Azərbaycanda bir sıra sanatoriyalar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) məxsus “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə qoşulub. Azərbaycan mediasının bu barədə verdiyi xəbərlərdə bildirilib ki, bununla bağlı müvafiq qərar qəbul olunub. araz.az da, belə xəbərləri gündəmə gətirib.

Növbəti bir xəbərimiz isə, “Abşeron” mədə-bağırsaq, “Bilgəh” kardioloji, “Qaranquş” uroloji, “Günəşli” nevroloji, “Şıx”, “Naftalan”, “Pirşağı”, “Xəzər”, “Şəki İstirahət Mərkəzi”, “Hacıkənd” İstirahət Evi, “Avtonəqliyyat” müəssisəsi, “Azərbkurorttikintitəmir” Birliyi, “Azərkurortlayihə”, Azərbminsugeokaptaj” respublika ekspedisiyası, “Kurort” Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və “Miras” Məhdud Məsuliyyətli Cəmiyyəti “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin balansına verilməsi ilə bağlıdır.

Bildiririk ki, “Kurort” Səhmdar Cəmiyyəti 1992-ci ildə yaradılıb. Bu vaxtadək cəmiyyətin tabeliyində  “Bilgəh” kardioloji, “Abşeron” mədə-bağırsaq, “Qaranquş” böyrək, “Günəşli” əsəb sistemi, “Şıx” oynaq xəstəliklərini müalicə edən sanatoriyalar və müxtəlif xəstəlikləri müalicə edən “Naftalan” sanatoriya-kurortları vardı.

“Kurort” QSC-nin prezidenti AHİK-nın sədr müavini Əbil Ağasiyevdir. Əbil Ağasiyev 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra “Naftalan” Kurort Birliyində həkim və şöbə müdiri vəzifələrində işləyib. 1986-cı il tarixdən “Qaranquş” sanatoriyasında şöbə müdiri, 1987-ci ildən isə baş həkim vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayında “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti seçilib.

Mətbuat qeyd edir ki, həmin şəxs 2018-ci ildən AHİK sədrinin müavini vəzifəsində işləyir və Azərbaycanda sanatoriya-kurort şəbəkəsinin inkişafı 1930-cu ildən başlayır. Sovetin vaxtında respublikada 20-yə yaxın sanatoriya və kurort fəaliyyət göstərib. Həmin şəfa ocaqlarının bəziləri (“Naftalan”, “İstisu”, “Şuşa”, “Bilgəh”) öz əhəmiyyətinə görə bütün keçmiş SSRİ məkanında məşhur müalicə-istirahət obyektləri sırasında olub. Azərbaycandakı sanatoriya-kurort sistemi vaxtilə hər il 100 mindən çox adama xidmət göstərirdi. Son illərdə isə insanlar sanatoriyalarda xidmətin baha olması səbəbindən orada müalicə ala bilməmələrindən şikayətçidirlər. Yalnız imtiyazlı şəxslər xüsusi göndərişi təqdim etməklə kurort-sanatoriyalarda ödənişsiz dincələ bilirlər.

Bu təyinatdan sonra dəyişiklik olacaqmı? İctimaiyyəti maraqlandıran bu sual ətrafında araz.az xəbər portalı da, geniş araşdırma yazıları verməyi planlaşdırır. Saytımızı izləməyi unutmayın.

Səməndər QURBANOV,

araz.az xəbər portalı.