0008f305-5d9b-4941-8527-aa8b7ea7df47.jpgDövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Baş katibinin müavini Rikardo Trevino Çapa ilə görüşüb.

Komitədən “Report”a verilən məlumata görə, görüş Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində baş tutub.

S.Mehdiyev ÜGT ilə Azərbaycan gömrük xidməti arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib, əməkdaşlığın hazırkı vəziyyətindən razılığını ifadə edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən davamlı islahatlardan bəhs edən Komitə sədri, eyni zamanda, gömrük sahəsində şəffaflığın təmin olunması istiqamətində atılan addımlardan və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsindən söhbət açıb. O, vurğulayıb ki, Azərbaycan gömrüyü bu gün dünya gömrük ailəsinin etibarlı üzvüdür.

ÜGT-nin bir sıra beynəlxalq və regional tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini diqqətə çatdıran S.Mehdiyev, eyni zamanda, Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda iştirakına görə qonağa təşəkkürünü bildirib.

R.Trevino Çapa Azərbaycana səfərindən, eləcə də Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda iştirakından məmnunluğunu bildirib. Təmsil etdiyi təşkilatda Azərbaycan Gömrük Xidmətinin rolunun yüksək qiymətləndirildiyini vurğulayan qonaq ÜGT ilə Azərbaycan gömrüyü arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini bildirib.

araz.az xəbər portalı.