“Bizim bir şüarımız olmalıdır – Hamımız Qərbi Azərbaycanlıyıq. Biz doğma torpaqlara qayıdıb, soydaşlarımızın haqqını beynəlxalq müstəvidə qorumalıyıq”.
araz.az xəbər verir ki, bu fikirləri bir-neçə gündür Aşıq Ələsgərin heykəlinin və ustad sənətkarın özünün ətrafında fırtına qopardan bədniyyətli insanlara cavab olaraq Milli Məclisin deputatı Arzuxan Əlizadə səsləndirib. Daha doğrusu, AMİP sədri Azərbaycan Prezidenti İlham Əliyevin Aşıq Ələsgərin abidəsinin açılış mərasimində Qərbi Azərbaycanla bağlı səsləndirdiyi fikirləri qaynarinfo-nun əməkdaşı Rüfət Sultana şərh edərkən deyib. Belə bir həssas məqamda fərqli nüanslara malik həmin açıqlamanı araz.az da öz dəyərli oxucularının diqqətinə çatdırmağı lazım bilib.
Xatırladaq ki, deputat öncə onu bildirib ki, son əsr ərzində Qərbi Azərbaycandan 1 milyondan artıq soydaşımız deportasiya olunaraq, soyqırıma məruz qalıblar:
“Son belə deportasiya hadisəsi 1988-ci ildə baş verib. Nəticədə tarixi torpaqlarımızda bir nəfər də soydaşımız qalmayıb. Ermənilər etnik təmizləmə siyasətini 1988-ci ildə başa çatdırıb. Halbuki qondarma erməni dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. 1918-ci ildə yaranan o zamankı erməni dövləti cəmi 9 min kvadrat kilometrə malik olub. Sovetlər dönəmində isə Azərbaycan ərazisinin 20 min kvadrat kilometri heç bir beynəlxalq hüquqa əsaslanmayan qərarlarla ermənilərə verilib. Onun hesabına ermənilər hazırda 29 min kv/km əraziyə malikdir. Həmin ərazilərin böyük əksəriyyətində yaşayış da yoxdur. Çünki ermənilər qurucu xalq deyil. Bunu Qarabağın işğalı dövründə də gördük. İşğal etdikləri əraziləri faktiki olaraq viran qoymuşdular. Qərbi Azərbaycan ərazilərinin də böyük əksəriyyəti dağıdılmış vəziyyətdədir, məskunlaşdırılmayıb”.
araz.az xəbər portalı.