Kilsədə olan sənət əsərləri xilas edilib
Paris Notr-Dam kilsəsini hər il 20 milyon turist ziyarət edirdi. Əsası 1163-cü ildə qoyulan və tikintisi 1345-ci ildə başa çatan kilsəyə ilk özül daşını Roma Papası III Alexander qoyub. O vaxt Kral VII Luis Sena çayında fransızların “Île de la Cité” adlandırdıqları adada tikilən bu kilsəyə xüsusi önəm verirdi. Bu kilsə Parisdə inşa edilən ilk xristian kilsəsi kimi də önəm daşıyır. Parisin simvolu kimi tanınan kilsə Qotika üslubunda tikilib və bu üslubun brilyant qaşlı üzüyü kimi məşhurdur. German qəbiləsi olan qotlara bağlı bu memarlıq üslubu XII-XIII əsrlərdə Qərbi Avropada geniş yayılmışdı.
69 metr hündürlüyü olan kilsə 1790-ci ildə Fransa inqilabı zamanı ciddi aşınmalara məruz qalmışdı və faktiki xarabalığa çevrilmişdi. Dünya miqyasında nadir tikililərindən olan bu kilsə Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Notrdam kilsəsinin qozbeli” romanı ilə bütün dünyaya tanındı. Eyni zamanda bu roman kilsənin ciddi təmirə ehtiyacının olması barədə də oxucular arasında ciddi ictimai rəy yarada bildi. Məhz bu romanın təsiri ilə 1844-1846-cı illərdə kilsə o vaxtın böyük memarları olan Jean-Baptiste-Antoine Lassus və Eugène-Emmanuel Viollet-le-Duc tərəfindən bərpa edildi.
Bu kilsədə İngiltərə kralı VI Henri 1431-ci ildə Fransa kralı elan olunub.
1804-cü ildə Napoleonun tacqoyma mərasimi bu kilsədə keçirilib.
2017-ci ildə “The New York Times” yazmışdı ki, Paris Notr-Dam kilsəsinin təmirinə 180 milyon dollar vəsaitin xərclənəcəyi nəzərdə tutulub.
Bu gün isə “The New York Times” yazır ki, hadisənin səbəbi bəlli deyil. Ancaq rəsmi şəxslər ehtimal edir ki, yanğın təmir işlərindən dolayı meydana çıxıb. Yanğın zamanı ölən və yaralanan olmayıb. Yanğını söndürmək üçün 400 nəfərlik yanğınsöndürmə briqadası hadisə yerini əhatəyə alıb…
Kilsənin mətbuat katibi Andre Finotn Fransa mediasına bildirib ki, binada hər şey və hər yer yanır. Ancaq fransalı jurnalist Nicolas Delesalle bəyan edib ki, yanğınla bağlı yaxşı xəbər də var. Belə ki, kilsədə olan bütün sənət əsərləri, o cümlədən tarixi önəmi olan əşyalar vaxtında təhlükəsiz yerə daşınıb.
Parisin meri Anne Hidalgo Twitter üzərindən xalqa müraciətində bildirib ki, hər kəs yanğın yerindən uzaqda olmağa çalışmalıdır. Biz yanğınsöndürənlərə işləmələri üçün şərait yaratmalıyıq.
Fransa prezidenti Emmanuel Makron isə Twitter hesabında yazıb ki, Paris Notr-Dam kilsəsi od içindədir: “Bütün vətəndaşlarımız kimi mən də qəmginəm. Bizim varlığımızın bir hissəsinin yanmasını görmək çox üzücüdür”.
Fransa mediası onu da qeyd edir ki, prezident şəxsən yanğın baş verən ərazidə olub…
Minlərlə insan Parisin müxtəlif məhəllələrinə yığışaraq göz yaşları içində yanğını seyr edirlər.
CNN isə bildirir ki, kilsənin ən yüksək hissəsi yanğından dolayı dağılıb. Başqa sözlə desək, kilsənin damı çöküb və aşağı tökülən daşlar qarşısına çıxan divarlara da ciddi xəsarət yetirib.
Yanğından doğan və ərşə ucalan tüstü burulğanı hətta Parisdən kənar yerlərdən də görünür…
Dünyanın bütün aparıcı informasiya agentlikləri, media nəhəngləri, o cümlədən TV kanalar yanğınla bağlı canlı yayın verib. ABŞ prezidenti Donald Tramp Twitter hesabında bu hadisədən ciddi narahat olduğunu vurğulayıb və kilsədəki yanğının mümkün qədər tez söndülməsini istəyib.
[bt_youtube url=”https://youtu.be/gPVUr-V-qzU” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
Paytaxt sakinlərindən biri isə CNN-ə bildirib ki, Notr-Dam kilsəsi olmadan Parisi təsəvvür etmək belə mümkün deyil. Notr-Damsız nə Paris?…
Rəsmi Vatikan da hadisəyə reaksiya verib: “Paris Notr-Dam kilsəsi xristianlığın Fransada və bütün dünyada simvollarından biridir. Biz şok və kədər içində bu kilsənin dağılmasını seyr edirik. Biz Fransa katolikləri ilə vəhdətdəyik. Ürəyimiz parislilərlə bir vurur. Biz yanğınsöndürənlər üçün dua edirik. Onlar bu təhlükəni aradan qaldırmaq üçün həyatlarını riskə qoyublar”…
Azərbaycanda isə bəzi saytlar qeyd edir ki, Paris Notr-Dam kilsəsinin təmirinə Heydər Əliyev fondu da vəsait ayırıb. Ancaq bu yanlış məlumatdır. Heydər Əliyev fondu Strasburqda yerləşən Notr-Dam kilsəsinin təmirinə 40 min avro yardım edib. Sadəcə kilsələrin adlarındakı oxşarlıq müəyyən çaşqınlığa səbəb olub…
Gözümüzün qabağında möhtəşəm bir məbəd məhv olur. Əminəm ki, fransız xalqı bu kilsəni yenidən-öz tarixi əzəmətinə uyğun biçimdə inşa edəcək. Bir vaxt dünyanın paytaxtı hesab olunan Parisə səfər edən turistlər yenə bu kilsəni ziyarət etmək üçün növbəyə dayanacaq…
Elbəyi Həsənli,
musavat.com
araz.az xəbər portalı.