“Araz Media” ictimai-siyasi qəzetinin və “Araz Media” (arazmedia.az) xəbər portalının baş redaktoru Fariz Quliyev prezident İlham Əliyevə müraciət edib.
Gənc yaşlarından Yeni Azərbaycan Partiyasının fəal üzvü olduğunu xatırladan Fariz Quliyev müraciətində dövlətə, dövlətçiliyə və ən başlıcası prezident
İlham Əliyevə sadiq olduğunu da vurğulayaraq, 17 ildir ki, çalışdığı mətbuat sahəsində üzləşdiyi problemlərdən söz açıb.
Bununla bağlı Araz.az-a açıqlama verən baş redaktor deyib ki, onun himayəsində yaşlı anası da var: «40 il xalqın, dövlətin övladlarını savadlandıran,
maarifləndirən təqaüdçü müəllimə, yaşlı, xəstə anam da, mənim himayəmdə kirayələrdə yaşayır. Lakin bu qədər çətinliklərə baxmayaraq, təəssüf ki, dövlətin mətbuata göstərdiyi bütün qayğılardan, imtiyaz və güzəştlərdən
kənarda saxlanılıram. Bunun əsas səbəbkarı isə,
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlidir. Bilmirəm, o, mənimlə nəyin və ya kimin ədavətini aparır. Halbuki, fəaliyyətim dövründə həmişə dövləti, dövlətçiliyi, möhtərəm cənab prezidentimizin apardığı siyasəti yüksək səviyyədə dəstəkləmişəm. Eyni zamanda, bir YAP-çı olaraq, bu uğurlu siyasəti ən yüksək səviyyədə rəhbərlik etdiyim
media orqanlarında da təbliğ etmişəm və etməkdəyəm. Ən maraqlısı odur ki, indiyə kimi nə məndən, nə də ki, rəhbərlik etdiyim media orqanlarının
əməkdaşlarından Azərbaycan Mətbuat Şurasına bir dəfə də olsa, şikayət daxil olmamışdır. Bir sözlə, mən, əqidəsini dəyişənlərdən deyiləm. Amma fakt odur ki, mənimlə açıq-aşkar, amma səbəbi mənə bəlli olmayan ədavət aparılır. Bunu jurnalistlərin rifahını yaxşılaşdırmaq məqsədi ilə tikilib, istifadəyə
verilən hər iki binada mənzillərin bölüşdürülməsi prosesində daha qabarıq formada yaşadım, gördüm, açıq şəkildə hiss etdim. Belə ki, hər iki binanın mənzil bölgüsündə Prezident Administrasiyasına təqdim olunan siyahıda Vüqar Səfərli adımın qabağına “qırmızı xətt» qoyaraq, evlə təmin edilməyimi məqbul hesab etmədiyini bildirib. Onun bu addımını isə hər gün, hər saat həyatımda hiss etməkdəyəm. Sual edirəm, niyə mənə bu ayrıseçkilik qoyulur? Axı, mənim ailə vəziyyətim, mənzil şəraitim əvvəlcədən açıqlanan bütün şərtlərə uyğun gəlirdi. Niyə sonradan KİVDF özünün açıqladığı şərtlərin mütləq əksəriyyətini çox kobud şəkildə pozmaqla yetmədi, üstəlik, mənim və mənim kimi haqqı olan jurnalistlərin qarşısında «çəpər» oldu? Mənzilə ehtiyacı olanlara yox, hansı yollarlasa redaksiyaları qarşısında 100.000 manatlıq “cip”-lər saxlayan redaktorlara ev verdilər. Halbuki həmin şəxslər bahalı maşın almayıb, mənzil ala bilərdilər.
Həmin oliqarx həyatı yaşayan baş redaktorlar da, hər kəsin gözünün içinə baxaraq, “ehtiyac məsələsi boş şeydir, bizə ev verməyə borcludurlar deyirlər”…
39 yaşım var, hələ də mənzil probleminə görə ailə həyatə qura bilmirəm. Gəlin görək medianın başında dayananlar öz övladlarını hansı yaşda evləndirirlər?!.
Fariz Quliyev: “Görün, məni hansı səviyyəyə çatdırıblar ki, artıq Azərbaycan xalqının əvəzsiz lideri, möhtərəm prezidentimiz İlham Əliyevə müraciət etməli olmuşam».
“Araz Media”-nın baş yazarı Fariz Quliyev, Bakının Suraxanı rayonunda yataqxana qeydiyyatında olduğunu, lakin orada yaşayış hüququnun olmadığını bildirib. O, prezident İlham Əliyevdən hec olmasa, Bakıda yerləşən yataqxanaların birində anası və özünün yaşaması, yaradıcılıqla məşğul olması üçün, müvəqqəti də olsa, iki kiçik otaq verilməsinə köməklik etməsini xahiş etmişdir.
Baş redaktor sonda prezident İlham Əliyevdən acınacaqlı mənzil şəraiti ilə bərabər, rəhbərlik etdiyi media qurumlarının durumunun da nəzərə alınmasını, rəhbərlik etdiyi xəbər portalı və qəzetə də, dövlət qayğısının göstərilməsini xahiş edib.
araz.az xəbər portalı.