Bu soydaşımız barəsində araz.az xəbər portalı növbəti yazısını dərc edir — Sürix Universiteti, yazının sərlövhəsində qeyd etdiyimiz kimi, elə-belə elm ocaqlarından biri olmadığına görə. Üstəlik, o, bu universitetə qəbul olunan yeganə həmvətənlimizdir.

Elə, deyilənlərə görə də, araz.az-ın əməkdaşları kimi, onunla bütün həmyerliləri fəxr etməlidirlər. Kimliyini bilməyiniz üçünsə, onun adını çəkdiyimiz aparıcı xanıma açıqlamasını oxumağınız kifayətdir.

— Öncə özünüz haqqında məlumat verməyiniz daha yaxşı olardı.

— 2003-cü ildə anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra, 2020-ci ildə Azərbaycan Dillər Universitetinə qəbul olunmuşam. 2024-cü ildə isə, həmin universitetin fərqlənən məzunlarından biri olaraq, İsveçrənin Sürix Universitetinə daxil olub, bu nüfuzlu elm ocağının tələbəsi adını qazanmışam. Bunun nə demək olduğu, mənə nə boyda sevinc bəxş etdiyi hər kəsə məlum olduğu üçün, əlavə nəsə deməyə ehtiyac duymuram.

— Onda, çoxlarını düşündürən bu vacib sualı önə çəkirəm: Xarici universitetlərə qəbul üçün müraciət etməzdən əvvəl, nələrə diqqət yetirmək lazımdır?

— Təbii ki, ilk olaraq, bu istəkdə olanlar qarşılarına əsas hesab etdiyim bu məqsədi qoymalıdır; Yəni, xarici universitetə müraciət etməzdən əvvəl, soydaşlarım özlərinə bir “yol xəritəsi çəkməlidirlər” — savad sarıdan problemləri olmasa da! Bu çətin yolu gedə biləcəklərinə özlərində tam əminlik yaratmaq üçün! Əminlik yarandı, vəssalam! Demək olar ki, artıq, buna hazırsan. Qorxub-çəkinmədən istəyində olduğun elm ocağına aparan çətin yola çıxa bilərsən.

Nə olsun, mənə də deyənlər olurdu ki, mən hara, Sürix hara! Əqidə və istəyim yolunda heç vaxt büdrəmədim. Onların dedikləri olmadı, istəyimə çatmağım isə, göz qabağındadır. Bir daha deyirəm, ümumiyyətlə, hər hansı bir iş görən zaman, əvvəlcədən onun planlaşdırmasını aparmalısan. Ancaq o zaman effektiv nəticə əldə edə bılərsən.

— Bəs, xarici universitetə qəbul olduqdan sonra, tələbəni nə gözləyir?

— Əgər çətinlik və təhlükədən söhbət gedirsə, yaxşı tələbəni heç biri. Ancaq, xarici ölkə universitetinə girən tələbə məqsədsiz olduqda, hətta təqaüd belə qazandıqda, orada özünü tapa bilməyəndə çətinliklər bundan sonra başlayır. Özünü toparlamaq isə, sonra gec olur. İlk növbədə, tələbə bura nə üçün gəldiyini bilməlidir. Haqqında heç bir məlumatı olmayan ölkəyə kortəbii getməməlidir.

— Xaricdə təhsil alan bir tələbə kimi, bu arzuda olan soydaşlarınıza tövsiyələriniz…

— Əsas tövsiyəm odur ki, bu istəkdə olanlar ruhdan düşməsinlər. Arzularını reallaşdırmaq üçün, tələb olunan ilk addımlarını atsınlar. Bu yolun qalanını, onsuz da, dəf edəcəklər. Mənim əldə etdiyim nəticələr də, dediklərimin sübutu kimi, artıq öz sözünü deyir.

Yeri gəlmişkən deyim ki, bəzən bu arzuda olanlar belə düşünürlər ki, maddi göstərici sarıdan zəiflik onların qarşısında keçilməz sədd kimidir. Onlar bu səddi kecib, xaricdə təhsil ala bilməzlər. Bu, qətiyyən düzgün yanaşma deyil. Şəxsən mənim özüm də, sadə bir ailənin üzvüyəm, xaricə təhsil almaq üçün gedəndə, heç kimdən maddi dəstək almamışam. Məhz buna görə, bir daha deyirəm: “Özünə inan, seçdiyin yolla, çətin olsa belə, inamla addımla!”.

— Son olaraq, hər kəsi maraqlandıran daha bir sual: Bu ölkəni ideal təhsilin ünvanlarından biri kimi dəyərləndirmək olarmı?

— Elə, söhbətimiz başlayan andan bunu deyirəm. Əslində, bu sualın cavabı olaraq, Google-yə girib, dünyanın ən nüfuzlu 100 universiteti yazmağınız kifayətdir. Açıq-aydın görəcəksiniz ki, universiteti ilk 10-luqda qərarlaşan bir ölkə, həm də, ideal təhsil məkanıdır. Vəssalam!

Fərhad MƏMMƏDOV,

araz.az xəbər portalı.