Namiq Atabəyli.
(Yazıçı-publisist)
Nəsimi: “Simürğiyik bu məkansız cahanın…”
Şirvan Azərbaycanının iki dahi müqəddəs övladının- Şeyx Baba Dağ Bakuvi (933-1050) ilə Şeyx İmadəddin Nəsiminin (1369-1404) adını yanaşı çəkmədən Allahşünaslıq və İnsanşünaslıq elmi sufizmin məğz və mahiyyətini anlamaq imkansızdır. Böyük Nəsimininin dediyi kimi:
Hər nə ayda, ildə var, adəmdə var,
Hər nə üzdə, əldə var, adəmdə var.
Hər nə yerdə, göydə var, adəmdə var,
Həqq sözün fəhm etməyən adəm də var?!
“Cəmiyyəti dəyişmək çətin deyil, ən çətin şey özünü dəyişməkdir”- bu sözlər çağımızın son dahisi Mandela Nelsona məxsusdur. Əlbəttə, bu gün Nəimi və Nəsimi sufiliyini Şiəlik doktrinasına bağlamaq istəyənlər nə qədər çox olsalar da, bir məsələni heç kəs unutmamalıdır: Misir Türk-Məmlük dövləti istisna olmaqla, bütün İslam Şərqini istila etmiş türkləşmiş Monqol-bartas mənşəli Əmir Teymurun siyasi hakimiyyətə can atan şiə Ərdəbil şeyxlərinə xüsusi qayğıkeşlik göstərməsi, onların Osmanlı ərazisi daxil- Teymur istilasına uğramış hər yerdə azad şəkildə ideoloji-məzhəb təbliğatını aparmasına icazə verdiyi tarixi faktdır. Nəiminin Xorasan vilayətinin (-bura Məvarənnəhrdən İrana gəlmiş Oğuz türklərinin Dədə Qorqud rəhbərliyində ilk İslam dövlətini qurduqları məkandır) müsəlman-türk əhaləsini soyqırımına məruz qoyan Əmir Teymur, farsca deyilişinə görə “cahanın yarısı” (İsfi-cahan) adlanan İsfahanı tamamilə dağıdıb, 200.000 insanı qətlə yetirmiş və insan kəllələrindən 28 sünii dağ yaratmışdı. Belə olduqda, Şeyx Nəsimini də şiəlik böyasına bürüyüb, onu “Əli”, arvadını isə “Fatimə” adlandırmaq nə tarixi həqiqətlərə, nə də məntiqə sığır. Babək Xürrəminin azadlıq davasının və İstiqlal idealının ruhunda döğulub böyümüş Nəimi və Nəsimi işğalçı Teymurilər əleyhinə mübarizə aparmış və şəhid olmuşlar. Bu mənada, 650 İlliyini qeyd edəcəyimiz Şeyx İmadəddin Nəsimi də bu günkü nəsil üçün ilk növbədə XIV əsrdə növbəti işğala uğramış Şirvanşahlar Diyarının istiqlalı uğrunda mübarizəsi aparmış bir Azadlıq simvolumuzdur.
Dünyanı insanlığa çağıran iki ölməz şirvanlının- Baba Dağın və Şeyx Nəsiminin İnsanlıq tarixində əvəzedilməz yeri vardır. Bəlkə, elə ona görə də dünya coğrafiyasında onların hər ikisinə “sahib” çıxanların sayı durmadan artır. Yalnız bizdən savayı?!. Baba Dağı İranın Şiraz, Nişapur və Xorasanından, Nəsimini isə Bağdad, Diyarbəkr, Təbriz, Şiraz və Hələbdən hesab edənlər az deyil.
