0904201901.jpg

Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, ev, 22 ünvanında yaşayan Göyçək Aslan qızı Rəhimova mülkiyyət qalmaqalı ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya şikayət ərizəsi ünvanlayıb. Şikayətçi ərzəsində bildirir ki, 2014-cü ildən bəri, o və ailə üzvləri onlara qarşı edilmiş bu haqsızlıqlarla bağlı ölkə prezidenti İlham Əliyev cənablarına, eləcə də Azərbaycanın bütün səlahiyyətli dövlət orqanlarına dəfələrlə müraciət ediblər: “Lakin bu müraciətlərimizin heç bir nəticəsi olmayıb. Məmurlar bizə qarşı etdikləri qanunsuzluqları ört-basdır etməklə, bu işi bağlı saxlayaraq, bizim haqqımızı və hüquqlarımızı kobudcasına pozurlar. Ona görə də, bu dəfə mətbuat vasitəsi ilə sizə müraciət edib, ailəmin xususi mülkiyyətinin zəbt olunması ilə bizə qarşı başlanan haqsızlığı sizə catdırmaq istəyirəm. Bu qanunsuzluqda zəncirvari iştirak edən məmurların adlarını bir daha bu müraciətimdə açıqlamaq istəyirəm.

Ailəmin mülkiyyətindəki Mirqasımov küçəsi, 22 ünvanında yerləşən ev 1901-ci ildə şəxsi mülkiyyət kimi inşa olunub. 1967-ci ildə həmin evi beş uşağı olan anam Zümrüd Əhmədağa qızı Hacıyeva alaraq, onun sahibi olub. Mülk paylı mülkiyyətçilərə məxsusdur. 2000-ci ildə anam evimizin zirzəmisini küçə tərəfdən qazdıraraq, qapı qoydurub. 2012 — 2014-cü illərdə həmin zirzəmini müqavilə əsasında Cəlilabad rayon Ocaqlı kənd sakini Emin Gülbaba oğlu Şahbazova icarəyə verib. 2014-cü ildə icarəçi bir qrup vəzifəli şəxslərlə əlaqəyə girərək, həmin zirzəmiyə saxta sənəd düzəltdirib. Guya, 120 kvadratmetrlik ərazisi olan zirzəmi Nəsimi rayon 13 saylı Mənzil-İstismar Sahəsinin və Nəsimi rayon Mənzil-Komunal Təsərrüfat Birliyinin balansında olub”.
Şikayətçinin qeydlərinə görə, bu saxta sənəd tərtib edildikdən sonra, adları yuxarıda qeyd olunan qurumlar zirzəmini Emin Şahbazova satıblar. Həmin saxta sənəd əsasında da, o, digər dövlət qurumlarına rüşvət verərək, bu ailənin xususi mülkiyyətində olan zirzəminin özünə məxsus olması ilə bağlı, Ş — 2 sənədi alıb. Bu sənəd 2014-cü ildə verilsə də, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov, 2013-cü ildə cinayət əməli törədərək, bzim xususi mülkiyyətimizdə olan zirzəminin Emin Şahbazova mənsub olması ilə bağlı, ona saxta texniki pasport və reyestrdən çıxarış verib. Elə, bundan sonra, bu qalmaqal getdikcə daha da qızışıb:
“Saxta yolla verilən bu texniki pasportun və çıxarışın ləğv olunması ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət etsək də, həmin məhkəmənin hakimləri Şahin Abdullayev, Rəşid Səmədov və Emin Mehdiyev də bu saxtakarlığı müdafiə edən qərarlar çıxarıblar. Beləcə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun, 13 saylı Nəsimi rayon MİS-nin indiki rəisi Elşən Mürvələdovun, Nəsimi rayon MKTB-nin keçmiş rəisi Laçın Mustafayevin, həmin Birliyin hazırkı rəisi Elman Yəhyayevin, mühəndis Elnur Həsənovun, hüquqşunas Nəsib Niftullayevin etdikləri saxtakarlıqlar ört- basdır edilib. Bu işdə Emin Şahbazovun xeyrinə qərar verməyən Bakı Apellyasiya Məhkəməsində iddiamız obyektiv araşdırılıb. Hakim Xuraman Məhərrəmovanın sədrliyi ilə keçən məhkəmə iclasında ədalətli qərar verilib. Lakin Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov tərəfindən, təkrar baxılması üçün, bu iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə iclaslarının sonunda, yenə də, bizim iddiamız təmin olunub. Lakin qarşı tərəf bu qərardan Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti verib. Ali Məhkəmənin Mülki Kollegiyasında işə baxan hakim Ənvər Şadıyevə, biz, sübutlarımızı təqdim etsək də, o, təkrar baxılması üçün, işi Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə keçirilən məhkəmə iclaslarının sonunda, qarşı tərəfin saxta sənədlərinə bəraət verilib. Onun xeyrinə çıxarılan qərardan verdiyimiz kassasiya şikayətini isə, Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi İlqar Dəmirov, əsassız olaraq, təmin etməyərək, Elnur Həsənovun verdiyi qərarı qüvvədə saxlayıb. Biz bu qərardan Plenyum Məhkəməsinə müraciət etsək də, iddiamız təmin olunmayıb. Bizim faktın müəyyən olunması ilə bağlı, Nəsimi rayon Məhkəməsində qaldırdığımız iddia isə, təmin olunmayıb”.
Açıq-aşkar görünür ki, ölkənin birinci xanımına şikayət ünvanlayan əsl mülkiyyətçi tam haqlıdır. Sadəcə, bu mülkiyyət qalmaqalında da, güclü ötür-ötür oyunları baş tutub; Qanun atlı olub, şikayətçi piyada — ədalət tutulmur ki, tutulmur! Əli hər yerdən üzüldüyündən, yazıq mülkiyyətçi müraciətinin sonunda, birinci vitse-prezidentin onlara yardımçı olacağına inandığını qeyd edir: “Bizim xususi mülkiyyətimizin əlimizdən alınmasında adlarını yuxarıda çəkdiyim vəzifəli şəxslər günahkardırlar. Ona görə, haqqımıza çata bilmirik. Onlar güclü və arxalı adamlardır. İstədiklərini edirlər.
Hakimlər bizim hüquqlarımızı müdafiə etməli olduqları halda, cinayətkarların əməllərini ört-basır edərək, əsassız və qanunsuz qərarlar verirlər. Belə qərarları ilə də, Avropa məhkəmələrində olkəmizi biabır edirlər.
Özünüz də görürsünüz ki, neçə illərdir bir qrup məmurun əlində futbol topuna dönmüşük. Məhkəmələrə müraciətlərimiz isə, sonda, rüşvət və tapşırıqlar qurbanı olur.
Biz bu ölkədə öz hüquqlarımızı necə bərpa edə bilərik?! Bu hərəkətləri ilə, axı, məmurlar nə etmək istəyirlər?! Dərdimizi kimə deyək?!
Mehriban xanım, ümidimiz yalnız Sizədir! Bu işdə bizə kömək edəcəyinizə inanır və buna görə də, minnətdarlığımızı qabaqcadan Sizə çatdırırıq!”

Səməndər QURBANOV,
araz.az saytının xüsusi müxbiri.

araz.az xəbər portalı.