açıqladı.
araz.az xəbər portalı.