imamoglu.jpg

Xəbər verdiyimiz kimi, 31 martda Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilib.

“Qafqazinfo” xəbər verir ki, siyasət dünyasında çox da tanınmayan İmamoğlu 1970-ci ildə Trabzonda dünyaya gəlib.

Orta təhsilini məmləkətində bitirdikdən sonra İstanbul Universitetinin İngilis dili fakültəsində ali təhsil alıb. Magistraturanı isə həmin universitetin İnsan Resursları və İdarəetməsi ixtisasında oxuyub.

 

İdmana sıx bağlılığı olan İmamoğlu “Trabzonspor” və “Bəylikdüzü” klublarının idarə heyətində yer alıb.

Siyasi karyerası isə 2008-ci ildə başlayıb. CHP-yə üzv olduqdan sonra 2009-cu ildə partiyanın Bəylikdüzü qəsəbə təşkilatının sədrliyinə təyin edilib. 2014-cü ildə isə qəsəbənin bələdiyyə sədri seçilib və 5 il bu vəzifəni icra edib.

O, 2017-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Qədir Topbaş vəzifəsindən istefa verdiyi zaman CHP tərəfindən bu posta namizəd göstərilib. Lakin Bələdiyyə Məclisində keçirilən növbədənkənar seçkilər zamanı AKP-nin namizədi Mövlud Uysal qalib gələrək sədr seçilib.

18 dekabr 2018-ci ildə həmin vəzifəyə yenidən İmamoğlunun namizədliyi irəli sürülüb. Nəhayət, ikinci cəhdində istəyinə nail olub. Belə ki, bu ilin 31 martında keçiriln səsvermədə 4 milyon 169 min 765 səs toplayaraq İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilib. Onun ən güclü rəqibi, AKP-nin namizədi Binəli Yıldırım isə 4 milyon 156 min 765 səs toplayaraq ikinci olub.

Qeyd edək ki, Bu gün İstanbul Ədliyyəsi Əkrəm İmamoğlu sədrlik vəsiqəsini təqdim edib. 49 yaşlı siyasətçi daha sonra Mövlud Uysaldan vəzifəsini təhvil alaraq rəsmən işə başlayıb.

24 ildir Dilək Qaya ilə evlidir, 3 uşaq atasıdır.

 

araz.az xəbər portalı.