“Veysəloğlu” Şirkətlər Qrupunun 30 illik yubiley fəaliyyətləri çərçivəsində Azərbaycan Voleybol Federasiyasının tərəfdaşlığı ilə keçirilən “V-Cup” adlı voleybol turniri yekunlaşıb. Turnirdə 44 komanda iştirak edib. Bu barədə araz.az-a şirkətdən verilən xəbərə görə, iyunun 13-dən oktyabrın 12-ə qədər davam edən yarışda “Veysəloğlu Distribusiya” 17, “Araz” 16, “Oba” 9, “Mərkəz” isə 2 komanda ilə təmsil olunublar.
Turnirin ilk mərhələsi qrup formatında keçirilib, sonrakı mərhələlər isə Olimpiya sistemi ilə finala qədər davam edib. Azərbaycan Voleybol Federasiyasının Dərnəgüldəki voleybol bazasında baş tutan final mərhələsində birinci və ikinci yerlər üçün “Veysəloğlu Maliyyə” və “CRM” komandaları, üçüncü yer üçün isə “Jesto” və “Xonça” komandaları mübarizə aparıb.
“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan şirkətlərin əməkdaşlarının və onların ailə üzvlərinin  böyük azarkeş dəstəyi ilə yekunlaşan yarışın son nəticələrinə uyğun olaraq, ilk yerlər belə müəyyənləşib: Birinci və ikinci yerin qalibləri “Veysəloğlu Distribusiya” şirkətinin “CRM” və “Maliyyə” komandaları olub. Üçüncü yeri isə, “Ulduz” şokolad fabrikinin “Jesto” komandası əldə edib. Turnirin qaliblərinə mükafatlar verilib. Əlavə olaraq, turnirdə iştirak edən 450-dən çox iştirakçı sertifikatla təltif olunub.

Məlumata görə, qaliblərin təltifetmə mərasimində “Veysəloğlu” Şirkətlər Qrupunun Baş icraçı direktoru Aydın Talıbov, şirkətin rəhbərliyində təmsil olunan digər şəxslər , Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və Federasiyanın vitse-prezident Faiq Qarayev də iştirak ediblər 

araz.az xəbər portalı.