Tanınmış simalar vətəndaşların pozulmuş hüquqlarının bərpasını tələb edirlər
Bir milyon nəfərədək vətəndaşın problemini özündə ehtiva edən özəlləşdirmə çekləri (vauçer) ilə bağlı problem aktuallığını qoruyur. İllər boyu deputatlar, ziyalılar, hüquqşünaslar, sıravi vətəndaşlar tərəfindən dönə-dönə dilə gətirilən, aidiyyəti qurumlara çağırışlar edilən, hökumətin təcili tədbirlər görməsinə yönəlik fikirlər səsləndirilən ÇEK və HAQQ məsələsi həllini tapmır ki, tapmır.
Özəlləşdirmə çeklərinin həm HÜQUQ, həm də MƏNƏVİYYAT məsələsi olması barədə saysız-hesabsız məqalələr yazılıb, mövqelər sərgilənib, izahatlar verilib, fikirlər bəyan edilib, fakt-sübutlar ortaya qoyulub. Mütləq şəkildə isbat edilib ki, özəlləşdirmə çekləri mülkiyyətdir, mülkiyyət haqqı onun sahibinə məxsusdur, onun sahibi olan vətəndaşın haqqını Konstitusiya və qanunlar qoruyur – nəticədə bu HAQQ alına, tapdana, pozula bilməz!
Dövlət özəlləşdirmə çekləri, bu çeklərin qanunsuz şəkildə tədavüldən çıxarılması, əhalinin halal haqqının əlindən alınması və yüzminlərlə vətəndaşın dövlətdən ƏDALƏT tələb etməsi haqda, yuxarıda da qeyd olunduğu kimi, illərlə danışılır, yazılır, ifadə olunur. Ən müxtəlif sahələri təmsil edən aydın insanlar, düşüncə sahibləri, mütəxəssislər, dövlətini və xalqını sevən ziyalılar, millət vəkilləri səviyyəsində illər uzunu problem hökumətin diqqətinə çatdırılıb, ədalət çağırışı edilib, milli birlik və bərabərlik naminə bu problemin çözümünün vacibliyi vurğulanıb.
araz.az bildirir ki, daha çox AYNA zaman-zaman problemi dilə gətirib. İndi də, hakimiyyəti təcili tədbirlər görməyə səsləyən tanınmış dövlət adamlarının, elm xadimlərinin fikirlərindən qısa xülasələri təkrar ictimaiyyətin və hökumətin diqqətinə çatdırır.
1992-ci ildə Prezident səlahiyyətlərini icra etmiş, Milli Məclisin sabiq sədri, akademik Yaqub Məmmədov:
“Bilirsiniz ki, bir müddət yüksək dövlət vəzifələrində çalışmışam, qısa müddət isə ölkəyə rəhbərlik etmişəm. Bu səbəbdən özəlləşdirmə çeklərinin mahiyyəti barədə xəbərdar idim. Əslində bu çeklər keçid dövründə vətəndaşların ölkənin gələcək iqtisadi taleyində iştirakını təmin etməli idi. Lakin göründüyü kimi, bu, baş vermədi. Çeklər çox aşağı qiymətə “qara bazar”da toplandı və bundan yalnız bir qrup işbaz qazandı.
Bu proses faktiki olaraq unutduruldu. İlk növbədə müvafiq dövlət qurumları bununla bağlı maarifləndirmə, təbliğat işləri aparmalı idi, amma olmadı. Vauçerlər üçün tədavül müddəti nəzərdə tutulmamalı idi. Bu da olmadı. Nəticədə yüzminlərlə vətəndaşın birbaşa, milyonlarla vətəndaşın isə faktiki olaraq mülkiyyət hüquqları pozuldu.
Özəlləşdirməyə çıxarılan müəssisələrin pay sahibləri kimlər idi və onlar bu prosesi necə həyata keçirdilər, bu barədə də ictimaiyyətə heç bir məlumat verilmədi. Təbii ki, baş verənlərin fonunda mən və ailə üzvlərim vauçerlərimizi saxladıq. Onlar bu gün də bizdə durur. Bu məsələyə yenidən baxılmalıdır”.
Sabiq Baş nazir Pənah Hüseyn:
“Bu gün yüz minlərlə vətəndaş özəlləşdirmə çekləri əllərində tarixi ədalətin baş verəcəyi günü gözləyir. Bu çeklər onlara qarşılıqsız və müddətsiz verilib. Sonradan tədavül müddətinin dayandırılması qərarı əsassızdır. Bütün hallarda bu məsələyə yenidən baxılmalıdır. Hansısa formada vətəndaşlara dəyən zərər ödənilməlidir.
