Goranboy rayonu Azərbaycan Respublikasının dövlətçilik tarixində hər zaman xüsusi yeri və çəkisi olan rayonlardan biri olub.
Buna müxtəlif amillər səbəb olub ki, bu amillər içərisində ən əsası, adı çəkilən rayonunun dövlətçiliyimizin qorunub saxlanılması yöndə oynadığı rol, buraxdığı silinməz izlərin varlığıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Quliyev Nizaməddin Məhəmməd oğlu Goranboy RİH-ə başçı təyin olunur, elə həmin vaxtdan da rayonda yeni bir mərhələnin, daha dəqiq desək əsaslı inkişafın başlanğıcı qoyulur.
Onu da bildirək ki, bu şəxs ötən illər ərzində vətənpərvərlik ideyalarına sadiq olduğunu əməli addımları ilə sübuta yetirən və ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasi kursun müdafiə olunmasında əzmkarlıq nümayiş etdirən vəzifə sahiblərindən biri olub. Ötən 10 il ərzində Goranboy rayonunun hər bir problemini diqqətdə saxlayan, xüsusilə də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yöndə əməli addımlarını atan Nizaməddin Quliyev, bu gün də ona göstərilən etimad və etibarı lazımi səviyyədə doğrultmağa çalışır. Belə bir səbəblər üzündəndir ki, o, 2 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının ictimai-siyasi həyatındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. Bu kimi səbəblər üzündən də, biz KİV nümayəndəsi olaraq hər zaman adı çəkilən vəzifə sahibinin həyata keçirdiyi idarəçiliklə, əldə olunan naliyyətlərlə, daha çox isə, bu şəxsə qarşı ictimai fikirin hansı aspektdən formalaşmasını ayırd etməyə çalışmışıq. Tərəfimizdən apardığımız araşdırmalar zamanı bəlli olub ki, Nizaməddin Quliyev hər zaman xalq-dövlət anlayışını uca tutan və bu yöndə əməli addımlarını atan vəzifə sahiblərindəndir. Məhz buna görə də, ölkənin siyasi rəhbərliyi tərəfindən ermənilərlə həmsərhəd ərazidə yerləşən Goranboy rayonunda on il ərzində rəhbərlik, məhz adı çəkilən bu şəxsə etibar olunur.
Bu da olduqca önəm daşıyan faktorlardan biridir. Fakt budur ki, Nizaməddin Quliyev icra başçısı təyin olunduqdan sonra rayonda ötən on il ərzində sayı-hesabı bilinməyən sayda lahiyələrə imza atılmış, çoxsaylı abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Biz bunları rayonun mərkəzi hissələrində, kənd və qəsəbələrində, iri yaşayış məntəqələrində öz gözlərimizlə gördüyümüzdən, atılan hər bir addımın nəticəsi olaraq, bu şəxsə qarşı yanaşmamızı ortaya qoymağı bacara bilmişik. Bəli, yeniləşən Goranboyun bu günü, hər kəsin gələcəyə ümid hissi ilə baxmasına səbəb olur.
Media üzərindən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Nizaməddin Quliyev Goranboy RİH-nin başçısı vəzifəsini daşıdığı illər ərzində cənab Prezident altı dəfə bu rayona səfərlər edir və hər səfəri zamanı xeyli sayda obyektlərin və infrastruktur layihələrin açılışını da həyata keçirir. Həmçinin ötən illər ərzində ölkə rəhbəri rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 13 sərəncam imzalayır ki, bu da rayonda tikinti, quruculuq və abadlıq işlərinə güclü təkan verir. Məsələn, ötən illər ərzində Heydər Əliyev Mərkəzi, Dövlət Bayraq Muzeyi, YAP rayon təşkilatının inzibati binası, şəhər 3 saylı tam orta məktəbi üçün bina, Uşaq Şahmat məktəbi, Avtovağzal binası, 100 yerlik uşaq bağçası, Ticarət mərkəzi, Qaz istismarı idarəsinin inzibati binası, Su-kanal idarəsinin inzibati binası, Kənd təsərrüfatı idarəsinin inzibati-laboratoriya binası, Elektrik şəbəkənin inzibati binası, Qarabağ əlilləri və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli yaşayış binası, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Goranboy rayon idarəsinin inzibati binası, “Goranboy” hoteli və s. inşa olunub.
