metbeeqezet.jpgSərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders -RWB) 2019-ci il üçün “Dünya Mətbuat Azadlığı İndeksi” (“World Press Freedom Index-2019”) adlı yeni hesabatını
açıqlayıb.
Araz.az açıqlanan hesabata istinadən bildirir ki, Azərbaycanın 180 ölkə arasındakı mövqeyi son bir ildə 3 pillə pisləşib. Ötən il 180 ölkə arasında 163-cü sırada yer alan Azərbaycan bu il 166-cı sıraya geriləyib. Məlumat üçün qeyd edək ki, hesabatda yer alan ölkələrdə mətbuat azadlığının vəziyyəti 0-100 bal arasında qiymətləndirilir:

0-15 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti “yaxşı” (“ağ”),
15-25 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti “nisbətən yaxşı” (“sarı”),
25-35 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti “problemli” (“narıncı”),
35-55 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti “pis” (qırmızı”),
55-100 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti “çox pis” (“qara”)
Sərhədsiz Reportyorlar Təşkilatı ötən il oduğu kimi 2019-cu ildə də mətbuat azadlığı sahəsində Azərbaycanın vəziyyətini “çox pis” olaraq qiymətləndirib. 2018-ci il hesabatında 59,7 bal toplayan Azərbaycanın bu il 59,1 bal toplayıb.
Onu da qeyd edək ki, keçmiş SSRİ və region ölkələri arasında mətbuat azadlığının vəziyyəti Azərbaycanla müqayisədə yalnız İran (170-ci yer) və Türkmənistanda (180-ci yer) daha pis olub.
Keçmiş SSRİ və region ölkələri arasında mətbuat azadlığı sahəsində ən yaxşı vəziyyət Estoniya (11-ci yer), Latviya (24-cü yer), Litva (36-cı yer) və Gürcüstanda (60-cı yer) qeydə alınıb. Ermənistan 61-ci yer, Qırğızıstan 83-cü yer, Moldova 91-ci yer, Ukrayna 102-ci yer, Rusiya 149-cu yer, Belarus 153-cü yer, Türkiyə 157-ci yer, Qazaxıstan 158-ci yer, Özbəkistan 160-cı yer, Tacikistan 161-ci yer.
Ümumilikdə isə mətbuat azadlığı sahəsində ən yaxşı vəziyyət Norveç, Finlandiya, İsveç, Hollandiya və Danimarkaya məxsus olub. Ən pis vəziyyət isə Türkmənistan, Şimali Koreya, Eritreya, Çin və Vyetnamda qeydə alınıb. /Yeniavaz.com /

araz.az xəbər portalı.