araz.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Eyni zamanda, təqsirləndirilən Nazim Quliyevin vəkili müdafiə etdiyi şəxsin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığıyla dəyişdirilməsi üçün vəsatət qaldırıb. Dövlət ittihamçısı Vüsal Mehrəliyev vəsastətin təmin olunmamasını istəyib. O, bunu təqsirləndirilən şəxsin zərərçəkmişlərə təzyiqlər edə bilmə ehtimalı ilə əsaslandırıb. Məhkəmə vəsastəti təmin etməyib.
Məhkəmənin baxış iclası 25 oktyabra təyin olunub.
Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə); 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə); 182.2.2 (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) və 182.2.4 (hədə-qorxu ilə tələb etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb. Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə də ittiham olunaraq, 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb.
araz.az xəbər portalı.