Sevinc-Abbasova.jpgPaytaxtın Səbail rayonunun 20-ci yaşayış sahəsindəki 162 saylı tam orta məktəbi tanımayan tapılmaz. Ona görə ki, binası Bakı milyonçusu kimi ad çıxarmış Murtuza Muxtarov tərəfindən inşa edilən və 100 yaşı ötən il qeyd olunan zəngin tarixə malik bu təhsil müəssisəsi həm ötən dövrlərdə verdiyi keyfiyyətli təhsilə görə yaxşı tanınaraq məşhurlaşıb, həm də bu gün cəmiyyətin bəlasına çevrilən məktəb qalmaqalı yuvası kimi “ad çıxarıb”. Bir sözlə, bu gün, bu qocaman təhsil müəssisəsi haqqında yaxşı hansısa söz demək olduqca çətindir. Bu məktəbdə, indi, belə demək mümkündürsə, təlim və tədrisdən başqa hər şey var. Daha doğrusu, sovetlər dönəmində rusdilli məktəb kimi fəaliyyət göstərən, respublikamız müstəqillik qazandıqdan sonra Azərbaycan bölməsi də açılan, həm şagird, həm də müəllim kollektivinin milli mənsubiyyətinin və etnik tərkibinin rəngarəngliyi ilə multikulturalizm ənənələrinə sadiqlik nümunəsi olan, bir sıra möhtəşəm uğurlara imza atan və elm məbədi hesab olunan bu beynəlxalq təhsil ocağı, artıq, yüksək səviyyəli dövlət ümümtəhsil müəssisəsi kimi fəaliyyət göstərə bilmir. Cəmiyyətin bəlasına çevrilən neqativ halların, vaxtilə burada təhsil almış, Qarabağ müharıbəsindəTərtər rayonunun Qapanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Etibar Allahverdi oğlu Əliyevin adını daşıyan bu məktəbdən də yan keçməməsi, heç kimi narahat etmir; Ən dəhşətlisi odur ki, respublika Təhsil Nazirliyi, eləcə də əlaqədar dövlət qurumları şagirdlərin gözləri qarşısında baş verən xoşagəlməz hadisələri kənardan seyr etməklə kifayətlənirlər. Təəssüf doğuran bu sözlər, ən azından, şəhid adına sayğısızlıq deyilmi?!

Səbail rayon İcra Hakimiyyəti tərəfindən iki il öncə edilən əsaslı təmirlə görkəmini xeyli dəyişməsinin, zəngin maddi-texniki baza ilə təchiz olunmasının, təmirdən sonra, görülmüş quruculuq işləri ilə yaxından tanış olmaq üçün, ölkə başçısının bu məktəbə gəlməsinin belə, buradakı xoşagəlməz ab-havalı təhsil mühitinin dəyişməsinə yaxşı yöndən hansısa bir təsiri olmayıb. Üstəlik, haqqında xoşagəlməz saysız-hesabsız məlumatlar yayılıb.
Bunlar bir kənara, haqqında vaxtaşırı yayılan xoşagəlməz məlumatlar sırasında, sonu ölümlə nəticələnən dəhşət dolu bir ölüm hadisəsi də bu məktəbin adına yazıldı. Özünü məktəbin 3-cü mərtəbəsindən atan 8-ci sinif şagirdi Yelena Hacıyeva xəstəxanada dünyasını dəyişdi. Xatırladaq ki, bu ilin aprel ayının 4-də baş verən bu şok olay zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparıldı. Xəstəxanaya yerləşdiriləndən sonra, həkimlər, məktəbin direktoru Sevinc Abbasovanın yuxarı instansiyalardakı havadarlarının göstərişi ilə, ictimai rezonans doğuran bu olay daha çox səs-küy yaratmasın deyə, qızın anasını və digər yaxınlarını sakitləşdirdmək üçün, hərəkətə keçdilər. Qızın səhhətinin yaxşı olduğunu deyib, onları onun yanına belə buraxmadılar. Aradan çox keçməmiş, ağır ölüm xəbərini onlara çatdırdılar.
