Təhsil eksperti Nadir İsrafilov: “Ali məktəblərdə imtahan suallarında indiyədək “orta məxrəc standartı” əldə edilməyib”
“Hürriyyət” qəzeti və Hurriyyet.org saytına daxil olan məlumata görə, Lənkəran Dövlət Universitetində tələbələr semestr imtahanlarının suallarından çətinlik çəkirlər. Özəlliklə I kurs tələbələri. Tələbələrin Hurriyyet.org-a verdiyi məlumata görə, imtahan suallarının çətin olduğu səbəbindən, bir qrupdan əksər tələbələrin nəticələri qeyri-kafi olur. Yazıda apardığımız araşdırmalardan məlum olur ki, başqa ali məktəblərlə müqayisədə LDU-da imtahan sualları çox və mürəkkəbdir, təhsildə humanizm prinsipinə rəğmən tələbələrə ikinci dəfə bilet çəkmək şansı verilmir, imtahanın müddəti başqa ali məktəblərdə 3 saat olduğu halda LDU-da 2 saatdır və universitetdə bu kimi problemlər mövcuddur. LDU-dan bildirilir ki, imtahan sualları Təhsil Nazirliyindən verilir. Bu fikrin nə qədər həqiqətə uyğun olmasıyla bağlı Təhsil Nazirliyinə – http://edu.gov.az/az/contacts/appeal – elektron müraciət etmək və yazıda əks olunan digər məsələlərlə bağlı Təhsil Nazirliyindən mütəxəssis rəyi öyrənmək istədik. Amma məlum oldu ki, elektron müraciət formal xarakter daşıyır. Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini və QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxlamaq mümkün olmadı.
Yazıda əks olunanlara təhsil eksperti Nadir İsrafilovun mövqeyini öyrəndik. Nadir İsrafilov bunları bildirdi: “Hər şeydən əvvəl onu qeyd edim ki, ölkəmizdə test tətbiq olunmağa başlayandan bəri sualların asan və ya çətinliyi ilə bağlı məsələ heç də hər kəs tərəfindən birmənalı qarşılanmayıb. Kimlərsə sualların çətinliyini müəyyən maraqlarla əlaqələndiribsə, digərləri bunu keyfiyyətin yüksəldilməsinə xidmət edən bir amil kimi dəyərləndirib. Bu günə qədər əgər belə demək mümkündürsə, “orta məxrəc standartı” əldə edilməyib. Mən LDU-da ötən il olmuşam, müəllim və tələbə heyyəti ilə görüşmüşəm. Universitetdə titanik işlərin görülməsinin və kollektivdə yüksək əhval-ruhiyyənin hökm sürməsinin bilavasitə şahidi olmuşam. Rektor vəzifəsini icra edən professor Natiq İbrahimovu hələ Təhsil Nazirliyində ışləyərkən bir peşəkar, demokratik və humanist ruhlu bir mütəxəssis kim tanıyıram. Hətta Lənkəranda görüşümüz zamanı ona “əgər belə eneri və ruh yüksəkliyi ilə işləyəcəksənsə, səni Bakıya qaytarmayacaqlar” zarafatyanı “iradımı” da bildirmişəm. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, universitetlərin tədris, akademik, maliyyə, kadr müstəqiliyinin genişləndirilməsi zəruriliyi önə çəkilib. Tədris proqramlarının və test suallarının tərtibinə doqma kimi baxmaq düzgün deyil, yerli şərait və potensial imkanlar nəzərə alınmalıdır. Bildiyim kimi ərizə və şikayətlərə baxılmaq üçün Universitetdə Apellyasiya komissiyası fəaliyyət göstərir, bundan əlavə İctimai nəzarət şurası da yaradılıb. Problemin həlli üçün aşkarlıq və şəffaflıq mühiti mövcuddur”.
Hurriyyet.org
araz.az xəbər portalı.