O isə hər iki düha Şirvan Azərbaycanının iki qutsal şəhərinə- Bakı və Şamaxıya məxsusudurlar. Bu, danılmazdır. Odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin cari ilimizi Şeyx İmadəddin Nəsimi İli elan etməsi, əlbəttə, ümumbəşər tarixində mədəni kimliyimizin nə demək olduğunu cahana təkrar nümayiş etdirməyimiz üçün əsl sevinc mənbəyi oldu. Cari ilin yanvarında nəşr etdiyim “Şirvanşahlar” trilogiyamın İkinci kitabı- “Şirvanşah Şeyx İbrahim Dərbəndi” tarixi romanımın növbəti cildində NƏSİMİ əsas qəhrəmanlardan biridir. Əsər tamamlanmamış onun əsasında çoxseriyalı bədii film çəkilməsi üçün təklif almışam. Əlbəttə, adını qeyd etməsəm də, hörmətli rejissorumuza təşəkkürümü bildirirəm və filmdən imtina etdiyimi anlayışla qarşılayacağına ümid edirəm. Məncə, milli tariximizə qeyri-standart və kreativ baxışların məhsulu olan bitməmiş “Şirvanşahlar” trilogiyamın oxucu auditoriyasına daha çox ehtiyac vardır. Əlbəttə, bunun üçün onun geniş tirajlanması lazımdır. Əsərlərim indiyə kimi yalnız pulsuz paylandığı üçün əlimdə heç bir nüsxəsi qalmamışdır. Özüm də onun yalnız elektron nəşrindən istifadə edə bilirəm.
Tarixini unudan xalq köksüz ağacdır. Baba Dağ və Nəsimi min illərin Şirvanşahlar mədəniyyətinin dünya miqyasında iki ən parlaq günəşidirlər. Əgər bu belə olmasa idi, 19 il bundan sonra süqutunun 500 İlliyinə qədəm basacaq Şir tinətlilər diyarının ölməz Seyid Əzimləri “Şirvani” ismini bu günlərimizəcən yaşatmazdılar. Və biz də bu tarixi ənənəni davam etdirməzdik. Əlbəttə, nə qədər çoxsaylı ədəbi estafetə malik olsaq da, qədim Qafqaz ölkəmiz olan Şirvanşahların yalnız bu iki dahisi: Baba Dağ və Nəsimi- şirvan xalqımızın necə cahanşümul bir tarixi mədəniyyətə malik olduğunu dünyaya sübut etmək üçün kifayətdir. Qaf dağının son Prometeyləri də elə onlardır.
Şeyx İmadəddin Nəsimi bütün həyatı və yaradıcılığı boyu daim Qafqaz çoğrafiyasından olduğunu və özünün bu mənsubiyyətilə daim fəxr etdiyini açıq şəkildə irəli bəyan etmişdir:
-Çün Nəsiminin məqamı Qafimiş Ənqaləyin,
Şol müəmma qədrə gər ali gövhər dersəm, nola (r)?!
Tarixi həqiqətlər Şeyx Nəsiminin öz xalqı və ölkəsi tərəfindən daim müdafiə olunduğunu sübut edir. Dərbəndilər türk sülaləsinin hakimiyyətə gətirilməsində Şirvanşah İbrahimin bir saylı yardımçısı olmuş və Kəsrani-deyləmi əsarətinə qarşı xalq mübarizəsində şəhid olmuş şairin qardaşı Şah Xəndanın ismini Şirvanda bilməyən yoxdur. Heç də təəccüblü deyil ki, qədim Şamaxının ən müqəddəs sayılan anıt məzarlığı da Şahxəndan adlandırılmışdır. Şeyx Nəsiminin öz qardaşının şəhidliyinə yazdığı,- ola bilsin ki, bu, onun ilk əsəridir,- “Ayrılır” rədifli qəzəlində belə bir beyt var:
Rəngi-çöhrəm zərd olubdur, qamətim həmçü hilal,
Ol günəş üzlü həbibim, lalə Xəndan ayrılır.
Şirvan xalqı tərəfindən 1382-ci ildə Şirvanşahların Dərbəndilər sülüləsinin hakimiyyətə gətirilməsi faktı ölməz Seyid Əzim Şirvaniyə də:
-Mən öləndə Şah Xəndana basdırın,
Çünki onun şəhidi-Xəndanı var!- yazdırmışdı.