“Məktəbin yuxarı sinif şagirdləri qızıma əl qaldırıblar. Ümumiyyətlə, sinif yoldaşları və müəllimləri qızımı həmişə alçaldıblar. Bütün bunlar barədə, direktora dəfələrlə şikayət etməyimə baxmayaraq, o, həmişə buna göz yumub. Bir il ərzində davam edən bu sıxıntılardan bezən yazıq uşaq da, axırda özünü məktəbin pəncərəsindən aşağı ataraq, intihar edib…”, — bu sözləri, vaxtsız dünyasını dəyişən qızın gözləri yaşlı qalan anası Sevil Hüseynova intiharın səbəbləri barədə jurnalistlərə açıqlama verərkən deyib. Və onu da bildirib ki, direktor çox kobud və qəribə xasiyyətə malik bir qadındır. Bu səbəbdəndir ki, məktəbdə milli xüsusiyyətlərə yad qeyri-etik davranışlarla müşayiət olunan qalmaqallar çox olur.
Deyilənləri tam sübut edəcək faktlar əlimizdə yetərincədir. Bu dəfə, Cəbrayıl rayonundan məcburi köçkün Səbahət Mehdiyevanın öz şəxsi imzasıyla təsdiqləyib, ötən il media qurumlarına ünvanladığı şikayət xarakterli bir müraciətini oxucularımızın diqqətinə çatdırmaqla kifayətlənirik.
Həmin müraciətdə deyilir: “Məktəbin direktoru Sevinc Abbasova, mütəmadi olaraq, mənim övladımı təhqir edir.
“Məcburi köçkünsən, bu məktəbdə oxuya bilməzsən!” — deyə, onu kollektiv qarşısında alçaldır. Bir ana kimi, buna dözmürəm. Bu səbəbdən, bu şikayətimi sizlərə də çatdırıram. Bəlkə, sizdən bir kömək dəydi mənə. Çünki döymədiyim idarə qapısı qalmayıb. Hətta, əlim hər yerdən üzüldüyündən, məcbur olub, sonda, Sevinc Abbasovanın qanunsuz əməlləri və rüşvətxor olması barəsində hüquq-mühafizə orqanlarına da müraciət etdim…
…Ötən il 9-cu sinifdə oxuyan qızım dərsdən çıxıb, evə gələndə, bildirdi ki, direktor sinfə gələrək, yenə onları hədələyib. Deyib ki, sinif yoldaşlarına qiymət yazılmağına imkan verməyəcək və onları sinifdə saxlayacaq. Ümumiyyətlə, qızım Sevinc Atakişiyeva əlaçıdır, şərəf lövhəsində də fotosu var. Buna baxmayaraq, həmin sinifdəki iyirmi uşağın hamısı kimi, direktor, onu da gözümçıxdıya salıb.
Qayınatam 2018-ci ilin mart ayında Təhsil Nazirliyinə zəng vurdu. Bundan sonra direktor bizimlə düşmən oldu. Həm də direktor elə bilirdi ki, qızımın sinif rəhbəri Könül müəllimə şagirdlərdən pul yığır. Halbuki heç vaxt elə şey olmayıb. Həmin vaxt bir valideyn uşaqlardan soruşub ki, bura necə məktəbdir. Uşaqlar da cavab veriblər ki, bütün məktəbdə pul yığılsa da, bizim sinifdə pul yığılmır. Həmin günün axşamı, — qızım ikinci növbədə oxuyur, — Sevinc evə gələn kimi, arxasınca iki sinif yoldaşı da gəldi. Dedilər ki, Sevinci direktor məktəbdən çıxardır. Evdə heç kim olmadığı üçün, özüm məktəbə getdim. Bundan əvvəl də, o, beşinci sinifdə oxuyan oğlumun sənədlərini üstümə tullamışdı. Demişdi ki, sən məcburi köçkünsən, apar, qoy, uşağın məcburi köçkün məktəbində oxusun, burada oxumağa haqqı çatmır. Mən də, uşaqlarımı aparıb, Zəngilan məktəbinə qoydum.
Mart ayında direktorun yanına gedib, övladımı məktəbdən çıxarmasının səbəbini soruşdum. Dedi ki, mən, başa düşən qadınam. Hər uşaqdan otuz manat yığıb, ona verməliyik ki, sinif bölünməsin. Mən də, bu barədə valideynlərə dedim, heç kim razılaşmadı. Özüm yataqxanada yaşayıram, bütün ailə qayınatamın aldığı təqaüdə baxır.
