Ötən yazıda da qeyd etdiyimiz kimi, ölkəmizdə narkomaniyanın sürətlə genişlənməsi mövzusuna toxunan müsahiblər bunun ilk növbədə ölkə əhalisinə qarşı genosid olduğunu bildirirlər. Mütəxəssis rəyləri də narkomaniyanın xalqımızın qəsdinə durmuş “silah” olduğuna diqqət çəkirlər. Təsadüfi deyil ki, narkotik istifadə edən gənclər öz sağlamlıqlarını itirməklə yanaşı, gələcəkdə onların bir çoxunun nəsilartırma qabiliyyəti olmur.
Əslində, bu nüansı dəqiqləşdirmək üçün istifadəyə son qoymuş keçmiş narkotik aludəçilərinin statsitikasını araşdırmaq yerinə düşər. Hərçənd, narkotikin uzunmüddətli tərgidilməsindən sonra sağlamlığın bərpa olunduğu da iddia edilir, amma əksər mütəxəssislər bu fikirdədir ki, narkomanın sağlamlığı tam bərpa olunmur.
Statistik göstəricilərə əsasən deyə bilərik ki, Azərbaycanda uşaqların sayı ilbəil azalır. Bu o deməkdir ki, əhalimizin artım tempi dayanıb, insan resursumuz azalmağa doğru üz tutub. Bu gedişlə biz də sayı tükənən xalqlar qrupuna aid ola bilərik. Şübhəsiz, burada narkomanların sayının artması heç də az rol oynamır.
Ümumiyyətlə, narkotiklərin faktiki olaraq nəslin kəsilməsinə təsiri demoqrafik faciədir. Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində 48 702 yeni doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,7-dən 9,6-ya düşüb. Bölgələrdə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 8,3-ə düşüb.
Uşaqlarının sayının getdikcə azalmasının səbəbləri ilə bağlı uzun illərdir ki, müzakirələr var. Ekspertlər məsələnin iki səbəbini qeyd edirlər:
1. Sosial-iqtisadi səbəblər.
2. Mənəvi psixoloji səbəblər.
Sosial-iqtisadi səbəblər kimi çətin iqtisadi durum, əhalinin yoxsulluğu, işsizliyin yüksək səviyyədə olması, gəlirlərin çox aşağı olması, evsizliyin getdikcə artması və s. göstərilir. Mənəvi-psixoloji səbəbin içində isə birbaşa narkotik istifadəsinin payı çoxdur. Sözsüz ki, cəmiyyətdə mənəvi dəyərlər sisteminin çökdürülməsi, onun yerini bayağı yaşam tərzinin alması narkomaniya üçün münbit şərait yaradır.
Bəs, bu demoqrafik faciə nəyin sayəsində baş verir? Narkotikin istifadəçilərə vurduğu sağalmaz yara dolayısı ilə də əhali sayının azalmasında necə iz qoyur?
Bu haqda dəfələrlə qeyd etmişik ki, narkotik maddələr istifadəçilərdə, xüsusilə də gənc oğlanlarda impotensiya yaradır. Xatırlayırsınızsa, illər öncə apteklərdə gənclərə narkotik həblərinin satılması haqda xəbərlər gündəmə gəlmişdi və bu səs-küy yaratmışdı. Əslində, narkomaniyanın yayılması barədə SOS siqnalını onda çalmaq lazım idi. Həmçinin, gənclərin arasında impotensiya yaşının cavanlaşması və bunun 25-30 yaşında baş verməyə meyllənməsi haqda məlumatlar da yox deyil. Məsələn, bəzi gənclərin yüngül narkotik (çətənə) istifadə etdiyi və istifadənin onda impotensiya yaratdığı haqda məlumatlara rast gəlinir. Amma hesab edirik ki, impotensiya daha çox süni narkotiklərin, xüsusilə də “patı”nın yaratdığı haldır.
Sual oluna bilər ki, impotensiyaya məruz qalan cavan şəxslərin buna narkotik istifadəsi sayəsində düçar olub-olmamasını haradan öyrənə bilərik, əgər o, özü bunu gizlədirsə? Ümumiyyətlə, hansısa narkotik istifadəsi nəsilartırma qabiliyyətinə təsirsiz ötüşürmü? Narkotikin sayəsində kəsilən nəslimizi, xalqımızı hansı aqibət gözləyir? Həmçinin, narkotik istifadəsindən qurtulmuş şəxsin bu qabiliyyətinin tam bərpa olunması, bununla yanaşı sağlam, normal uşaq sahibi olması ehtimalı nə qədərdir? Keçmiş narkotik istifadəçisindən törənən nəslin genetik olaraq “narkotikə isti münasibət”, yaxud “narkotikə doğmalıq, yaxınlıq” sindromu daşıma ehtimalı nə qədərdir?
