Bu gün ölkəmizdə ən çox məhkəmə predmeti olan problemlərdən biri də, vərəsəliklə bağlı məsələlərdir.
Vərəsəlik mülki hüququn ən mürəkkəb institutlarından biri olaraq bütün dövrlərdə olduğu kimi, bu gün də öz aktuallığını saxlamaqdadır. Əgər əvvəllər vərəsəlik valideynlərin sağlığında ailə daxilində öz həllini tapırdısa, hal-hazırda isə daha çox məhkəmə müstəvisində həllini tapır.
Çox zaman vərəsəliyin özəlliyindən xəbərsiz olan şəxslər, məhz onlara verilmiş hüquqlarından lazımınca istifadə edə bilmirlər. Artıq inkişaf etmiş ölkələrin əksəriyyətində belə bir problem çoxdan həllini tapıb. Onu da bildirək ki, hər kəs müxtəlif dövlət aktları və ya vərəsəlik hüququ əsasında müxtəlif əmlaklara sahib ola bilərlər və vəfat etmiş şəxslərdən miras qalmış əmlakın, məhz onların vərəsələrinin adına rəsmiləşdirilməsi vərəsəlik hüquq normaları ilə nizamlanır.
Bütün bunlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsi ilə tənzimlənir və vərəsəlik qanun üzrə, həmçinin vəsiyyət üzrə həyata keçirilir.
-Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilərlər.
– Vəsiyyətnamə üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın vəfat etdiyi anda sağ olan şəxslər, eləcə də o, sağ olduğu zaman döl şəklində yaranmış və vəfatından sonra doğulmuş (onların onun övladları olub-olmadığına baxmayaraq) şəxslər, eləcə də hüquqi şəxslər ola bilərlər.
Bugünlərdə Gündemxeber.az saytının redaksiyasına müraciət edən və babasından qalmış mirasın qanuni vərəsəsi olan, həmçinin bir çox problemlərlə üz-üzə qalan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə-192, mən-50 ünvanda yaşayan Məmmədov Asif Hüseynağa oğlu bildirir ki, “Mənim babam Seyidağa Məmmədov 19-cu əsrdə yaşayıb və onun Sabunçu rayonunun Bilgəh qəsəbəsində hektarlarla bağ və əkin sahələri olub. Onu da qeyd edim ki, babam yaşadığı illər ərzində dövrünün tanınmış seyidi və hörmət-izzəti sahibi olan şəxslərindən biri olub.
Bundan əlavə, atamın babası Hacı Mustafa Rəsulovun da Bilgəh qəsəbəsində bağ və əkin sahələri olub. Məsələn, onun sahib olduğu sahələrdən birində, bu gün Bilgəh qəsəbəsindəki 28 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Stasionar bölməsi fəaliyyət göstərməkdədir. O, yaşadığı illər ərzində həmin yerdə lazımi şəraiti olan üçmərtəbəli yaşayış evi inşa etdirir və atam Hüseynağa Məmmədov 1929-cu ildə həmin evdə anadan olur. Təqribən 8-10 yaşına kimi də həmin evdə yaşayır.
Hal-hazırda həmin tikili bir qədər yarasız vəziyyətə düşsə də, o 19-cu əsrə aid memarlıq abidəsi olaraq qorunub saxlanılır. Ərazi dəniz sahillərinə yaxın və havası təmiz olduğundan, hələ sövet dönəmində bu sahədə kardioloji mərkəz fəaliyyət göstərirdi. Bu gün isə həmin yerdə, yuxarıda qeyd etdiyim kimi 28 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Stasionar bölməsi fəaliyyət göstərməkdədir.
Əlavə olaraq onu da bildirim ki, babam Seyidağa Məmmədov Bilgəh qəsəbəsinin mərkəzi hissəsində şəxsi vəsaiti hesabına məscid və hamam da inşa etdirir. Bu gün həmin məscid “Seyidağa məscidi” adlanır və belə bir ad adı altında da fəaliyyət göstərir. Hal-hazırda məscid ətraf ərazidə yaşayan qəsəbə sakinlərinin ixtiyarına verilib və hər kəs namaz qılmaq üçün ora üz tutur. Buna baxmayaraq, məscidin yerləşdiyi ərazidə babamdan bizə miras qalmış torpaq sahələri bəzi şəxslər tərəfindən zəbt olunub və həmin yerlərdə müəyyən qədər tikinti işləri həyata keçirilib. Xoşagəlməz halın varlığı odur ki, tikinti işi aparan şəxs bizə məxsus torpaq sahəsini zəbt etdikdən sonra, özü üçün yol da açıb.
