Əgər Türkiyə Rusiyadan S-400 “Triumf” zenit-raket komplekslərini alsa Amerika qanunlarının tələb etdiyi kimi sanksiyalara məruz qalacaq, nəticədə türk iqtisadiyyatı çökəcək.
Virtualaz.org xəbər verir ki, belə xəbərdarlıq ABŞ senatorları Ceyms İnhofun (respublikaçı, Senatın silahlı qüvvələr üzrə Komitəsinin sədri ), Cek Ridin (demokrat, həmin komitənin yüksək rütbəli üzvü), Com Rişin (respublikaçı, Senatın beynəlxalq məsələlər Komitəsinin sədri) və Bob Menendesin (həmin komitənin yüksək rütbəli üzvü) “The New York Times” qəzetində dərc edilmiş birgə məqaləsində yer alır.
Məqalədə deyilir ki, ilin sonuna qədər Türkiyənin ya 5-ci nəsil F-35 qırıcıları, ya da S-400 Rusiya zenit-raket kompleksləri olacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın edəcəyi bu seçimin Türkiyə üçün, onun dünyadakı yeri və ABŞ-la münasibətləri üçün nəhəng nəticələri olacaq.
Senatorlar yazırlar ki, F-35 qırıcılarının yaradılması dünyada beşinci nəsil qırıcılara dair ən iri proqramdır. Türkiyə də daxil olmaqla ondan artıq xarici tərəfdaşlar, habelə alıcılar bu proqrama trilyon dollardan çox vəsait qoyublar. ABŞ və müttəfiqlərinin səmada hərbi üstünlüyünü qoruması bu proqramdan asılı olacaq.
Məqalədə xatırladıldığı kimi, 2017-ci ilin iyulunda Türkiyə Rusiyadan S-400 komplekslərini alacağını elan edib. Bu, hazırda Rusiyada istehsal olunan ən qabaqcıl sistemdir və “stels” texnologiyasının tətbiq edildiyi təyyarələrə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub. Ruslar həmin sistemi ona görə yaradıblar ki, F-35 qırıcılarını vursunlar.
“Türkiyənin S-400 sistemlərini alması onun NATO qarşısında öhdəlikləri ilə bir araya sığmır. Bu üzdən Türkiyə hərbi texnikası ilə müttəfiqlərin hərbi texnikası arasında əməliyyat uyğunsuzluğu meydana çıxacaq. S-400 sistemlərinin alınması qəbuledilməz risk yaradır, çünki həmin kompleksin radarları ruslara imkan verəcək ki, F-35 qırıcılarının sirlərini əldə etsinlər. Belə təhdid üzündən ötən həftə Pentaqon F-35 qırıcıları ilə bağlı bəzi işləri dayandırmalı olub”-senatorlar yazırlar.
Məqalədə deyilir ki, Birləşmiş Ştatlar 2012-ci ildən bəri Türkiyəyə alternativ variant kimi “Petriot” zenit-raket kompleksləri təklif edir. Lakin Türkiyə bu təklifi rədd edir. S-400 kompleksləri bu ilin iyul ayında Türkiyəyə çatdırılmalıdır, F-35 qırıcıları isə noyabrda Türkiyəyə təhvil verilməlidir. Ona görə də ABŞ senatorları Ərdoğanı seçim etməyə çağırır. “Biz hələ də ümid edirik ki, o Türkiyə səmasını “Petriot”la müdafiə edəcək və F-35 qırıcıları proqramını xilas edəcək”-məqalə müəllifləri bildirir.
Senatorlar yazırlar ki, əgər Ərdoğan belə seçim etməsə və S-400 komplekslərini alsa Türkiyə sanksiyalara məruz qalacaq. Çünki Amerikanın rəqiblərinə qarşı sanksiyalarla təsir haqda qanun bunu tələb edir. “Sanksiyalar türk iqtisadiyyatına güclü zərbə olacaqvə dünya bazarında çaxnaşma yaradacaq, xarici investorlar birbaşa investisiyalarını geri çəkəcəklər və Türkiyənn aviakosmik, müdafiə sənayesi ciddi zərər görəcək”-məqalədə xəbərdarlıq edilir.
Senatorlar habelə bildirirlər ki, bundan sonra bir ədəd də olsun F-35 qırıcısı Türkiyə torpaqlarına enməyəcək. Türkiyə habelə bu təyyarələr üçün detalları istehsal edə bilməyəcək, türk şirkətləri F-35 proqramından çıxarılacaq.
