Ölkənin ayrı-ayrı media subyektləri kimi, çoxdandır əməkdaşı olduğum “Araz” Media Qrupunun tərkibindəki media vasitələrinin, daha çox araz.az xəbər portalının da, tənqid hədəfi ən çox yol polisləri olublar. Saytda bu mövzu ilə bağlı mənim qələmimdən çıxan yazılar da verilib. Amma, özüm də bir maşın sahibi kimi, indi isə görürəm ki, əvvəllər bu sarıdan deyilənlər getdikcə səngiməyə başlayır. Elə, jurnalist olaraq, bu mövzuya olan marağım da, məni müşahidə və araşdırmalar aparmağa sövq etdi. Bunların son nəticəsi olaraq, bu qənaətdəyəm ki, artıq, ölkənin yol polislərindən də razılıqlar var.
Bu heç kimə sirr deyil ki, əvvəllər belə deyildi: Yəni, yol polislərinin hədsiz özbaşınalıqlarına tuş gələnlər, nəhayətdə, son ümid yeri olaraq, mediaya üz tuturdular. Çünki maşın sahibi narazı sürücülərin döymədikləri qapı qalmaz və dərdlərinə çarə tapan bir kimsə tapılmazdı. İndi həmin narazıların özləri belə bambaşqa fikirdədirlər. Bizimlə həmsöhbət olarkən, öncə xüsusi olaraq onu vurğulayırlar ki, yol polisi əməkdaşlarının sürücü vətəndaşlara münasibət səviyyəsi müsbət dərəcədə artmaqda davam edir. Bu xidmət keyfiyyətcə yeni və səmərəli fəaliyyət mərhələsinə qədəm qoyub. Mətbuat isə, bu sahənin mütəxəssis — ekspertlərinin dediklərinə istinadən yazır ki, hüquqi dövlətin təməlində duran polis sisteminin möhkəm təməllər üzərində qurulması əzm, iradə və ciddi islahatçılıq tələb edir. Bütün bu xüsusatlar isə, indi yol polisi əməkdaşlarının gündəlik işlərində öz əksini tapmağa başlayıb.
Doğrudan da, sürücülər yol polislərindən razıdırlarmı?
Bu sualın cavabı daim medianın, eləcə də çoxsaylı sürücülərin müzakirə obyekti olub, sürücü və yol polisi əməkdaşlarının münasibətini həmişə gündəmə gətirib.
Bizsə, bu sualın cavabını sürücülərdən öyrənirik. Cavablar konkret və ürəkaçandır:
— Artıq, Yol Patrul Xidməti əməkdaşları da, sürücülərlə özəl davranaraq, onlara dərin hörmət və səmimi duyğulu münasibət bəsləyirlər. Ən əsası odur ki, fəaliyyətlərini daha çox maarifləndirmə üzərində qururlar. Ən yaxşısı bir də odur ki, polislərin çoxu tərəfindən, yolda hərəkətə aid müəyyən detallardan xəbərsizlərə bəzi güzəştlər edilir, bal almamaları üçün, onlara şans verilir;
— İndi, demək olar ki, sürücü aldadan polislər də yoxdur. Əvvəllər olduğu kimi, YPX əməkdaşları tərəfindən onlara güzəşt olunmaqla yanaşı, aldatma halı da baş vermir. Bir sözlə, həmin polisi tapıb, ona öz sözünü demək üçün əziyyət çəkən vətəndaşlarla rastlaşmırsan;
— Ümumiyyətlə, yol hərəkəti qaydalarına çox ciddi əməl edənlər nahaqdan yollarda saxlanmırlar. Konkret desək, heç bir suçu olmayanlara, yol hərəkəti qaydalarını pozmayanlara YPX əməkdaşı “Saxla!” əmri vermir. Və yaxud onlara yaxınlaşıb, yalandan: “Doğru tərəfdən dönmədiniz, kameraya düşmüsünüz, sizi ona görə saxladım”, – deyə, uydurma iradını bildirmir də. Üstəlik, onlar tərəfindən haqqını tələb edən heç kimə qarşı aqressiv münasibət və qəzəb yoxdur. Bir də ki, ötən illər ərzində sürücüyə kəmər cəzası yazılacağı barədə çox olmuş yalan və böhtanlar da, artıq, ortadan yığışdırılıb;
— Sakinlərin, eləcə də sürücülərin hərəkət təhlükəsizliyini təmin etmək üçün, bütün ərazilərdə yeni yol hərəkəti nişanları quraşdırılıb. Piyada keçidləri yenidən boyanıb. Bununla yanaşı, yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi məqsədi ilə, mütəmadi olaraq profilaktik tədbirlər və reydlər həyata keçirilir;
— Sürücülük sahəsində təcrübəyə malik ağsaqqal vətəndaşlara müraciətlər hörmətdən xəbər verir. Yol polisləri gender ayrı-seçkiliyi də etmirlər. Bir sözlə, onlar qanun tələbələrini pozan hər iki cins nümayəndəsinə eyni yanaşma sərgiləyir. Təbii ki, istisnalar da olur. Bəzi hallarda, yol polisi qadın olan sürücülərlə hörmət-rəğbət çərçivəsində davranır, bir daha səhvlərini anlatmaqla, onları əfv edir. Əsas məsələ odur ki, qanunun aliliyinə hörmət etməyin önəmi, qanun tələblərini kobud şəkildə pozan və bundan fəxrlə danışan kişi sürücülərlə yanaşı, sükan arxasında olan qadınlara da başa salınır. Beləcə, istənilən halda qayda pozuntularının həm piyada, həm də sürücü üçün təhlükə mənbəyi olduğunu bilmələri onlara bir daha aşılanır;
— Yaxasında nişanı olmayan polis əməkdaşları ilə, onlara sənəd təqdim etmək istəməyən sürücülər arasında yaranan çəkişmə və qalmaqallar əvvəllər geniş vüsət almışdı. Sevindirici haldır ki, indi belə olaylar da yaşanmır. Yaxasında nişanı olan paqon daşıyıcısı öz güzəştlərini tez-tez saxlanan tanış-bilişlərinə etmirlər. Bu cür qanunsuz hərəkətlər az hallarda baş verir. Ümumən götürdükdə, onlar, daha çox cərimələri belələrinə yazırlar. Konkret desək, polislər düşünürlər ki, indi, gündəlik protokol planını vermələri üçün, onların istədikləri sürücünü saxlamaq zamanı deyil. Axı, sürücülük vəsiqəsi təqdim edənlər indi onları saxlayan yaxası nişanlı polis əməkdaşlarına qorxub-çəkinmədən deyə bilirlər ki, öncə özləri qanuna əməl etsinlər, sonra bunu onlardan tələb etsinlər;
— Polisin apardığı qüsursuz xidmət çoxları tərəfindən yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, mütəmadi olaraq, nəinki paytaxt Bakıdan, eləcə də ayrı-ayrı şəhər və bölgələrdən daxili işlər orqanlarına təşəkkür məktubları ünvanlanır, insanlar öz minnətdarlıqlarını bildirirlər.