Müvafiq qurumlar təcili hərəkətə keçməlidir. Əvvəlcə araşdırılmalıdır ki, prosesin özü necə aparılıb. Hansı qüsurlara və pozuntulara yol verilib. Daha sonra çekləri əllərində qalan vətəndaşların statistikası aparılmalıdır. Bundan sonra müvafiq qurumlar – Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi qərar verməlidir.
Burada iki yol təklif olunur: bunlardan biri tədavül müddətini artırmaqla, çekləri əllərində qalan vətəndaşların növbəti özəlləşdirilmə prosesində iştirakına şərait yaratmaq, digəri isə kompensasiya ödənilməsidir. Kompensasiyanın həcmi isə aradakı inflyasiya şərtləri nəzərə alınmaqla müəyyən edilməlidir. O da mümkündür ki, gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı vauçerləri əllərində qalan vətəndaşlara konkret kvota ayrılsın. Bütün hallarda bu çeklər yenidən tədavülə qaytarılmalı və bu prosesə yekun vurulmalıdır”.
Keçmiş Baş prokuror, sabiq deputat İlyas İsmayılov:
“Vətəndaşın hüququnun, haqqının qorunması təmin edilməlidir. Özəlləşdirmə çeklərinin üzərində tadavül müddətinin bitməsi tarixi göstərilməyibsə, bu qiymətli kağızları tədavüldən çıxarmaq qərarı səhv idi. Hesab edirəm ki, bu sahədə yaranmış problem ədalətli şəkildə həllini tapmalıdır.
Özəlləşdirmə prosesi vətəndaşların iştirakı olmadan başa çata bilməz. Dövlətin bu qiymətli kağızına dəyərsiz kağız parçası kimi baxılmamalıdır. Hökumət ədalətli qərarını verməlidir. Bütün hallarda lazımi mexanizm tapılmalı, prosesə yekun vurulmalıdır. Bu çeklər vətəndaşların halal haqqıdır və onların öz haqlarından istifadə etmək hüquqları var. Bu hüququ isə heç bir halda məhdudlaşdırmaq olmaz. Müvafiq mexanizmlər tapılmalı, sistemli şəkildə problem yoluna qoyulmalıdır”.
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov:
“Vətəndaşlar zamanında bu çeklərə böyük ümidlərlə baxıblar. Bəzən belə iddialara rast gəlirik ki, payçıların onlara məxsus özəlləşdirmə çeklərini satışa çıxarmaq üçün imkanları olub. Hətta bu məqsədlə bir neçə dəfə tədavül müddətinin artırılması da qeyd olunur. Lakin bunu söyləyənlər o məqamı unudurlar ki, insanlar bu çeklərə ümidlə baxırdılar və proses onların istəklərinə uyğun şəkildə təşkil edilməyib. Bu səbəbdən də xeyli sayda vətəndaş hələ də çeklərini qoruyur.
Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanında aydın şəkildə qeyd edilirdi ki, özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin sahibi vətəndaşlar olmalıdır. Hər bir çekin əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Əgər bu proses fərmanda və qanunvericilikdə nəzərdə tutulduğu formada aparılsaydı, o zaman insanlarımız kifayət qədər əmlaka sahib olardılar. Bu gün onlar nəinki buna nail olmayıblar, yüzminlərlə vətəndaş hələ də tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Oliqarxların dövlət müəssisələrini ələ keçirməsi vətəndaşın günahı deyil. Əslində onlar da bu prosesdə istismar olunublar və məhz buna görə də çekləri “qara bazar”da satmaqdan imtina ediblər. Bütün hallarda vətəndaşların hüquqları bərpa edilməli, dəyən zərər hökumət tərəfindən kompensasiya edilməlidir”.
Keçmiş təhsil naziri, tanınmış türkoloq alim, profesor Firudin Cəlilov:
“Kimlərin əlində vauçerləri qalıbsa, onların hüquqları bərpa edilməlidir. Bu, hər bir vətəndaşın hüququdur. Bu haqq pozuldu, imkan vermədilər ki, vətəndaşlar öz mülkiyyət hüququndan istifadə etsinlər. Heç olmasa, indi əllərində vauçerləri qalan vətəndaşların haqlarını bərpa etsinlər”.
Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli:
“Əhaliyə əvəzsiz özəlləşdirmə çeklərinin paylanması ilə əlaqədar fərman və bununla bağlı qanunvericilik mükəmməl idi. Qanunvericilikdə pay sahiblərinin hüquqlarının qorunmasını nəzərdə tutan xeyli mütərəqqi məqamlar mövcud idi. Bu sırada özəlləşdirməyə çıxarılan müəssisələrin 65 faizinin vətəndaşlara məxsus olması, inflyasiyadan qorunmaqla konkret məbləğin müəyyən edilməsi, investisiya qiymətli kağızı olaraq çeklərin qorunmasına yönəlik qanunvericilik bazası müsbət cəhətlər idi.