Məlum olduğu kimi Nəsimi öz mürşidinin- Nəiminin edamından sonra Bakı şəhərini tərk etmişdir. Lakin bununla belə ona Qafdan bir Ənqanın Hümayun kölgəsinin düşdüyünü inkar etməmişdir. Bu “hümayun kölgə”nin isə şairin öz doğma vətəni- Şirvanşahlar dövlətinin olduğuna heç bir şübhə ola bilməz. Nəsimini Bakıda qorumaq imkanları tükənmiş Şirvanşah Şeyx İbrahim Dərbəndi onun Teymurilər tərəfindən işğal olmuş öz Vətənindən kənarda daim müdafiəsini təşkil etmişdir. Elə buna görə də Şeyx Nəsimi yazmışdı:
-Ey Nəsimi, qafil olma şol hümayun kölgədən,
Kim, qılır hər dəm təcəlli Qafidən Ənqa bizə.
Bu məcburi mühacirət illərində Nəsimi özünün Teymur istilası altında olan Qafqaz ölkəsini daim yanıqlı dillə yad etmişdir:
-Görmüşəm Simürğü mən dər-kuhi-Qaf,
Həqq dürür, Simürğ, sənsən kuhi-Qaf.
Görməyən Simürği əndər-kuhi-Qaf,
Yetmədi Simürğə əndər kuhi-Qaf.
Nəsimi yaradıcılığının tekstual təhlili aydın göstərir ki, şirvanlı şair “Qaf” deyəndə öz ana vətəni Şirvanşahlar diyarını, “Ənqa” deyəndə isə istilaya uğramış şirvan xalqını yadelli Teymuri-moqol Ordasından hələlik yalnız diplomatik üsullarla qorumağa çalışan Şeyx İbrahim Dərbəndini nəzərdə tutmuşdur. Vəziyyətin ağır olduğunu görərək o, Bakını tərk etməli olarkən, Vətəndən bu məcburi hicrəti kədərlə anaraq farsca yazmışdı:
-Ey Nəsimi, çon Xoda qoft: “İnnə ərzun vasi un,
Xotte-ye Baku be ca boqzar kin ca-ye to nist”.
(Ey Nəsimi, Xuda demişdir: “Yer üzü genişdir,
Bakı torpağını tərk elə ki, artıq o, sənini yerin deyil.”
Bu tarixi beyt Şeyx Nəsiminin ana yurdu- Şirvanın Teymur işğalı altında necə zülm çəkdiyini əyani ifadə edir. Bəlkə də, elə buna görə indir ki, Naxçıvan ərazisindəki Əlincə qalasında edam edilmiş Nəimi Teymur işğalındakı Şirvanı son dəfə belə xatırlamışdı:
Mən bu çağın Hüseyniyəm:
Düşmənlərim yezid və şümir,
Aşura alın yazım,
Və Şirvan Kərbalamdır.
Nəiminin edamı qabağı Naxçıvan ərazisini Teymurilərin onun üçün “Kərbalaya” çevrilmiş “Şirvan” adlandırması təsadüfi deyil. Arazdan Dərbəndədək sözdə Şirvanşahın tabeliyinə verilmiş ərazidə eyni zamanda Teymurun Miranşah adlandırılan oğlu paralel hökmdarlıq edirdi. Əlbəttə, vətənin azadlıq mübarizəsini yalnız Şeyx İmadəddin Nəsimi aparmırdı. Bu savaşın başında bir-başa Şeyx İbrahimin özü dururdu. Məhz elə buna görə də bu dahi Şirvan hökmdarı, Avrasiyanın böyük siyasət adamı, Şirvanşah Şeyx İbrahim Dərbəndinin (1382-1417) həyat və fəaliyyətini təhlil edərkən Rus sovet alimi professor İ.P.Petruşevski 1942-ci ildə nəşr etdiyi “Böyük vətənpərvər Şirvanşah İbrahim” kitabında yazırdı: “Этот Ширваншах… сделал для охраны независимости и свободы своего государства- Ширвана- больше, чем кто-либо из его предшественников. Талантливый правитель и в особенности талантливый дипломат, храбрый полководец, он сделал свое государство цветующим.» (Baku-1942, İzd.-vo Az.FAN. Səh.-6.).
Onu da qeyd edim ki, Teymurun ölümündən sonra dərhal hərəkətə keçərək İran Azərbaycanını onun oğlu Miranşaha və nəvəsi Əbu Səidə qarşı ayağa qaldıran da məhz Şirvan şahı Şeyx İbrahim Dərbəndi olddu. Və tarixi vətənimizin hər iki hissəsini çox qısa sürədə olsa da, “Böyük Şirvanşahlar Dövləti”ndə birləşdirdi.