REDAKTORUN ƏLAVƏSİ:
Qeyd edim ki, media üzərindən apardığımız araşdırma zamanı gözümüzə dəyən bir vətəndaşın — Bakı şəhər sakini Samid Əmralıyevin Daxili İşlər Nazirliyinə ünvanladığı bir təşəkkür məktubu bizim üçün çox maraqlı oldu. Bu razılıq məktubu ilə, hamını bir daha tanış etmək istədik. Məktub müəllifinin fikirləri belədir:
“Sentyabrın 12-də Şirvan şəhərində şəxsi avtomobilimlə hərəkətdə olan zaman, yolda polis zabitinin iki serjantla fəhlələrə kömək etdiklərini gördüm. Avtomobilimi yolun kənarında saxlayaraq, onlara yaxınlaşdım. Yeni tədris ili ilə əlaqədar şagirdlərin məktəbə təhlükəsiz gediş-gəlişləri üçün ciddi tədbirlər görüldüyünün şahidi oldum. Şirvanda yol nişanlarının sazlanması, piyada keçidlərinin yenidən boyanması, ümumiyyətlə, şəhərdə abadlıq işlərinin aparılması diqqət çəkir. Burada öyrəndim ki, Şirvan DYPB-nin baş inspektoru, polis kapitanı Mehdi Muxtarov və “99-YP-131” dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Üzeyir və Sadiq adlı polis serjantları xidmətdə də fərqlənirlər. Mən bir vətəndaş kimi, belə polislərimizlə fəxr edirəm”.
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, bu yazımızın da mövzu ritorikasında nə bir maraq dayanır, nə uydurma var, nə yalan, nə də ki, zarafat. Yazı gördüyüm, eşitdiyim və şahidi olduğum həqiqət və reallıqlar əsasında qələmə alınıb. Məhz ona görə ki, ölkəmizdə problemli sahələr çoxdur. Sevinirik və fərəh hissi ilə deyirik ki, nə yaxşı, bir vaxtlar onlardan biri olan və camaatın canını boğazına yığan yol polisi sistemində də, dövlət başçısının böyük diqqət və qayğısının nəticəsi kimi, aparılan çox vacib islahatların artıq müsbət çalarları əksər sürücü vətəndaşlarımızın gündəlik həyatlarında görünməkdə, bu sahədə həyata keçirilən yeniliklərin geniş və hərtərəfli şərait formalaşdırdığı hiss olunmaqdadır. Bütün bunlar, doğrudan da, yol polisinin fəaliyyət stimullarını sağlamlaşdırır və get-gedə daha böyük nailiyyətlərə səsləyir. Yəqin ki, əksəriyyət bizim gəldiyimiz qənaətdədir!
Düzünü desəm, mətbuat aləmində avtomobil sahibi olanlardan biri kimi, özüm də, yol polislərindən narazı deyiləm. Ona görə yox ki, mətbuat işçisi olduğuma görə, polislər mənə güzəştlər ediblər. Ona görə ki, mövcud qanunlarımızdan irəli gələn qaydalara hörmət edən birisi olaraq, yol polisləri çox az hallarda məni saxlayıblar. Davranışlarından da narazı deyiləm. Hörmət bəsləyirlər, qanunlarımıza hörmət etdiyimi nəzərə alırlar. Onu demək istəyirəm ki, uzun zamandır sürücü olmağıma baxmayaraq, bu günə kimi, mənim özümə qorxu doğuran ballar yazılmayıb. Cüzi cərimələr ödəmişəm, o da, birbaşa radarlarla bağlı olub. Amma sürücü həmkarlarımın bir çoxundan narazıyam, sanki avtomobil deyil, kənddə yük arabası idarə edirlər.
Vəssalam, bu yazımı burda nöqtələyirəm. Və yazıma son olaraq bildirmək istəyirəm ki, dediklərim azdır və bu barədə daha geniş yazımla bu yaxınlarda araz.az xəbər portalında tanış olacaqsınız. Saytımızı izləməyi unutmayın.
Nadir HƏSƏNLİ,
araz.az xəbər portalı.