“Biz belə sanksiyaların tətbiq edilməsi üçün bütün zəruri qanunvericilik addımlarının atılmasında tam qətiyyətliyik. Türkiyə F-35 proqramında mühüm partnyordur, amma əvəzedilməz deyil”-məqalədə deyilir.
Senatorların fikrincə F-35 qırıcılarından imtina Ankara üçün acınacaqlı nəticələr doğuracaq. Türkiyə bu proqrama indiyədək 1.25 milyard dollar yatırıb və həmin pullar batacaq. Türkiyə nəzərdə tutduğu 100 F-35 qırıcısını ala bilməyəcək və daha az müasir və effektivliyi aşağı olan qırıcılarla kifayətlənəcək. Hansı ki, bu qırıcılar iancaq bir neçə il sonra Türkiyənin əlində ola bilər.
F-35 qırıcıları üçün detallar hazırlayan türk şirkətləri sifarişlərini itirəcəklər, bu qırıcıların təmiri, texniki xidməti və mühərriklərinin modernizasiyası Avropa ölkələrində həyata keçiriləcək. Ərdoğanın hərbi sənayeni iqtisadi artımın başlıca amilinə çevirmək planları boşa çıxacaq.
“Biz türk dostlarımıza ziyan vurmaq istəmirik. Suriyada, Qara dənizdə, terrorçuluqla mübarizədə və digər məsələlərdə Türkiyə-Amerika tərəfdaşlığının möhkəmləndirilməsini istəyirik. Biz sadəcə olaraq F-35 qırıcıları proqramını və NATO blokunun potensialını, o cümlədən onun Türkiyə kimi üzvlərini müdafiə etmək istəyirik”-senatorlar yazır.
Məqalədə deyilir ki, ABŞ Türkiyənin Rusiya ilə bir sıra sahələrdə-Suriya, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq etməli olduğun anlayır. Əgər Ərdoğan S-400 komplekslərindən imtina etsə Putin bu sahələrdən birində və eyni zamanda bir neçəsində cavab zərbəsi endirə bilər. “Belə olan halda biz bütün mümkün olanı edəcəyik ki, Türkiyə həmin qasırğanın qarşısında dayansın”-senatorlar bildirir.
Məqalədə deyilir ki, S-400 kompleksləri almaqla Kremlə xoş görünmək Türkiyənin marağında deyil. Çünki Putin Türkiyənin müttəfiqi deyil, eləcə də nə rus çarları, nə Sovetlər Türkiyənin müttəfiqləri olmayıblar. “Rusiyanın Gürcüstanda, Ukraynada və Suriyadakı addımları Türkiyənin təhlükəsizliyini zəiflədib. İndi isə Putin Türkiyəni S-400 kompleksləri ilə Qərbdən ayırmaq istəyir”-senatorlar yazır.
“Əgər o, bu işdə uğur əldə etsə həmin S-400 təchizatı Türkiyənin maraqlarına daha da böyük zərbə vuracaq. Türkiyə müttəfiqlərindən nə qədər çox təcrid olunsa Putinin bu qarşılıqlı münasibətlərdə daha çox hakimiyyəti və təsir imkanları olacaq. Rusiya istədiyini edəcək, Türkiyə isə daim əzab çəkəcək, əziləcək. Putin Qərbdə strateji və möhkəm mövqeyi olan Türkiyədən qorxur və hörmət edir, biz ümid edirik ki, Ərdoğan Türkiyə üçün məhz belə gələcək seçəcək və S-400 komplekslərindən imtina edəcək. Tələbatını “Petriot”larla ödəyəcək və Ankara F-35 proqramında mühüm tərəfdaş olaraq qalacaq”-məqalədə deyilir.
Lakin belə görünür ki, Ərdoğan artıq seçimini edib və bu seçim Putinin xeyrinədir. Məqalənin dərc olunduğu gün Moskvada danışıqları başa vurub Ankaraya qayıdan Türkiyə prezidenti jurnalistlərə deyib ki, S-400 kompleksləri ilə bağlı məsələ bitib.
“Haraya getsək hamı S-400 komplekslərini soruşur. Bizlər də deyirik ki, bu öz işimizdir, hər şey tamamdır və bu iş bitib. S-400 komplekslərinin iyulda təhvil verilməsi nəzərdə tutulurdu, amma ola bilsin daha tez verildi. Amerika tərəfindən davamlı bizi təhrik edirlər, NATO-nun belə yanaşması yoxdur”-Ərdoğan deyib.
araz.az xəbər portalı.