Qızım Nicat adlı bir uşaqla oturur. Onu yanına çağıraraq, deyib ki, niyə, oğlanla oturur? Məgər, oğlanın qızla oturması məktəb strukturuna ziddir?! Utanmadan onu da deyib ki, Nicata kömək eləyib, guya, sevgilidirlər.
Direktor Nicatın üstünə bir dəfə polis də gətirmişdi. Gedib, dedim ki, ayıb olsun ona, bu nə sözdür qız uşağına deyir?! Bildirdi ki, hara şikayət etsəm də, ona heç nə edə bilmərəm, amma, uşaqlarım yatdığı yerdə, o, məni yerimdən götürtdürə bilər. Mən də, direktorun dediklərini yazıb, Baş Prokurorluğa şikayət ərizəsi ünvanladım. Baş Prokurorluq şikayətimi Bakı şəhər Baş Polis İdarəsinə yönləndirdi. Məryəm adlı bir xanım gəldi. Nə etdi, bilmirəm, sonda, mənə dedi ki, bütün müharibələrin sonu sülhlə nəticələnir, barışaq. Dedim ki, ona görə keçirəm, amma, bir də belə hərəkət etməsin. Amma, sonda, direktor yenə öz bildiyini edir. Məndən qisas almaq üçün, planlar cızır.
Özüm dəfələrlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində də olmuşam. Bunu oradakı məsul şəxslərə də çatdırmışam. Amma xeyri yoxdur. Məktəbə gedirəm, görür və eşidirəm ki, Sevinc Abbasova övladımın necə oxuması barədə maraqlanır. Artıq, qızımın müəllimlərini yersiz sorğu-sualları ilə bezdirib. Mənə də deyir ki, içəri girə bilmərəm. Məgər, terrorçuyam mən?!.
…Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gələn Şirindil Əhmədov ad-soyadlı nümayəndə də, direktorun təhqirlərinə haqq qazandırdı. O, sinfin bölünməməyi ilə bağlı, 15 valideynin müraciəti əsasında məktəbə gəlmişdi. Direktor həmin 15 valideynin və onun yanında yenə məni təhqir etdi. Üstəlik, qorxub-cəkinmədən dedi ki, yaxşı eləyir, bu barədə də, gedib, hara istəsəm, şikayət edə bilərəm. Ona heç kim heç nə edə bilməz. Elə, oradaca, nümayəndəyə bildirdim ki, direktor qızımı da, uşaqların içində bu cür təhqir edir. Cavabında, dedi ki, direktor məktəbi idarə etmək üçün, belə davranmalıdır. Şirindil müəllimdən soruşdum ki, direktor mənim uşağımı təhqir etməlidir?! Heç nə demədi. Bundan əvvəl, qayınatam da, bu barədə Şirindil Əhmədova zəng eləyib, bildirmişdi ki, yetmiş yaşı var, uzun illər hüquq-mühafizə orqanlarında işləyib, indi ağır xəstədir. Sonra, ona sual vermişdi ki, Təhsil İdarəsi istəyir ki, bu halında, gedib, direktoru öldürsün, sonra həbsxanada ölsün?! Şirindil müəllim isə, cavabında qayınatam Aydın müəllimə demişdi ki, Sevinc Abbasova şiddətli töhmət alıb, amma, ağlı hələ də özünə gəlməyib.
Bu, Şirindil müəllimin qayınatama dediyi sözdür. Belə isə, ağlı özünə gəlmirsə, tədbir görün də! Axı, ağılsız bu boyda məktəbi necə idarə edə bilər?! Deməli, bu səbəbdəndir ki, məktəb bu dəqiqə də şərlə, böhtanla və rüşvətlə idarə olunur. Məktəbə uşaq qəbul etmək beş yüz manatdır. Hətta dediklərimi əksər valideynlər də təsdiqləyə bilərlər. Valideynlər bu adamdan olduqca çox qorxurlar; Kimsə şikayət etsə, dərhal uşaqlarını sıxışdırır.
Sizcə, rüşvətlə, şərlə, şantajla məktəb idarə etmək olar?! Bütün aidiyyəti qurumların rəhbər şəxslərinə müraciət edərək, bir daha bildirirəm ki, Sevinc Abbasova kimi bir adam direktor ola bilməz! Onlardan yeganə xahişim odur ki, bu şəxs barədə haqq-ədalət və vicdan prinsipləri çərçivəsində qanuni ölçü götürülsün!”.