Daha xoşagəlməz halın varlığı isə, babamın adını daşıyan məsciddən bir qədər aralı məsafədə yerləşən və vaxtilə onun öz şəxsi vəsaiti hesabına inşa etdirdiyi hamamın yararsız hala düşməsi, həmçinin hamamın ətraf ərazisində ondan bizə miras qalmış torpaq sahəsinin kənar şəxslər tərəfindən ələ keçirilməsidir. Düzdür, mən hal-hazırda ailəlikcə Yasamal rayonu ərazisində yaşayıram. Onu da bildirim ki, təqribən 3-4 ay bundan öncə belə bir xəbər əldə edə bildik ki, hansısa şəxs babamdan bizə miras qalmış torpaq sahəsində qanunsuz tikinti işləri aparır. Elə ki, həmin şəxsin kimliyini müəyyən etməyə çalışdıq, o halda o, sanki “qeybə çəkildi” və həmin şəxsi heç cür tapa bilmədik. Bu haqda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsinə və ərazinin sahə müvəkkilinə məlumat vermək istəyindəyəm.
Düşündürücü hallardan biri də, vaxtilə babam Seyidağa Məmmədovun şəxsi vəsaiti hesabına inşa etdirdiyi və qəsəbə sakinlərinin istifadə etdikləri hamamın iç hissəsinin və həndəvərinin zibillik ünvanına çevrilməsidir. Onu da qeyd edim ki, illər öncə biz ailəlikcə yay aylarında orada qalırdıq və bunu qəsəbə sakinlərinin əksəriyyəti də təsdiq edə bilərlər. Bu gün isə, həmin yerlərin xoşagəlməz durumda olması məni olduqca incidir. Yəni, hamanı içi və həndəvəri ətraf ərazidə yaşayan qəsəbə sakinlərinin tulladıqları zibillərlə o qədər əhatə olunub ki, ümumi vəziyyəti görən hər kəs sanki dəhşətə gəlir.
Ona görə də, istəyim ondan ibarətdir ki, aidiyyəti qurumlar belə bir qanunsuzluqların qarşısını alsınlar. Axı, həmin yerlər bizə babamız Seyidağa Məmmədovdan miras qalıb və biz onun qanuni vərəsələriyik. Bütün bunlarla bağlı şəxsən mənə 31 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin direktoru A.Ə.Məmədovun və adı çəkilən qurumun sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri S.T.Oleykinovanın imzalayıb təsdiq etdikləri arxiv arayışı verilib. Yəni, təsdiq olunub verilmiş arayışda qeyd olunub ki, “Dövlət Tarix Arxivinin “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Bilgəh kəndi üzrə istifadələrində həyətbaşı miras qalmış nadel torpaq sahələri olan kənd sakinlərinin 29 aprel 1917-ci ilə dair siyahılardan məlum olur ki, Seyid Ağa Məmmədovun Bilgəh kəndində sahəsi 1 desyatin 1200 kvm stajına bərabər olan bağ sahəsi, 8 desyatinə bərabər olan əkin sahəsi olmuşdur”.
Bəli, bütün bunlar da onu söyləməyə əsas verir ki, babamız Seyid Ağa Məmmədova məxsus olmuş əkin və bağ sahələri üzərində miras hüququmuz tam bərpa olunmalı və bu yöndə əmələ gələn problemlər də hüquqi yollarla aradan qaldırılmalıdır”. Belə bir problemlərlə bağlı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsi Sadiq İbrahimovun mövqeyini öyrəndikdə, adı çəkilən vəzifə sahibi bizə bildirdi ki, “Mən 2016-cı ildən qəsəbə üzrə icra nümayəndəsi vəzifəsinə təyin olunmuşam və Asif Məmmədovun babası Seyid Ağa Məmmədovun şəxsi vəsaiti hesabına inşa etdirdiyi hamamın yaxınlığında aparılmış tikinti işlərini, məhz vəzifəmin icrasına başladığım vaxtlarda da görmüşəm.
Yəni, onu demək istəyirəm ki, iddia olunan qanunsuz tikinti işləri mənim təyinatımdan əvvəl aparıldığından, onun kim və yaxud da kimlər tərəfindən tikilməsi ilə bağlı heç bir məlumatım yoxdur. Yaxşı olar ki, Asif Məmmədovun özü bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətini ünvanlasın və aparılan araşdırmalardan sonra, yəqin ki, həmin şəxsin kimliyi müəyyən olunacaq”.
Mövzu diqqətimizdədir. Araşdırmamız davam edəcək.
GundemXeber.Az
araz.az xəbər portalı.