“Hamını yubileyi keçirəcək vahid Təşkilat Komitəsi yaratmağa və onun işində yaxından iştiraka dəvət edirik”
Araz.az xəbər verir ki, Azərbaycanın mərhum prezidenti Elçibəyin 80 illik yubileyi ilə bağlı təşkilat komitəsi yaradılıb. Komitə müraciətlə çıxış edib.
“ Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlarına və ictimai-siyasi fəallarına
MÜRACİƏT
2018-ci il Azərbaycan Respublikasında bır sıra mühüm hadisələrlə zəngin olacaq. Heç şübhəsiz, onlardan ən mühümü Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının qurduğu ilk müstəqil-milli dövlətimiz olan Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyidir. Müsəlman Şərqində ilk demokratik dövlət quruluşu olan Cümhuriyyətimizin bu şanlı yubileyini hər bir Azərbaycan vətəndaşının ən əziz bayram kimi fərəhlə və qürurla qeyd edəcəyinə ürəkdən inanırıq. Dövlət başçısının bütövlükdə 2018-ci ili “Cümhuriyyət ili” elan etməsini alqışlayır və bu əlamətdar hadisəyə dövlət səviyyəsində ciddi diqqət yetirilməsindən məmnunluğumuzu ifadə edirik.
2018-ci ildə xalqımız həm də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının memarı, 1988-ci ildən başlamış Xalq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri, dövlətimizin ikinci prezidenti Əbülfəz Elçibəyin (1938-2000) anadan olmasının 80 illiyini qeyd edəcək. 24 iyun 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində dünyaya göz açmış görkəmli dövlət adamı Əbülfəz Elçibəyin xatirəsini soydaşlarımız daim əziz tutublar və onun 80 illik yubileyinin də layiqincə qeyd olunacağına ürəkdən inanırıq.
Təəssüflə bildirməliyik ki, son onilliklərdə siyasi baxımdan qütbləşmiş cəmiyyətimizdə bütün toplumun eyni tədbiri iqtidarlı-müxalifətli birgə gerçəkləşdirməsi milli arzularımızdan biri olaraq qalır. Əbülfəz bəy siyasi baxımdan ayrı-seçkilik etmədən bütün yurddaşların millətin bir zərrəsi kimi dəyərləndirərək məhəbbətlə yanaşır, bəzən hətta şəxsi nüfuzunun zədələnəcəyini göz önünə alaraq ən barışmaz tərəfləri bir araya gətirməyə çalışır və çox vaxt buna nail olurdu.
Əminik ki, Əbülfəz Elçibəyin yubileyini də bir çox qüvvələr qeyd etməyə çalışacaq. Biz , Təşəbbüs Qrupu olaraq iqtidar, ya da müxalifət düşərgələrinə məsub olmasına baxmadan Vətənimizin bütün siyasi-ictimai qurumlarına, ziyalılara, KİV-lərə və başqa Elçibəysevər qüvvələrə üz tutaraq, hamını yubileyi keçirəcək vahid Təşkilat Komitəsi yaratmağa və onun işində yaxından iştiraka dəvət edirik.
Təşkilat Komitəsi ilə bağlı fikir və təkliflərinizi +99470-355-08-07 nömrəli telefonla Təşəbbüs Qrupuna bildirməyinizi xahiş edirik.
Ədalət Tahirzadə – Professor, Əbülfəz Elçibəyin mətbuat katibi
Mircəlal Yüsifli – Elçibəy İrsini Araşdırma Fondunun Sədri
Abbas Musayev – Əbülfəz bəyin dostu, Fizika-Riyaziyyat Elmləri
Namizədi
Novella Cəfəroğlu– Dilarə Əliyeva adına QHMC-nin sədri
Mehriban Vəzir – Yazıçı
Almaz Əliqızı – Professor
Oqtay Məmmədov – Prezidentin mühafizə xidməti rəisinin sabiq 1-ci müavini
İsfəndiyar İsgəndərov – Sabiq Milli Ləl-Cəvahirat fondunun direktoru 04 fevral 2018-ci il. “
Turkustan.info
araz.az xəbər portalı.