Sabah Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üçüncü iclası İstanbulda öz işinə başlayacaq.
araz.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İranın xarici işlər naziri Abbas Arakçi iştirak edəcək.
İclasda regionda müharibə və qarşıdurma əvəzinə sabitliyin bərqərar olması və rifahın artırılması istiqamətində atılacaq addımlar dəyərləndiriləcək, konkret əməkdaşlıq layihələri, o cümlədən regional əlaqələrin gücləndirilməsi müzakirə olunacaq.
Önəmli regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsinin aparılacağı görüşdə xarici işlər naziri Hakan Fidan Türkiyənin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində göstərdiyi səylərdən söz açacaq, problemlərin həlli üçün regional əməkdaşlığın ən etibarlı üsul olduğunu vurğulayacaq.
Fidanın Azərbaycan və Ermənistan arasında davam edən sülh müqaviləsi danışıqlarının Türkiyə tərəfindən dəstəkləndiyini, Türkiyə ilə Ermənistan arasında da normallaşma prosesinin başladığını bildirməsi gözlənilir.
Görüş çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan qonaq nazirləri qəbul edəcək, nazir Fidan isə həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
Sonda isə Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının birgə bəyannaməsi qəbul ediləcək.
Xatırladaq ki, qısa adı 3+3 adlanan Platforma Prezident Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan qısa müddət sonra regional əməkdaşlıq çərçivəsində yaradılıb. gürcüstan hələlik Rusiya ilə münasibətləri bəhanə edərək, Platformada yer almır.
Platformanın ilk iclası 2021-ci ildə Moskvada, ikinci iclası 2023-cü ildə Tehranda xarici işlər nazirləri səviyyəsində keçirilib.
araz.az xəbər portalı.