Lakin sonradan proses yarımçıq saxlanıldı. Fərman və qanun mükəmməl idi, icrası isə bərbad. Əhalinin maariflənmə səviyyəsi yüksək deyildi, müvafiq qurumlar bu istiqamətdə fəal iş aparmadı. Nəticədə yüzminlərlə vətəndaş bu gün çeki əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Rəsmi dairələr müvafiq addımlar atmalı və özələşdirmə çekləri əlində qalan payçıların taleyinə aydınlıq gətirməlidir. Qarşıda böyük zavod və fabriklər özəlləşdirməyə çıxarılacaq. Bu, tarixi bir fürsətdir. Növbəti özəlləşdirmə prosesi zamanı çeki əlində qalan payçıların bu prosesdə iştirakına şərait yaradılmalıdır”.
1995-ci ildə özəlləşdirmə proqramını parlamentə təqdim edən Milli Məclisin sabiq üzvü, professor Cümşüd Nuriyev:
“Mərhum Prezident Heydər Əliyevin tapşırığı ilə parlament nümayəndə heyətləri bir çox ölkələrə səfər etdi. Milli Məclisin Büdcə Komissiyasının sədri olaraq birinci özəlləşdirmə proqramını parlamentə təqdim etdim. Mənim rəhbərliyim altında aqrar sahənin özəlləşdirilməsi ilə bağlı təcrübə mübadiləsi məqsədilə Fransaya parlament nümayəndə heyətinin səfəri baş tutdu. Əmlak Komitəsinin sabiq sədri, mərhum Tofiq Əzizovla birlikdə Çexiya, Hollandiya, Macarıstan, Bolqarıstan, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan və digər ölkələrə səfərlərimiz baş tutdu. Biz bu səfərlər zamanı özəlləşdirmə prosesi ilə bağlı onların təcrübəsi ilə tanış olduq. Birinci özəlləşdirmə proqramı da məhz buna müvafiq olaraq hazırlandı. Yekunda qərara gəlindi ki, hər bir vətəndaş üçün dörd özəlləşdirmə çeki nəzərdə tutulsun.
Bu gün özəlləşdirmə çekləri əllərində qalan payçıların taleyinə aydınlıq gətirilməlidir. Təklif edərdim ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlələri Dövlət Xidməti Dövlət Əmlak Komitəsinin hüququ varisi olaraq çekləri əllərində qalan payçıların siyahısını hazırlasın. Bundan sonra növbəti addımlar müəyyən edilərək proses mərhələli şəkildə davam etdirilsin. Nəzərə almaq lazımdır ki, artıq bunun üzərindən 25 il zaman ötüb və yeni situasiya yaranıb. Mövcud şəraitdə bunun necə həyata keçiriləcəyi, payçılara kompensasiyanın hansı şəkildə geri qaytarılması ilə bağlı müzakirələr İqtisadiyyat və Maliyyə nazirliklərinin, Milli Məclisin müvafiq komitəsinin, ekspertlərin iştirakı ilə birgə aparılmalıdır.
Eyni zamanda, o zaman özəlləşdirmə prosesinin hansı formada həyata keçirilməsi, qanunauyğunluğu məsələsinə də aydınlıq gəlməlidir. Nazirlər Kabineti müvafiq komissiya yaradaraq bu araşdırmanı təşkil edə bilər. Çünki özəlləşdirmə prosesinin yarımçıq həyata keçirildiyi ilə bağlı fikirlər artıq cəmiyyətdə özünə bir hüquq qazanıb. Yəni, şəhadətnamə alıb ki, bu prosesdən daha çox oliqarxlar faydalanıblar. Bu, bəlli həqiqətdir və onlar daha çox əmlak ələ keçirməklə, çoxmilyonluq pay sahiblərinin haqqını mənimsəyiblər.
Bu gün məsələyə iqtisadi baxımdan yanaşmaq lazımdır. Məlumdur ki, Azərbaycanda əksər dövlət müəssisələri artıq özəlləşdirilib. Yalnız iri və inhisarçı dövlət şirkətləri qalıb ki, onların özəlləşməyə çıxarılacağı gözlənilir. Dövlətin investisiyası ilə tam olmasa da, qismən bunu təmin etmək olar. Misal üçün, ödənişli avtomobil yollarının özəlləşməsində bu çeklər yararlı ola bilər. Qarabağın inşası prosesində də vauçerlərdən istifadə etmək mümkündür”.