Şeyx İmadəddin Nəsiminin həyatının Şirvan bağlarını bilmək üçün Şirvanşah xalqın vətənpərvər şairini qorumaq üçün Qafın Ənqası, Simürği kimi hərəkət edərək, onun ardınca Bağdada və Hələbə vətənin Nəsimidən sonra Birinci şairi Rəfii Şirvanini göndərməsi xüsusi qeyd edilə bilər. Onu da deyim ki, Rəfii Şirvani öz dahi eloğlusunun edamını gözləri ilə görmüş yeganə tarixi şəxsiyyətdir. Bu edam onun 1408-cu ildə yazdığı “Bəşarətnamə” əsərində geniş təsvir edilmişdir. Kitab Azərbaycanda indiyədək nəşr edilməsə də, Türkiyədə dəfələrlə işıq üzü görmüşdür. Deməli, Şeyx Nəsiminin 1417-ci ildə qətlə yetirilməsi versiyası doğru deyildir. Bu yanlış “ölüm tarixçəsində” bir siyasət vardır: 70-ci illərdə Misir Respublikası ilə beynəlxalq münasibətləri pozulmuş keç. SSRİ dövləti Orta əsrlər Suriyasının Misir Türk Məmlük dövləti ərazisinə daxil olduğunu nəzərə alaraq, Osmanlını və Misrin yarısını işğal etmiş Əmir Teymurun son cinayətini Misir xalqının ayağına yazmağı daha məqsədəuyğun bilmişdir.
XIV əsrə aid birbaşa tarixi mənbələr Nəsiminin edamının 1404-cü ildə gerçəkləşdirildiyini sübut edir. Teymur da İranı məhz həmin ildə tərk etmişvə cəmi iki aydan sonra ölmüşdür.
Şairin müasiri Əmir Kəmaləddin Hüseynin “Məcalisü-Uşşak” əsəri də Şeyx İmadəddin Nəsiminin 1404-cü ildəki edam tarixini doğruldur. Əlbəttə, elm versiyalara deyil, tarixi fakta söykənməlidir. Nəsiminin ölüm tarixi indiyədək mübhəmlərə qarışaraq, məqsədli şəkildə dolaşdırılaraq, hətta 1433-cü ilə qədər gətirilib çıxarılmışdır. Son tarix Rzaqulu xan Hidayətə məxsusdur.
Əlbəttə, Nəsimi kimi qüdrətli cahanşümul bir sənətkara bədəvi tayfalara xas əshabəçilik hissiyyatı və “yerlibazlıq” yad olmuşdur. Lakin işğala uğramış bir xalqın oğlu olaraq, Şeyx İmadəddin də digər Şərq İslam ölkələrində monqol-bartas Teymura qarşı aparılan azadlıq mübarizəsindən kənarda qala bilməzdi. Heç şübhəsiz ki, daha çox təbrizli və ya astarabadlı kimi tanıdılsa da, əslən xorasanlı (-İsfahanlı) olan Nəiminin işğalçı Teymurilərə qarşı mübarizəsinin əsas səbəbi də təkcə İsfahanda 200.000 türk insanının qətli-amını gerçəkləşdirib, kəllələrindən 28 süni dağ yaratmış monqol-bartas Əmir Teymurun istibdadından İranı xilas etmək olmuşdur. Nəsimini də onunla məhz bu vahid düşmənə qarşı ümumi mübarizə birləşdirmişdi. İstər Nəimi, istərsə də Nəsimi onlardan çox-çox qabaqkı əsrlərdə hazırlanmış Mistik ideyalardan Teymurilərin yeni bədəvi-monqol işğalçılıq yürüşlərinə qarşı xalqları ümumi Azadlıq naminə birləşdirmək üçün istifadə etmişdilər.
