Rusiyanın təşəbbüsü ilə 2025-ci il MDB-də nasizmə qarşı mübarizədə “Sülh və birlik ili” elan edilib. Tezliklə bütün Birlik ölkələri bizim İkinci Dünya müharibəsində ümumi Qələbəmizin 80 illik yubileyini qeyd edəcəklər. Ötən iclasda bu məsələyə çox diqqət yetirildi.

araz.az xəbər verir ki, bunu Azərtac-a Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

“Rusiya və Azərbaycanı artıq bir çox birgə yubiley tədbirləri gözləyir, onların bir çoxu, məsələn, “Yaddaş qatarı” fəal şəkildə həyata keçirilir. Bundan əlavə, Moskvada keçirilən görüşdə MDB məkanında hərbi abidələrin ümumi reyestrinin yaradılması zərurəti kimi yeni təkliflər də səslənib. Azərbaycanda, hamımızın bildiyi kimi, İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsi müqəddəs şəkildə ehtiramla yad edilir. Biz bu istiqamətdə birgə fəaliyyət göstərməliyik. Bundan əlavə, Vladimir Putin MDB-də “Əmək Şöhrəti Şəhəri” fəxri adının təsis edilməsi və onun Böyük Qələbənin əldə olunmasında, müharibənin çətin vaxtlarında cəbhədə və dinc əhaliyə köməklik göstərilməsində xüsusi xidmətləri olan Birlik şəhərlərinə verilməsi təşəbbüsü ilə çıxış edib. Tam əminəm ki, Bakı bu yüksək ada layiq görülən ilk şəhərlərdən biri olmalıdır. Müharibə illərində Bakı neftçiləri sadəcə əmək şücaəti deyil, əsl möcüzə göstərərək rekord neft hasilatını təmin ediblər. Bütün yanacağın demək olar ki, 80 faizi cəbhəyə Azərbaycan tərəfindən verilirdi, yəni, faktiki olaraq, hər on təyyarədən, tankdan, gəmidən səkkizi müharibə illərində Bakı neftinin məhsulları ilə işləyirdi. Bu, Azərbaycanın faşizm üzərində Böyük Qələbəyə həqiqətən əvəzsiz töhfəsi oldu və Rusiyada heç vaxt unudulmayacaq”, — Savelyev qeyd edib

araz.az xəbər portalı.