YAP-ın tanınmış simalarından, siyasətçi, professor Şahlar Əsgərov:
“Bizə məxsus özəlləşdirmə çeklərini saxlamamışıq, o zaman satdıq onları. Üzərindən 25 ilə yaxın zaman keçib. Arada fikirləşirəm ki, kaş satmazdım. Amma biz keçmişə yox, gələcəyə baxmalıyıq. Bu gün Azərbaycanda kompleks islahatlar həyata keçirilir ki, bu islahatların yeganə məqsədi əhalinin rifah halını yüksəltməkdir. Təbii ki, qanunun imkan verdiyi formada bu məsələ öz həllini tapmalıdır. İnanıram ki, tapacaq da”.
Milli Məclisin keçmiş üzvü, iqtisadçı alim, professor Əli Əlirzayev:
“Özəlləşdirmə çekləri dövlət qiymətli kağızıdır. Ulu öndər Heydər Əliyevin bununla bağlı fərmanı dövlətin vətəndaşa yüksək dəyərinin ifadəsi olmaqla yanaşı, hərraca çıxarılacaq dövlət əmlakının 65 faizinin vətəndaşlar arasında paylanmasını hədəfləyirdi. Bu, çox vacib və zamanında verilmiş bir qərar idi.
2011-ci ildən çeklərin tədavül müddəti başa çatıb. Lakin bu gün də çekləri əllərində qalan vətəndaşlarımız var. Hesab edirəm ki, özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən artırılması vacibdir. Bu, həm vətəndaşların sosial rifah halını yüksəldəcək, həm mikro sahibkarlıqla məşğul olanların sayını çoxaldacaq, həm də ölkəmizə yerli və xarici sərmayədarların marağını artıracaq. Hökumət orqanları bununla bağlı araşdırma aparıb, müvafiq qərar verməlidir. Əminəm ki, özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların müraciətlərinə müsbət cavab veriləcək”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla:
“Özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməlidir. Hesab edirəm ki, Azərbaycan hökuməti bu mövzunu diqqətdən kənarda qoymamalıdır. Ola bilər ki, bu gün yox, sabah bu mövzuya qayıdılsın. Qeyd oluna bilər ki, postmüharibə dövründə dövlətin buna ayıracaq vəsaiti yoxdur. Lakin bütün hallarda niyyət və mövqe ortaya qoyulmalıdır.
Bunu necə həyata keçirmək olar: hərracamı çıxarılmalıdır, kompensasiyamı ödəniləcək, yoxsa növbəti özəlləşdirmə prosesində iştiraklarına yaradılacaq – buna müvafiq qurumlar qərar verməlidir. Kifayət qədər həssas mövzudur və həllini gözləyən sosial problemlərdən biridir. Qeyri-rəsmi məlumatlara görə, yüzminlərlə vətəndaş çeki əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Bu qədər adamı Allahın ümidinə də buraxmaq olmaz. Azərbaycan hökuməti ölkə ziyalılarının çağırışlarına və vauçerləri əlində qalan vətəndaşların çoxsaylı müraciətlərinə reaksiya verməlidir”.
“Tərəqqi və Demokratiya” İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu:
“Özəlləşdirmə çekləri ilə bağlı ədalətsizlik yaşanır. Bu istiqamətdə ciddi tədbirlər görülməlidir. Bu çeklərin dövriyyəyə buraxılmasından 25 ildən artıq zaman keçir. Kifayət qədər böyük zamandır. Çox təəssüf ki, bu proses bəzi fırıldaqçı və işbazların maraqlarına uyğun şəkildə aparıldı. Nəticədə pay sahibləri böyük ziyana uğradılar. Hansı ki, bu çeklərlə bağlı fərman veriləndə insanlar ümid edirdilər ki, bu, onların həyatında müsbətə doğru dəyişikliklər yaradacaq. Təəssüf ki, bəzi işbazlar bu dəfə də estafeti ələ aldılar və milyonlarla insanın arzusunu suya düşürdülər.
Bu gün çekləri əllərində qalan, tarixi ədalətin bərpa olunacağı günü səbirsizliklə gözləyən yüzminlərlə vətəndaşımız var. Onları Allahın ümidinə buraxmaq olmaz. Heç olmasa, indi bu insanların gələcəyinə sahib çıxsınlar. Ya yeni qanun qəbul etsinlər, ya tədavül müddətini artırsınlar, ya da kompensasiya ödəsinlər”.
QEYD
Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
ƏLAVƏ QEYD
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Aydın GƏRAY.
araz.az xəbər portalı.