Qərbi Azərbaycan İcmasında XVII Yay Paralimpiya Oyunlarında T13 kateqoriyasında çıxış etmiş, əslən Qərbi Azərbaycanın Barana rayonunun Yuxarı Körpülü kəndindən olan paraatlet Lamiyə Vəliyeva ilə görüş keçirilib.

araz.az xəbər portalının əldə etdiyi məlumata görə, Paralimpiya Oyunlarında Azərbaycanı uğurla təmsil etmiş L.Vəliyevanı təbrik edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ona növbəti yarışlarda da parlaq qələbələr arzulayıb.

Ə.Ələkbərli Lamiyə Vəliyevanın bu uğurunun təkcə Qərbi Azərbaycan gəncləri üçün yox, həm də bütün Azərbaycan gəncləri üçün bir örnək olduğunu qeyd edib.

İcmanın Müşahidə Şurasının sədri, professor Misir Mərdanov paralimpiya çempionunu təbrik edib, uğurlar arzulayıb, həmçinin digər qadın atletlərimizin də bu uğurdan ruhlanaraq gələcəkdə yeni nailiyyətlər əldə edəcəyinə ümid etdiyini bildirib.

Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı da çıxış edərək çempion xanıma uğurlar arzulayıb və bu nailiyyətlərinin davamının gəlməsini diləyiblər.

Qərbi Azərbaycan İcması Nərimanov rayon nümayəndəsi, Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev də tədbirdə çıxış edərək, çempionu təbrik edib və bələdiyyə tərəfindən ona aylıq təqaüd təyin edildiyini elan edib.

Sonra Lamiyə Vəliyevaya Qərbi Azərbaycan İcmasının Fəxri Fərmanı, üzvlük vəsiqəsi, döş nişanı və İcmanın pul mükafatı təqdim olunub.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

araz.az xəbər portalı.