Bu da, ölkədə yaranan daha bir ciddi problem. Problemlə əlaqədar, narahat sakinlərin döymədikləri qapı qalmayıb. Vətəndaşlar daha çox Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Hüquq –Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun, Respublikanın Baş prokuroru Kamran Əliyevin, ölkənin
daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun adlarına şikayət xarakterli yüzlərlə müraciət ünvanlayırlar. Çünki şikayətləri daha çox, bu problemi aradan qaldırmaq istəməyən hüquq-mühafizə orqanlarının əməkdaşlarındandır.
Şikayətçilər son ümid yeri olaraq, mətbuata üz tuturlar. Bu problemlə üzləşən bəzi vətəndaşlar başlarına gətirilənlərlə bağlı araz.az-a da yazırlar. Problemin ictimailəşməsi də, günahkarların veclərinə deyil. Eynən, yeni tikilən evlərdə bir mənzilin bir-neçəsinə satılması kimidir. Amma bu problemin kökündə evlər yox, şəxsi avtomobillər durur. Sahibinə beh verərək, aldadıb, ələ keçirdikləri şəxsi maşınları saxtakarlıq yoluyla onun-bunun adına keçirirlər. Beləcə, maşın sahiblərinin başlarına oyun açılır.
Bunu elə-belədən demirik. Çünki belə bir hadisəyə özümüz şahidlik etmişik. Məcburiyyətdən, bu istiqamətdə jurnalist araşdırmaları aparmaq qərarına gəlmişik. Artıq, nələrin üstünü açmamışıq. Bizə də məlum olub ki, maşın dələduzlarına bu iyrənc işlərində ruh verənlər nəinki polis və prokurorluq orqanları əməkdaşları, hətta haqq-ədalət carçıları kimi qəbul etdiyimiz hakimlərdir.
Dediklərimizin təsdiqi olaraq, şahidi olduğumuz həmin hadisənin bəzi epizodlarını ictimaiyyətin də diqqətinə çatdırır və qeyd etmək istəyirik ki, maşın dələduzlarının belə bir dəstəsi tərəfindən, son 8 ay ərzində bir hərbi əlilin və onun oğlunun başlarına gətirilənlər onları çətin duruma salıb. Səid Dadaş oğlu Dadaşov atası Dadaş Dadaşovla, həmçinin qardaşı Fəridlə, eləcə də, belə işlərin mahir ustası olan və buna görə “ad çıxararaq, məşhurlaşan” Fuad Şamil oğlu Şərbətovla birlikdə onların BMV markalı bahalı maşınlarını dələduzluq və fırıldaq yolu ilə ələ keçiriblər. 28 min manat dəyərində olan maşını əvvəlcədən 10 min “beh” verməklə, yalan vədlərlə öz adlarına keçiriblər. Amma verdikləri vədlərinə əməl etməyərək, hər dəfə onlara kələk gəliblər.
Şəkildə gördüyünüz Səid Dadaşov, hətta atasını və anasını belə onların üstünə göndərib. Beləcə, maşın sahiblərinə hədə-qorxu gələrək, başlarına oyun açacaqlarını deyiblər. Atası, hətta əvvəlcə belə deyib ki, oğluna daha iki-üç ay vaxt verməsələr, heç qalan borcu da qaytarmayacaqlar. Guya, nazirlikdə və prokurorluq orqanlarında, hətta Prezident Aparatında adamları var, buna görə, halal pullarını onlardan ala bilməyəcəklər.
Məcburiyyətdən, maşın sahibləri tərəfindən əlaqədar dövlət qurumlarına şikayət xarakterli müraciətlər ünvanlanıb. Nəhayət, özünə məxsus olmayan maşınları satmaq məqsədi ilə, “beh” verərək ələ keçirən dələduz tutulub. Məlum olub ki, onun belə bir-neçə cinayət işi olub. Digər dələduz dəstələri ilə çoxdan əlbirdir və bu yolla çox sayda bahalı avtomobillər ələ keçiriblər.
Dələduz bu dəfə də, bir müddət Kürdaxanı İstintaq Təcridxanasında saxlanılıb. Barəsində, — belə işlərdə qatı cinayətkar və peşəkar fırıldaqçı kimi, — Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələrini rəhbər tutaraq, müstəntiq cinayət işi də qaldırıb. Bu dələduzluq əməlinin təhqiqat və istintaq işi əvvəlcə rayon, hazırda isə, Abşeron rayon polis idarələrində aparılıb. Bu günlərdə işi aparan Abşeron Rayon Polis İdarəsinin müstəntiqi onları üzləşmə üçün paytaxt Bakıya dəvət edib. Polis İdarəsində onlara, hətta müstəntiqə belə məlum olub ki, rayon məhkəməsinin hakimi və prokuroru dələduzu türmədən buraxdırıblar. Bu, əsl biabırçılıq, qanunlarımıza hörmətsizlikdir.
Axı, bu necə ola bilər ki, istintaqı gedən bir cinayətkar, işi aparan müstəntiqin xəbəri olmadan aç-burax edilsin. Müstəntiq cinayətkarı üzləşməyə dəvət etsə də, atası və özü ona qarşı çıxıblar, sözünü saya salıb, bundan imtina ediblər. Açıq-aşkar deyiblər ki, məhkəməyə və prokurora rüşvət veriblər. Onlarla bacarmayacaqlar. Arxalarında yüksək səlahiyyət sahibi məmurlar dayanırlar. Elə, buna görə də, cinayətkar onlarla belə iş görə bilib və indiyədək xətrinə dəyən tapılmayıb.
Maşın sahibləri artıq pis durumdadırlar. Xahiş edirlər ki, belə bir çətin işdə ölkənin hüquq-mühafizə orqanları onlara kömək etsin, dələduz haqqında qanun çərçivəsində ölçü götürülməsinə onlar tərəfindən ciddi göstərişlər verilsin! Əks halda, onlar batan pullarını rayon prokurorundan və məhkəmə hakimindən tələb edəcəklərinə qərar veriblər.
Araşdırmalarımızı davam etdirdiyimiz üçün, yazını hələlik nöqtələyirik. Saytımızı izləməyi unutmayın, çünki araşdırma yazısının dələduzlar tərəfindən aldadılan çoxlarına xeyri dəyə bilər.
Məhi ELSEVƏR,
araz.az xəbər portalı.