Bu yerdə, bir daha qeyd etməyi vacib bildik ki, milli xüsusiyyətlərinizə yad qeyri-etik davranışlarıyla ad çıxaran
direktor xanımın qanunsuz əməllərini tam sübut edəcək faktlar əlimizdə yetərincədir. Lakin bu dəfə, ona görə, yalnız bir nəfər məcburi köçkün xanımın media qurumlarına ünvanladığı şikayətini dərc etməklə kifayətləndik ki, həmin müraciətdə deyilənlər, həm də jurnalist araşdırmalarımızın yekun nəticəsinin sübutudur; Şagird anasının dediyi kimi, doğrudan da, Sevinc Abbasova qəribə xarakterə malik vəzifə sahiblərindəndir. Üzləşdiyi ən çətin situasiyalardan belə, xarakterinə uyğun planlarıyla çıxmağı bacarandır.
Onun bağışlanmaz rəhbər təqsirləri ucbatından, məktəbin 8-ci sinif şagirdi Yelena Hacıyevanın tezliklə dünyasını dəyişəcəyi xəbərini xəstəxanadan alarkən etdikləri də, elə, deyilənlərin daha bir sübutudur. Onda, direktor tələm-tələsik şəhid Etibar Əliyevin adını daşıyan bu məktəbdə, elə, bu şəhidin doğum gününə həsr olunmuş bir tədbir keçirdi. Tədbirdə məktəbin şagirdləri, valideyinlər, müəllimlər, şəhidin ailə üzvləri ilə bərabər, mətbuat nümayəndələri də iştirak etdilər. Ona görə mətbuat işçiləri sözlərini xüsusi vurğuladıq ki, direktor onları elə-belə bu tədbirə dəvət etməmişdi və başqa vaxtlar heç qəzet işçilərini saya salan da deyil. Sadəcə, bu dar günlərində tanış jurnalistlərin əliylə mətbuata və sosial şəbəkələrə rəhbər imicinə xeyir gətirə biləcək belə bir məlumat sızdırmağa nail oldu ki, guya, bu məktəbin müəllim və şagird kontingenti ənənəvi və hər bir təhsil ocağına nümunə olacaq bir şəkildə hərbi vətənpərvərlik ruhlu tədbirlərə imza atıb. Və guya, təşkil etdiyi orijinal üslublu bu mərasim də, digər təhsil ocaqlarına örnək göstərilməlidir. Sevinc Abbasova tədbirdəki çıxışında onu da xüsusi vurğulamaq istədi ki, guya, şəhid Etibar Əliyevin adına daim qürur vy ehtiram duyur. Halbuki Etibar Əliyevin barelyefinin məktəbdə qoyulması məsələsi ortaya çıxanda, direktor buna qəti etirazını bildirmişdi. Guya, şəhid barelyefləri bütün məktəblərin görkəmini korlayır. Budurmu, şəhid adına direktor sayğısı?!
…Düzdür, son illərədək məktəb kollektivi qarşısına qoyulan vəzifə və öhdəliklərin əsasını təşkil edən amallar naminə çalışıb. Lakin sonralar ortaya təəssüf doğuran hallar çıxıb; Konkret desək, haqqındakı şikayət və narazılıqların sayı-hesabı olmayıb.
Elə, bununla da, qarşısına bambaşqa vəzifə və öhdəliklər qoyulan, milli ənənələrə və bəşəri dəyərlərə uyğun beynəlxalq standartlı keyfiyyətli təhsil, fərqli pedaqoji əməkdaşlığa əsaslanan çoxprofilli və müxtəlif səviyyəli təlim, mənəvi cəhətdən yüksək yaradıcılıq atmosferi yaratmaq, hərtərəfli inkişaf edən, tolerant Azərbaycan vətəndaşı formalaşdırmaq öhdəlikləri qoyulan bu dövlət ümumtəhsil müəssisəsinin son illərə aid keyfiyyətli fəaliyyət göstəricilərində təsəvvüredilməz geriləmələr sürətlə davam etməkdədir.
Beləcə, əvvəllər zəngin tarixə malik bu qocaman təhsil ocağında öz əksini tapmış keçmiş ənənələrdən və müasirlik prinsiplərindən artıq əsər-əlamət qalmayıb.

Məhi ELSEVƏR,
araz.az saytının xüsusi müxbiri.

araz.az xəbər portalı.