Son günlər sosial şəbəkələrdə paytaxt Bakıda və ölkə ərazisində stastionar telefon xətləri və internetlə bağlı şikayətlər artmaqdadır.
araz.az xəbər verir ki, Milli.Az-a daxil olan şikayətdə paytaxt sakini müqaviləsi olduğu halda telefon xəttini kəsildiyini bildirib.
“Bu ayın ödənişini etmişəm, Heç bir xəbərdarlıq edilmədən ev telefonunu kəsiblər. Zəng vurmuşam səbəbi öyrənməyə, deyirlər ki, internetə qoşulmasanız, telefon işləməyəcək, ya da 110 manata bizdən modem almalısız”.
Məsələ ilə bağlı “Baktelecom”-dan bildirilib ki, uzun illər istifadədə olan mis xətlərin köhnəlməsi, sıradan çıxması, dövrün tələblərinə cavab verməməsi və hazırda bərpası üçün texniki imkanın məhdud olması səbəbindən həmin ərazidə köhnə texnologiya vasitəsilə göstərilən telekommunikasiya xidmətlərinin təqdim edilməsi qurumun texniki imkanları xaricindədir:
“Lakin hazırda qurum tərəfindən mis xətlər üzərindən təqdim edilən rabitə xidmətlərinə alternativ olaraq GPON texnologiyası əsasında telekommunikasiya şəbəkəsinin qurulması və həmin şəbəkə üzərindən fiber-optik xətlər vasitəsilə daha keyfiyyətli telekommunikasiya xidmətlərinin (telefon, internet və s.) təqdim edilməsi ilə bağlı müvafiq işlər həyata keçirilməkdədir.
Vətəndaşlardan bütün hallarda yarana biləcək sual və təkliflərlə bağlı 24/7 rejimdə fəaliyyət göstərən Çağrı mərkəzlərinə – “Aztelekom” abunəçilərindən “170”, “Baktelecom” abunəçilərindən “155” qısa nömrəsinə müraciət etmələri xahiş olunur”.

 

araz.az xəbər portalı.