Nəimini ilə Nəsimini dahi bakılı Baba Dağ (Kuhi) Bakuvinin X əsrdə hazırladığı mistik-sufizm ideyaları bir araya gətirmişdi. Bakı şəhəri məhz Baba Dağa görə sufi-hürufi hərəkatının uzun illər əsas mərkəzi halına gətirilmişdi. Təkcə bunu xatırlatmaq istərdim ki, Baba Kuhi Bakuvi kimi tanınmış ilk sufi şair və filosofumuzun Divanı, üç fəlsəfi traktatı, 30 min mənzum hekayəti və üç min hədisi bütün dünyada məşhurdur. Nəsiminin 650 İlliyi münasibətilə qələmə aldığım ilk virtual yazımda bu barədə müfəssəl bəhs etdiyimdən deyilənlərin üzərinə təkrar qayıtmıram. X əsr bakılı şair-filosofumuzun ilk sufi Divanından ingilis dilinə edilmiş bir tərcümənin təqdimi ilə kifayətlənirəm:
In the market, in the cloister – only God I saw.
In the valley and on the mountain – only God I saw.
Him I have seen beside me oft in tribulation;
In favor and in fortune – only God I saw.
In prayer and fasting, in praise and contemplation,
In the religion of the Prophet – only God I saw.
Neither soul nor body, accident nor substance,
Qualities nor causes – only God I saw.
I opened mine eyes and by the light of his face around me
In all the eye discovered – only God I saw.
Like a candle I was melting in his fire:
Amidst the flames outflashing – only God I saw.
Myself with mine own eyes I saw most clearly,
But when I looked with God’s eyes – only God I saw.
I passed away into nothingness, I vanished,
And lo, I was the All-living – only God I saw.
(İngiliscəyə tərcümə: Reynold A. Nicholson-undur.)
Teymurun 1405-ci ildə qəfil ölümündən sonra baş vermiş hadisələr hürufilərə (o cümlədən Nəimiyə) bakılı Baba Dağdan gəlmiş Sufi ideologiyasının Azadlıq prinsiplərini doğrultdu. Çox tezliklə İran, Osmanlı və Şirvanşahlar teymurilərin işğal rejimindən azad olundular. Bu zəfər “Nəsiminin məqamı Qaf imiş Ənqaləyin” deyən bir şirvanlı şairin İnsanlığı mələklərin səcdə qılacağı Allah yüksəkliyinə qaldırmaq istəyinin yekunu idi:
Nəsimi Fəzli-Həqdən çün alıbdır kami-dil, indi
Mələklər səcdə etsin qoy ki, Qibləmdə BƏŞƏR vardır.
1404-cü ildə edam edilmiş Nəsiminin cənazəsinin Əmir Teymurun nəzarətində olan 7 böyük vilayətə göndərilməsi onu göstərir ki, sağlığında dəfələrlə həsxanalarda yatırılmış ölməz sənətkarın dövrün hökmdarları arasında böyük NÜFUZu olmuşdur. Elə ona görə də illərlə müxtəlif zindanlarda yatmış bir Avtoritet olaraq, Nəsimi yazmışdı:
O mənəm ki, gün səmada papağım və günlüyümdür,
Qapıma gələr gəda tək bütün aləm hökmranı!
Göründüyü kimi, Nəsimi bir Avtoritet kimi Aləm Hökmranına- Teymura açıq bəyanatlar verməkdən heç vaxt çəkinməmişdir. Monqol mənşəyinə və yasalarına uyğun şəkildə əsir etdiyi xalqları və ölkələri QORXU prinsipi ilə idarə edən Əmir Teymur, heç şübhəsiz, “aləmin hökmranına” qarşı belə bir BƏYANATlarla barışa bilməzdi. Maraqlı faktdır ki, Teymur İranı yalnız 1404-cü ildə, yəni Şeyx İmadəddin Nəsiminin edamından sonra tərk edib Məvarənnəhrə dönmüşdür. Və 1405-ci ilin fevralında guya Çinə yürüş edərkən xəstələnib ölmüşdür. Teymurun yürüş proqramına baxarsaq, onun heç bir xiristian ölkəsinə və ya bütpərəst xalqa basqı yapdığını görmürük. Teymurun Çin üzərinə baş tutmamış yürüşü də sonradan onu İslam aləmində təmizə çıxarmaq üçün uydurulmuş yalandan başqa bir şey deyil.