Bu və digər suallara həkim-androloq Azər Mirzəyevlə söhbətimizdə cavab tapmağa çalışdıq. O, bildirir ki, narkotiklər tək cinsi sferaya deyil, orqanizmin funksiyalarına da təsir edir, orqanları yavaş-yavaş sıradan çıxarır: “Sizin sualınızı cavablandıraraq onu demək istəyirəm ki, istər güclü, istər də zəif təsir edən narkotiklər olsun, onlar cinsi sferaya mənfi təsir göstərir, insanı laxladır, potensialını aşağı salır. Ümumiyyətlə isə, narkotiklər tək cinsi sferaya deyil, orqanizmin funksiyalarına da təsir edir, orqanları yavaş-yavaş sıradan çıxarır.
Konkret potensiya üzərində dayansaq, get-gedə narkoitk üzündən cinsiyyət sistemində hissiyatın, testesteronun azalması, spermotogenez prosesinin pozulması baş verir ki, bu da gələcəkdə istifadəçilərin ata, eləcə də ana olmaq şansını aşağı salır. Bu nöqteyi-nəzərdən istər kişi olsun, istər də qadın, əgər şəxs narkotik istifadəçisidirsə, onun mütləq gələcəkdə problemi olacaq. İlk növbədə kişilərdə cinsi sferada cinsi zəiflik, cinsi funksiyanın get-gedə sönməsi və sperma faizinin aşağı düşməsi halı yaşanacaq. Qadınlarda isə, bu dediklərimlə yanaşı, yumurtalıqların funksiyasının pozulması baş verir ki, bu da onların ana olmaq şansını aşağı salır.
Digər tərəfdən, əgər bu pasientlər müalicəyə cəlb olunurlarsa və narkoloji dispanserlərdə normal, düzgün müalicə alırlarsa, onların potensiyası sonradan, müəyyən illərdən sonra bərpa oluna bilər. Bu onların narkotikə aludə prosesinin nə qədər olmasından asılıdır. Pis vərdişdən uzaqlaşsalar, onların cinsi sferadan olan problemi zamanla həll oluna bilər, əgər onlar bunu özləri istəsələr. Təbii ki, burada uzunmüddətli müalicə kursları, həm androloq, həm psixoloq, psixoterapevtin müalicələrinin köməyilə problem öz həllini tapa bilər”.
O ki qaldı bu kimi şəxslərin gələcəkdə valideyin olmaq şansına, Azər Mirzəyev deyir ki, ümumiyyətlə, valideyin olmaq şansı həmişə var: “Yetər ki, orqanizm bu pis vərdişdən azad olsun və tam şəkildə bütün orqan və sistemlər narkotikin mənfi tərkibindən təmizlənsin, bundan sonra zamanla bu kimi şəxslərin övlad sahibi olmaq şansı da arta bilər. Onlar bu yöndə müalicəyə başlasalar və dayanmadan üzərlərində işləsələr, düzgün, sağlam həyat tərzi keçirsələr, onların valideyin olmaq şansı çoxdur. Düzdür, bəzi hallarda bu mümkün olmur, çünki həmin şəxslər ola bilsin ki, uzun illər narkotik aludəçisi olublar, onlarada narkotikin təsirindən orqanların sistemləri tamamilə sıradan çıxıb, xayalar öz funksiyasını tamamilə itirib və s. bu kimi hallarda məsələnin həlli tamamilə çətin olur, bəzən də heç olmur. Bu, təxminən 25-30 faiz hallarda baş verir. Amma dediyim kimi, həmin pasient tez müayinə və müalicəyə cəlb olunubsa, gələcəkdə düzgün müalicə olunduğu təqdirdə, onun valideyn olmaq şansı çoxdur. Bunu nəzərdən qaçırmaq olmaz”.
A. Mirzəyev onu da vurğuladı ki, ölkəmizdə əvvəlki illərlə müqayisədə impotensiyanın, yənin cinsi zəifliyin artması müşahidə olunur: “Yəni biz əgər 15-20 il əvvələ baxsaq, görərik ki, statistikada artım var. Get-gedə cinsi zəifliklə bağlı müraciət edənlərin sayı çoxalır. Statistikaya nəzərə salsaq görərik ki, yeni ailə quranların hər 10-dan 5-də cinsi zəiflik halları müşahidə olunur. Bu da böyük rəqəmdir. Bu istiqamətdə pasientlər düzgün müalicə almaqdıqda, problem həmin ailədə narazılığa və anlaşılmazlığa gətirəb çıxara bilər.
Digər tərəfdən isə, impotensiya həmin ailədə övlad sahibi olmaq şansını aşağı salır. Ona görə də, bu çox böyük bir sosioloji problemdir, bunun qarşısını almaq lazımdır. Çalışmaq lazımdır ki, evlənməmişdən öncə gənclər müəyyən konsultasiyadan keçsinlər. Həkim-uroloq, həkim-androloq, həkim-psxiloqoun konsultasiyasını almalıdırlar ki, gələcəkdə potensiya ilə bağlı problemlər olmasın, əgər belə problem varsa, o, vaxtında aşkar olunsun. Bu üç həkimdən biri problemin həllində köməyini göstərə bilər. Ona görə, bu üç həkimin konsultasiyası vacibdir”.
Asya ŞÜKÜROVA, stopnarkotik.az
araz.az xəbər portalı.