Bundan əlavə, Mərkəzi Rayon Xəstəxanası və lazımi göstəricilərə cavab verən yeni çörək zavodu inşa olunur. Rayona giriş hissəsinin ətrafında yenidənqurma işləri aparılmaqla yol genişləndirilib və nəqliyyatın ikitərəfli hərəkəti təmin olunub. Rayonda üstüstə 24 məktəb və 3 əlavə tədris korpusu inşa olunub, 11 məktəb binasında əsaslı təmir-bərpa işləri həyata keçirilib. Sakinlərin mavi qaza olan ehtiyaclarının ödənilməsi məqsədilə 2010-2018-ci illər ərzində 40 yaşayış məntəqəsi tam şəkildə qazlaşdırılır ki, bu da rayon üzrə qazlaşmanın göstəricisini 95 faizə çatdırır. Elektrik enerjisi ilə təminata gəlincə isə, yeni “Goranboy Paylayıcı” Elektrik məntəqəsi, “Dəliməmmədli”, “Kürəkçay” yarımstansiyaları tikilir və elektrik təsərrüfatı yenidən qurulur. Nizaməddin Quliyev Goranboyda icra başçısı olduğu illər ərzində rayonunun abadlaşdırılması ilə bağlı aparılan irimiqyaslı işlərdən biri də, sakinlərin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması olur.
Yəni, bu sahələr də tam olaraq yenidən qurulur. Hal-hazırda Olimpiya İdman Kompleksində, Ailə və Uşaqlara Dəstək Mərkəzində və 40 mənzilli yaşayış binasında işlər davam etdirilməkdədir.
Onu da qeyd edək ki, 14 oktyabr 2010-cu il tarixdə Dövlət Neft Şirkətinin ayırdığı vəsait hesabına Azərbaycan Respublikasının ərazisində ikinci ən böyük bayrağın, yəni uzunluğu 18 metr, eni 9 metr, dayaq hündürlüyü isə 65 metr olan bayrağın Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində açılışı həyata keçirilir. Dövlətimizin əsas atributlarından biri olan üçrəngli bayrağımızın ermənilər olan ərazilərdən açıq-aydın şəkildə görünməsi, hər bir azərbaycanlının qürur duyduğu anlardır. Xüsusi vurğulanası hallardan biri də o olur ki, əgər əvvəllər adı çəkilən kəndin sakinləri dünyasını dəyişən şəxsləri gecə saatlarında dəfn edirdilərsə, artıq neçə ildir ki, belə bir problem də aradan qaldırılıb. Yəni, Goranboyun sabiq icra başçısının birbaşa təşkilatçılığı ilə, kəndin düşmən tərəfindən görünməsinin qarşısını almaq üçün 6 metr hündürlükdə, 1500 metr isə uzunluğunda istinad divarları çəkilib.
Belə bir addımların atılması onu söyləməyə əsas verir ki, Nizaməddin Quliyev nəinki Tap Qaraqoyunlu kəndini, bütövlükdə Goranboy rayonunu göz bəbəyi kimi qorumağa çalışırdı. Sözsüz ki, bütün bunlar ötən on il ərzində həyata keçirilən işlərin müəyyən hissəsi haqda əldə etdiyimiz məlumatların bir hissəsidir.
Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, Nizaməddin Quliyevin icra başçısı olduğu ötən on il ərzində Goranboy rayonun bütün sahələrində yenidənqurma və bərpa işləri həyata keçirilmiş, hər sahədə əsaslı addımlar atılmışdır. Məhz, belə bir səbəblər üzündəndir ki, cənab İlham Əliyev adı çəkilən bu şəxsə qarşı oxşar münasibətini bu gün də sərgiləməkdə davam edir.
Artıq hər kəsə o da bəllidir ki, ölkə rəhbəri 05 aprel 2019-cu il tarixdə Nizaməddin Quliyevi Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək, onu Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib. Sözsüz ki, belə bir addımın atılması bir daha onu söyləməyə əsas verir ki, bu şəxs Prezidentin etibar etdiyi vəzifə sahiblərindən biridir.
Düşünürük ki, Goranboy rayonunun tarixində silinməz izlər buraxan, adını yaddaşlara qurucu və yaradıcı şəxs qismində həkk etdirən və yeni vəzifəsinin icrasına başlayan Nizaməddin Quliyev, Goranboy rayonunda olduğu kimi Ağstafa rayonunda da ona göstərilən etimadı lazımınca doğurultmağa çalışacaq. Ən əsası, yerli sakinlərin üz-üzə qaldıqları çoxsaylı problemlərin, həllini gözləyən bir çox məsələlərin, qarşıda duran əsas vəzifələrin həlli yöndə lazımi addımlarını atacaq. Artıq yerli sakinlərdən əldə etdiyimiz məlumatlara görə, Ağstafada Səməd Vurğun parkı ilə üzbəüz yolun genişləndirilməsinə başlanılıb. Bu da onu sübut edir ki, Nizaməddin Quliyev illər ərzində əldə etdiyi iş təcrübəsini, çevik idarəçilik bacarığını Ağstafa rayonuna məxsus problemlərin həllinə yönəldəcək və hər kəs də atılan addımların şahidi olacaq.
Kamal Mirzə
araz.az xəbər portalı.