Şeyx Nəsiminin Teymura qarşı “müharibəsi” monqol-bartas mənşəli Əmir Teymurun Məvarənnəhrdən İrana, Şirvana, Osmanlıya və Misirə qədər uzanmış işqalçılıq siyasətinə qarşı olmuşdur. Şair bu bədəvi vəhşini öncə “Sirlər dəryası” kimi əsərlərinin dili ilə insanlığa çağırmışdı:
“Ayağını bu torpağa hörmətlə bas:
Tamahkarlıq, hərislik yox, mərd insanda hümmət gərək,
Ömür səmum küləyidir, sərvət, dövlət toza bənzər.
Ağlın varsa, gəl gömülmə qızıl üçün torpaqlara,
Mal hərisi məşhər günü siçan kimi çox sürünər.
Məsləksizə hikmət dərsi, nadanlara öyüd neylər,
Ulağın da qabağına gövhər töksən mat-mat süzər”.
Əlbəttə, Şeyx Nəsiminin xalqımıza xas azad şirvanlılıq ruhu Məvarənnəhrin vəşhisinə tamamilə yad idi. Şeyx Nəsimini başa düşmək üçün Baba Kuhi və ya Baba Dağ Bakuvi kimi tanınmış Şirvan mövlamızın (-dünyaca məşhur sufi-filosof və şairimiz Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Übeydullah ibn Bakuyə-Şirvaninin) (933-1050) mənəvi məktəbini keçmək lazım idi. Teymur belə bir məktəbi köçəri mühitində görə bilməzdi.
Sosial şəbəkələrdə ötən həftə geniş yayılmış “Şirvan Azərbaycanının ilk sufi şairi və filosofu Baba Dağ (Kuhi) Bakuvi-Şirvani” məqaləmin doğurduğu rezonans məni Nəsiminin 650 illiyi münasibətilə ikinci Yubiley məqaləmi yazmağa məcbur etdi.
Apardığı azadlıq mübarizəsinin coğrafiyasını öz doğma Şirvanından daha geniş sahəyə – İran, İraq, Osmanlı və Misirə qədər böyütmüş “laməkan Nəsimi”ni yetişdirən mürşidin, Baba Dağ (Kuhi) Bakuvi Şirvaninin xatirəsinin necə yad edildiyini bilmək üçün virtual aləmə kiçicik nəzər yetirdim. Çox təəssüflər olsun ki, Baba Kuhini dünyaya gətirmiş öz vətəni Bakıdakı xatirəsi bu gördüyünüz xarabalıqdan ibarətdir. Əlbəttə, Saytların İntrnet imkanlarını nəzərə alaraq, Nəsiminin 650 İlliyi ilə əlaqədar oxucularıma çatdırılmış Birinci virtual məqaləmdəki faktlara hələlik geniş əlavələr etmək istəmirəm. Elə bilirəm ki, Şeyx Nəsiminin 650 İlliyi kimlərisə, nəhayət, real işlər görməyə sövq edə biləcəkdir. Amma hər halda həzrəti-Baba Kuhiyə onun nəşi yatan Şiraz torpağındakı ümumxalq ehtiramını əks etdirən aşağıdakı səhnələrə, məncə, diqqət
yetirməyə dəyər. Müqəddəs sufi mövlanamızın uyuduğu dağdakı Məqbərəsi və İran xalqının böyük Nəsiminin müəlliminə gösrərdiyi ehtiram belədir.
Mən hesab edirəm ki, Baba Dağ Bakuvinin mədəni irsinin vətənə gətirilməsi və bu bədii, elmi-fəlsəfi əsərlərin nəşr edilib onun öz xalqına çatdırılması elə də çətin şey deyil. Bu, əlbəttə, Şeyx Nəsimimizin 650 İlliyini qeyd etdiyimiz Nəsimi İlində hər iki mövlanamıza göstərilmiş ümumxalq ehtiramımızın ifadəsi olardı. Vətənimizin Babəkdən sonra ilk böyük İstiqlal mücahidi Şeyx İmadəddin Nəsiminin dediyi kimi:
Haqq sözün gör kim necə dürdanədir,
Həqq sözü bilməyənlər da nədir?
Cahilü nadan nə bilsin “da” nədir.
Daneyi-dana bilir kim danədir!..
AtaTv.az
araz.az xəbər portalı.