Doğrudan da, rüşvət amansız olur. Geci-tezi var, aldığına görə, başına bəlalar gəlməli, haram pul hesabına yediklərini geri qaytarmalısan. Bu da, rüşvətin ağlagəlməz daha bir qurbanı: Aldığına görə, Məhəmməd İsaqov da saxlanılıb. Dünən axşam saatlarında araz.az-a daxil olan məlumata görə, Rusiyada İstintaq Komitəsi Dağıstanın İzberbaş şəhərinin meri Məhəmməd İsaqovun saxlanıldığını açıqlayıb.
Həmin xəbərdə deyilir ki, ona qarşı xüsusilə külli miqdarda rüşvət almaqla bağlı (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi) cinayət işi açılıb.
İstintaqın məlumatına görə, 2019-cu ildə mer 3,9 milyon rubl rüşvət alıb. Belə ki, İsaqova İzberbaşda ev tikmək üçün icazənin ləğvinə görə pul verilib. Hüquq-mühafizə orqanlarından Rusiyanın nüfuzlu xəbər portalı RİA-ya verilən məlumata görə, axtarışlar onun evində, həmçinin İzberbaş administrasiyasında aparılır.
Xatırladaq ki, Məhəmməd İsaqov 2019-cu ilin oktyabrında İzberbaşın rəhbəri seçilib. 2018-ci ilin dekabr ayından müvəqqəti olaraq səlahiyyətləri icra edirdi. Onu da qeyd edək ki, türməyə salınan mer adıçəkilən regionda sıradan bir şəxs olmayıb. Onun milyarder və milyonerlərlə, üstəlik nüfuzlu siyasət adamları ilə yaxın əlaqələrinin olduğu deyilir. Belə birisinin həbsi heç kəsə inandırıcı görünmür.
Səməndər QURBANOV,
araz.az xəbər portalı.