Oktyabrın 14-də Azərbaycan Mətbuat Şurasında veteran jurnalist Maral Poladovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib. Bu barədə qurumdan araz.az-a daxil olan məlumatda deyilir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid yubilyar jurnalistin tərcümey-halındakı bəzi məqamları diqqətə çatdırıb. O bildirib ki, 1949-cu ildə Goranboy rayonunda anadan olmuş M.Poladova 1966-cı ildə orta məktəbi bitirdikdən sonra qarşıdakı iki ildə rayonda çıxan “Mübariz” qəzeti redaksiyasında korrektor vəzifəsində çalışıb, 1968–1973-cü illərdə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.
R. Məcid M. Poladovanın 1980–1983-cü illərdə Əlyazmalar Fondunda baş laborant vəzifəsində çalışdığını, həmin vaxtdan “Elm və həyat” jurnalı redaksiyası ilə əməkdaşlığa başladığını, 1983-cü ilin iyulundan isə jurnala müxbir vəzifəsinə işə qəbul olunduğunu diqqətə çatdırıb və deyib ki, yubilyar qələm sahibi 1995-ci ilədək nəşrdə ədəbi işçi, baş ədəbi işçi vəzifələrində çalışıb, 1995-ci ildən isə jurnalın məsul katibidir.
MŞ sədri bildirib ki, M. Poladovanın 2004-cü ildə nəşr olunmuş “Ömrün izləri” kitabı onun çalışdığı “Elm və həyat” jurnalında çap edilmiş yazılarının bir hissəsindən ibarətdir. “Elm və həyat” nəşriyyatında çapa hazırlanan onlarla kitabın redaktoru olmuş M. Poladova 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
R. Məcid onu da bildirib ki, M. Poladova Azərbaycanın tarixi memarlıq abidələrinin öyrənilməsi, qorunması və bərpası barədə hazırladığı materiallara görə çoxsaylı mükafatlara layiq görülüb. O, həmçinin, veteran jurnalistin yaradıcılığının örnək mahiyyət daşıyan müxtəlif istiqamətlərini sadalayıb, xatirələrini bölüşüb. MŞ sədri rəhbərlik etdiyi qurumun diplomunu M. Poladovaya təqdim edib.
Çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, respublikanın əməkdar dövlət qulluqçusu İsrafil Qurbanov, əməkdar jurnalist, AMEA-nın əməkdaşı Ülkər Hüseynova, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Əli Şamil, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırlı, AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri Töhfə Talıbova, ədəbiyyatşünas Mənzər Niyazlı, əməkdar jurnalist Rəhim Hüseynzadə, yubilyarın tələbə yoldaşı Əfruzxanım Fərzəliyeva, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, Şuranın icraçı katibinin müavini İlqar Tağıyev və başqaları M. Poladovanı zəhmətkeş, prinsipial və həssas qələm sahibi, əsl dost və yoldaş kimi xarakterizə edərək ona təbriklərini çatdırıb, xatirələrini bölüşüblər.
Məlumatın sonunda qeyd edilir ki, çıxış edən yubilyar xanım jurnalist əməyinə və ömür yoluna verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalı.