WhatsApp Image 2019-04-26 at 21.50.00.jpg

Əli Hüseynov: «Azərbaycan əsilli Rusiya vətəndaşının ittiham olunduğu cinayət işində başa düşülməyən çox məqamlar var»

Ailə üzvlərinə, eləcə də müdafiəçisi — Abşeron rayon Vəkil Bürosunun vəkili Əli Hüseynova müəmmalı görünən bu hadisə ötən ilin dekabr ayının 10-da respublikamızın Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” Gömrük Postunda baş verib. Özü də, Rusiya Federasiyasının vətəndaşı, Azərbaycan Respublikasını və Azərbaycan xalqını Dağıstan Respublikasında ləyaqətlə təmsil edən, öz sıralarında 15.000 nəfərə qədər azərbaycanlını birləşdirən ən nüfuzlu diaspor təşkilatının — Azərbaycanlıların Milli- Mədəni Muxtariyyəti sədrinin oğlu, eyni zamanda özü 5 il bu qurumun sədr müavini işləyən Rauf Rakif oğlu Azizovun başına gəlib. Haqqında Azərbaycan Respublikası Gömrük Komitəsinin İstintaq İdarəsində 182970474 saylı cinayət işi də açılıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən bu şəxs artıq 5 aydır ki, həbsdə yatır.

Guya, o, ötən ilin dekabr ayının 12-sində Rusiya Federasiyası istiqamətindən Azərbaycana gələrkən, həmin gömrük postunda şəxsi maşınındakı döyüş sursatını Azərbaycan Respublikasının gömrük sərhədində bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirdiyinə görə həbs edilib. Elə, həmin fakta görə də, “ağına-bozuna baxmadan” barəsində cinayət işi başlayıblar. İstintaq materiallarına görə, Rauf Azizov həmin döyüş sursatını Rusiya Federasiyasının Dağıstan Respublikasında istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən əldə edib. Zavod üsulu ilə hazırlanmış 9 mm kalibrli müxtəlif odlu silahlarda istifadə üçün yararlı, döyüş sursatı hesab edilən 75 ədəd patronu bir ədəd şəffaf polietilen paketdə idarə etdiyi “Lexus LX — 570” markalı şəxsi avtomobilinin arxa oturacaqlarının arasındakı qolaltı sandıqçada yerləşdirərək, saxlayıbmış…

 …Təqsirləndirilən şəxsin vəkili deyir ki, məhkəmə də, həbs qətimkan tədbiri seçilməsi barədə qərarında, səhv olaraq, 228.1-ci maddənin əvəzinə, ittiham maddəsi kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsini göstərib: “Təbii ki, bu da qurama cinayət işlərində mexaniki bir səhvdir və həmin maddənin praktikada tez-tez istifadə olunmasından xəbər verir. Belə səhvlər başa düşüləndir! Lakin bu cinayət işi üzrə başa düşülməyən çox məqamlar ortaya çıxır! Başa düşülməyən bu məqamlar, bir hüquqşünas kimi, mənim üçün o vaxt meydana çıxdı ki, yalan və böhtanla təqsirləndirilən Rauf Azizovla ilk dəfə konfedensial görüşə bildim. Görüş zamanı Rauf mənə öncə dedi ki, ata nənəsi Sumqayıt şəhərində yaşayıb. Ölümcül xəstə olduğuna görə, atası da, bu hadisədən bir həftə əvvəl onun yanına gedibmiş. Dekabrın 9-da nənəsinin ölüm xəbərini eşidərək, səhərisi gün, o da, Sumqayıt şəhərinə getmək qərarına gəlib. İstəyib ki, Yardımlı rayonunda olacaq dəfn mərasimində iştirak etsin.
Nənəsinin ölümündən xəbər tutan dostu, Maxaçkala şəhər sakini Tahir Əliyev və atasının dostu Həbib kişi də, ondan xahiş ediblər ki, Sumqayıt şəhərinə gedib, atasına başsağlığı vermək üçün, onları da özü ilə aparsın. Etiraz etməyib və həmin şəxslərlə bərabər Sumqayıta yola düşüblər. Avtomaşını özü idarə edib.
Azərbaycana keçərkən, sərhəddə, avtomaşınında döyüş patronlarının aşkar edilməsi ilə bağlı isə, Rauf dedi ki, o, sərhəd postunun yaxınlığında maşından düşərək, mağazaya girib. Hətta postun yaxınlığında maşınını yuduzdurub da. Saat 23 radələrində isə, “Samur” Gömrük Postundan Azərbaycan ərazisinə daxil olublar. O, maşını postda saxlayıb və bu zaman görüb ki, qarşıda daha iki avtomaşın dayanaraq, yoxlanılmasını gözləyir. Gömrükçülər isə, ərazidə o tərəf-bu tərəfə gedib-gələrək, yoxlama aparmırlar. O, özü gömrükçülərə yaxınlaşaraq, hüzr yerinə tələsdiyini bildirib və avtomaşınını yoxlamalarını xahiş edib. Gömrükdə işləyən cavan bir oğlan ona yaxınlaşaraq, avtomaşınına baxış keçirəcəyini bildirib. Maşında olan sərnişinlər isə, gömrük qaydalarına uyğun olaraq, avtomaşından düşüb, piyada keçidi yolu ilə sərhəddi keçərək, Azərbaycan ərazisinə daxil olublar.
Rauf avtomaşının yanında qalıb. Cavan gömrük əməkdaşı ona yaxınlaşaraq, sürücü qapısını açmağı barədə göstəriş verib. O, qapını açıb. Gömrük əməkdaşı başını sürücü qapısından avtomaşının salonuna salaraq, 5-10 saniyə avtomaşının salonunu nəzərdən keçirib. Gömrük əməkdaşının tələbi ilə, Rauf sürücü qapısının arxasında yerləşən salonun arxa qapısını da açıb. Gömrük əməkdaşı salona baxa-baxa ona göstəriş verib ki, arxa yük yerinin qapısını da açsın. O da arxaya keçib və arxa yük yerinin qapısını açıb. Gömrük əməkdaşına tərəf gələrkən, həmin gömrükçü əlində tutduğu şəffaf polietilen kisədəki patronları ona göstərib. Bu patronların onamı məxsus olduğunu soruşub. Rauf gözlərinə inanmayıb və bildirib ki, bu patronlardan xəbəri yoxdur.
Təbii ki, gömrük əməkdaşı polietilen kisəni Raufa göstərəndə, kisə şəfffaf olduğundan içində patronların olmasını, o, açıq-aşkar görüb. Rauf gömrük əməkdaşından soruşduqda ki, o, bu patronları haradan tapıb, cavabında deyib ki, sürücü oturacağı ilə sərnişin oturacağının arasındakı dirsəkaltı sahədəki saxlanc yerindən. Bundan sonra, Rauf açıq-aşkar şərləndiyini başa düşüb. Gömrük əməkdaşı isə, patronları yenidən onları aşkar etdiyi yerə qoyub və digər gömrük əməkdaşlarını avtomaşının yanına dəvət edib. Bu dəfə, həmin əməkdaşların iştirakı ilə, həmin gömrük əməkdaşı patronları yenidən qoyduğu yerdən götürüb, otağa aparıb. Çaşqın vəziyyətdə çöldə qalan Raufu isə, bir az sonra içəri dəvət ediblər. İçəri daxil olanda Rauf görüb ki, gömrük əməkdaşları patronları sayırlar. Rauf bunu görən kimi, tez deyib ki, patronlara toxunmasınlar, öncə, onların üzərindəki əl izləri çıxarılsın. Gömrük əməkdaşları isə, onun bu sözlərinə istehzalı gülüşlə cavab veriblər: “Artıq gecdir, hamının əli patronlara dəyib”. Sonra Raufun
üstünü bir daha yoxlayıblar. Qanunsuz heç bir əşya aşkar olunmayıb. Daha sonra, avtomaşınını da rentgen aparatından keçiriblər. Müəyyən olunub ki, maşında da kənar heç bir şey yoxdur.
Bundan sonra, gömrük postunda növbə rəisi olan 40 yaşlı kök bir gömrük əməkdaşı Raufa yaxınlaşaraq, deyib ki, bu patronların onun olmasını yazsın, onlar da, onun işini yüngülləşdirsinlər. Rauf bu təklifdən qəzəblənərək, cavabında növbə rəisindən soruşub ki, o, ermənidir?! Adamı da bu qədər şərləmək olar?! Bu sözləri eşidən növbə rəisi, onun üstünə bağırıb və qollarını yana açaraq, deyib: “Hə, mən erməniyəm, erməniyəm! Sən nə demək istəyirsən, sən kimsən?!”.
Bu zaman Raufa deyiblər ki, keçib avtomaşınında otursun və gözləsin. Daha sonra həmin növbə rəisi onu gömrük rəisinin yanına çağırıb. Rəis avtomaşının 4-5 metrliyində dayanıbmış. Rauf maşından düşüb və rəisə yaxınlaşıb. Rəis də ona deyib ki, yazsın ki, patronlar onundur, onun bu işini yüngülləşdirsinlər. Rauf patronların ona məxsus olmadığını bildirdikdə, gömrük rəisi üzünü növbə rəisinə tutaraq, deyib ki, kontrabanda əməliyyatçılarını çağırsın, onda, Rauf tez boynuna alar, onlar onun boynuna tez qoyarlar! Rauf bu sözləri eşidəndə həm gömrük, həm də növbə rəisinə bildirib ki, onun dərisini də soysalar, ona aid olmayan şeyi boynuna qoya bilməzlər. Bu sözlərdən sonra, həm gömrük rəisi, həm də növbə rəisi onun üzünə baxıblar və daha bir söz deməyiblər. Onu bir taksi ilə Xaçmaz gömrük idarəsinə gətiriblər. Orada da ondan izahat alıb və özləri də başa düşdükdən sonra ki, həqiqətən də, Raufun patronlardan xəbəri yoxdur, onda soruşublar ki, o patronların avtomaşınına qoyulmasında kimdən şübhələnir. O, hər dəfə deyib ki, avtomaşına baxış keçirən, gömrük əməkdaşından şübhələnir. Hər dəfə də, onun bu sözləri ondan izahat alan əməkdaşları möhkəm əsəbləşdirib. Eyni zamanda, hiss edib ki, onun gömrük əməkdaşından şübhələnməsi barədə dediyi sözlər protokollarda yazılmır. Həqiqətən də onun bu patronlardan xəbəri olmayıb. Rusiya gömrük və sərhəd əməkdaşları da, ciddi baxış zamanı bu patronları aşkar etməyiblər. Ona görə ki, onda bu patronlar avtomaşında olmayıb. Əgər, doğurdan da, avtomaşında, özü də dərhal görünən və aşkar oluna bilən yerdə patronlar olsaydı, rus sərhədçiləri, gömrükçüləri həmin patronları dərhal aşkar edərdilər. Bu isə, o deməkdir ki, patronları birmənalı şəkildə avtomaşına Azərbaycan ərazisində gömrük əməkdaşı qoyub. Lakin bunu kimin sifarişi ilə, nə məqsədlə edibsə, qoy, bu suallara gömrük əməkdaşının özü vicdan çərçivəsində cavab versin. Belə götürəndə, rus gömrükçülərinin nə marağı ola bilərdi ki, onun avtomaşınına patron qoysunlar.
Xaçmaz Gömrük İdarəsində izahatı alınarkən, Raufa təklif olunub ki, patronun ona məxsusluğunu boynuna alsa, ona kömək edərlər. Sadəcə, göstərsin ki, Mahaçqala kriminal regiondur, orada silah, patron tapmaq heç kim üçün problem deyil. Az qala küçələr patronla, silahla doludur. Guya, o da patronları küçədə tapıb, yasa tələsdiyindən, polisə təhvil vermək yadından çıxıb, maşında qalıb. Rauf bu gülünc təklifin cavabında bildirib ki, axı, nəyə görə, özü-özünü şərləsin? Buna nə ehtiyac var, bu kimə lazımdır?
Bütün günü onu Xaçmaz Gömrük İdarəsində təhdidlə sorğu-suala tutub, amma özünü şərləməyə məcbur edə bilməyiblər. Axşam onu Xaçmaz şəhərindəki mehmanxanaya buraxıblar. Təbii ki, o, buradan qaça da bilərdi. Bəlkə, elə, gömrük əməkdaşları da bunu istəyiblər. Ona görə ki, onu şərləyə bilmirdilər, hədə-qorxu ilə, aldatmaqla boynuna şər və böhtan qoya bilmirdilər. O isə, heç bir təqsiri olmadığına görə, arxayın olub ki, bu məsələ tam araşdırılacaq. Ona görə də, gecəni mehmanxanada yatıb, səhərin açılmasını gözləyib.
Səhər saat 9-10 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus “Doblo” markalı avtomaşınla onu mehmanxanadan götürüb, Bakı şəhərinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə gətiriblər. Orada da, axşama kimi birinci mərtəbədəki kafedə oturaraq, gözləyib. İş gününün sonunda bir gömrük xidməti podpolkovniki ondan ilk çağırışa gələcəyi barədə iltizam alaraq, onu evə buraxıb. Səhəri gün, ona telefonla zəng vuraraq, saat 15:00-da İstintaq İdarəsində olmasını bildiriblər. O da, göstərilən vaxtda İstintaq İdarəsinə gəlib. Orada idarənin böyük müstəntiqi, gömrük müşaviri Rüstəm Həsənov onu 3-4 saat sorğu-sual etdikdən sonra, şübhəli şəxs qismində həbsinə sanksiya verdirib. Beləliklə də, heç kim həqiqəti araşdırmaq istəməyib…
Vəkil Əli Hüseynov deyir ki, Rusiya gömrük sərhədində avtomaşınlara baxış çoxsaylı videomüşahidə kameraları altında bütün qapı şüşələri aşağı salınmış vəziyyətdə, sürücülərin birbaşa iştirakı və müşahidəsi ilə aparılır: “Oradakı baxış zamanı heç nə aşkar edilməyib. Azərbaycan tərəfdə isə, Raufun avtomaşınına baxış salonun arxa qapılarının qara örtüklü şüşələri aşağı salınmadan, qapılar tam açılmadan, yalnız gömrük əməkdaşının özünün salona daxil olduğu arxa qapı açılmaqla, yəni kənar diqqətdən xəlvəti bir şəraitdə aparılıb. Bu da gömrük əməkdaşına kamera görüntüsünə düşmədən, üstündəki patronları onun avtomaşınına yerləşdirməyə, yaxud da avtomaşının salonunda öz üzərindən götürüb, əlində, guya, avtomaşında tapılmış kimi, salondan çıxarmasına imkan verib. Əsl həqiqət budur! Ona görə də, Rauf Azizov ilk gündən patronların aşkar edilməsi ilə bağlı avtomaşınına keçirilmiş baxışın və patronların hansı şəraitdə aşkar olunmasının videogörüntüsünün ona təqdim edilməsini tələb edib. Lakin bu günə kimi həmin videogörüntülər təqdim olunmayıb. Həmin videogörüntülərdən dərhal görünər ki, o, yalnız həqiqəti söyləyir”.
İstintaqa təqdim olunan vəkil vəsatətindən görünür ki, ortaya qoyulmuş sübut və dəlillər Raufun nə dərəcədə haqlı olub-olmadığını, həbsdə saxlanma-sının qanuni və əsaslı olub-olmadığını çoxdan qiymətləndirib. Vəkil vəsatətdə göstərdiyi səbəblərlə hesab edir ki, Rauf Azizova elan edilmiş ittiham son dərəcə ədalətsiz bir şəraitdə həyata keçirilib. Barəsində həbs qətimkan tədbiri seçilməklə, onun insan hüquqlarının ən qiymətlisi olan azadlıq hüququ bərpaolunmaz dərəcədə pozulub. Bütün bunlar ona dəlalət edir ki, Raufun həbsi sifarişlə həyata keçirilib. Atası Dağıstanda tanınmış və nüfuzlu şəxs olduğundan, həbsində çirkin məqsədlər var. Elə, bu səbəbdəndir ki, ortada vəkil vəsatəti olsa da, bu günə kimi, Rauf Azizovun avtomaşınında döyüş sursatı aşkar edilməsini özündə əks etdirən videogörüntü istintaq orqanının qərarı ilə götürülərək, cinayət işinin materiallarına əlavə edilməyib. Bununla da, ittihamın sübutluluğu ilə bağlı şübhələrə son qoyulmasına cəhd də edilmir. Belə çıxır ki, həmin videogörüntülər ittihama sarsıdıcı bir zərbə endirə bilər. Qeyd edək ki, polietilen kisədə patronlar aşkar edilərkən — əgər onlar həqiqətən də təqsirləndirilən şəxsin maşınında aşkar edilmişdirsə — maddi sübutların götürülməsi, qablaşdırılması qaydaları mümkün olan ən kobud formada pozulub və müvafiq kriminalistik ekspertiza təyin edilib, keçirilməkə həmin polietilen kisənin və kisədəki patronların üzərində avtomaşında olmuş 3 nəfər şəxsdən (sürücü Rauf Azizovun, onun dostu Əliyev Tahir Yaşar oğlunun, yaxud da atasının dostu Həbib adlı şəxsin) hər hansı birinin əl-barmaq izlərinin olub-olmaması aydınlaşdırılmayıb. Bu da onun sübutudur ki, avtomaşında olmuş şəxslərin əl-barmaq izlərinin nə polietilen kisənin, nə də ki, kisədəki patronların üzərində aşkar olunmayacağını birmənalı şəkildə bilən gömrük əməkdaşları maddi sübutların götürülmə, qablaşdırma qaydalarını qəsdən pozublar.
Əgər, doğurdan da, patronlar təqsirləndirilən şəxsin avtomaşınında olubsa və gömrük əməkdaşı tərəfindən onun avtomaşınına şər məqsədi ilə atılmayıbsa, bu sursatı sərhəddən buraxdıqlarına görə, ən azı Azərbaycan gömrük postunda avtomaşında sursat aşkar edilməsi barədə Rusiya Federasiyasının gömrük orqanlarına, sərhəd xidmətinə müvafiq məlumat verilməliydi. Bu da olmayıb.
Əgər, doğurdan da, bu patronlar təqsirləndirilən şəxsin avtomaşınında olubsa, istintaq orqanı tərəfindən onun hansı ünvana və nə məqsədlə getdiyi də araşdırılmayıb, onun getdiyi ünvanda əlavə sursatın, yaxud da aşkar olunmuş sursatın istifadə edilə biləcəyi odlu döyüş silahlarının aşkar edilməsi məqsədilə, müvafiq istintaq-əməliyyat tədbirləri keçirilməyib, axtarış aparılmayıb.
Əgər, doğurdan da, patronlar təqsirləndirilən şəxsin avtomaşınında olubsa, onun Rusiyada yaşadığı ünvanda təxirəsalınmaz istintaq hərəkətlərinin, axtarışın aparılması barədə, Maxaçkalanın polis orqanına müvafiq beynəlxalq əməliyyat-istintaq tapşırığı göndərilməyib. Axı, MDB dövlətləri arasında mülki, cinayət və ailə işləri ilə bağlı qarşılıqlı hüquqi yardım haqqında müqavilə mövcuddur. Gömrük orqanının özü də patronlar təqsirləndirilən şəxsə məxsus olmadığını bildiyindən, indiyədək səsini belə çıxarmayıb. Rusiya tərəfinə də “ayıq-sayıq əməliyyat tədbiri” barədə məlumat vermədən istəyib ki, Rauf Azizov barəsindəki bu şər-böhtan yığnağını cinayət işinə çevirib, ittiham aktı ilə məhkəməyə göndərsin. Gömrük Komitəsinin illik hesabatında da hərbi sursat aşkar edilmə faktları bir fakt artmış olsun! Bunu başqa necə izah etmək olar? Sağlam məntiqlə, — başa düşülməsi çətin olan məqamları da nəzərə alsaq, — görərik ki, müdafiə tərəfi öz mülahizələrində nə qədər haqlıdır.
Onu da qeyd edək ki, Rauf Azizov 1979-cu ildə Lənkəran şəhərində anadan olub. 6 sinfi qurtardıqdan sonra, valideynləri Dağıstana köçüb və onu da özləri ilə aparıblar. Hazırda ailəlidir və Dağıstan Respublikasının Mahaçqala şəhərində yaşayır. Rusiya Federasiyasının vətəndaşı və milliyyətcə avar olan həyat yoldaşı ilə birgə nikahdan iki azyaşlı övladı – bir oğlu və bir qızı var. Azyaşlı oğlu ağır böyrək xəstəsidir və mütəmadi olaraq, Moskvada, Dağıstanda, həmçinin İranda müalicə olunur. Özünün həbsdə olması səbəbindən, hazırda oğlunun həkimlərə müalicəyə aparılmasında ciddi problemlər ortaya çıxıb.
Hansı məntiqə sığır ki, nənəsinin yuyulub, dəfn edilməsi mərasiminə tələsən, iki azyaşlı uşağı olan, Dağıstan Respublikasında azərbaycanlıların cəmiyyətinin 5 ildən artıq sədr müavini işləyən, heç bir maddi çətinliyi olmayan, eyni zamanda həyatını çox ağır xroniki xəstə — böyrək çatışmazlığı olan azyaşlı uşağının müalicəsinə həsr etmiş bir azərbaycanlı oğlu, işi-gücü qurtarmış kimi sərhəddən ona heç bir halda lazım olmayan hansısa patronları keçirməyə cəhd edərək, özünü «zibilə salsın»? Bu nə qədər inandırıcıdır? İstintaq orqanı yoxlayıbmı ki, həqiqətən də həmin gün Rauf Azizov Sumqayıt şəhərinə nənəsinin dəfninə tələsib? Axı, hər bir elan edilmiş ittihamda sağlam bir məntiq də olmalıdır. Hətta, təqsirləndirilən şəxsin hərəkətlərində bir məntiqsizlik olmuş olsa da belə, istintaq orqanı bu məntiqsizliyi məntiqi cəhətdən izah etməli idi.
Dağıstan Gömrüyünün vəkil Şaxbanovanın sorğusuna verdiyi 24.01.2019-cu il tarixli cavabında da göstərilib ki, 10.12.2018-ci il tarixdə gömrük sərhədindən keçərkən, Azizov Rauf Rakif oğlunun idarə etdiyi «Lexus» markalı avtomaşına baxış zamanı kənar əşyalar müəyyən edilmədiyindən, gömrük baxışı keçirilməsi haqqında akt tərtib edilməyib. Onda belə çıxır ki, Rusiya gömrükçüləri və sərhədçiləri ayıq-sayıq deyillər, öz sərhədlərindən kənara avtomaşının salonunda göz qabağında olan yerdə xeyli miqdarda patron buraxırlar, amma bizim «quşdan da ayıq və sayıq» gömrükçülər, avtomaşın 100 metr getməmiş, dərhal bu patronları tapırlar!!! Bu, nə qədər inandırıcıdır?!
Təqsirləndirilən şəxsin atası, Dağıstanda məskunlaşan azərbaycanlıların nüfuzlu diaspor qurumunun rəhbəri olan Rakif Azizovun Rusiya Federasiyası Xarici İşlər Nazirinin Dağıstan Respublikası üzrə nümayəndəsi A. Maqomeddadayevə ünvanladığı şikayət ərizəsinin surəti də həmin vəkili vəsatətinə əlavə edilib. Ərizədən görünür ki, Rakif Azizov Rusiya Xarici işlər nazirliyindən oğlu, Rusiya Federasiyasının vətəndaşı Rauf Azizovun həbs edilməsi səbəbinin əsaslı və qanuni olub-olmamasının araşdırılmasında onlara yardımçı olmağı, onun taleyi ilə maraqlanmağı xahiş edib. Görün, biz, Vətəndən kənarda Azərbaycan xalqı, Azərbaycan dövləti və dövlətçiliyi üçün durmadan çalışan bir insanı öz qanunsuz əməllərimizlə özümüzdən narazı salmağı, yeri gələndə, dövlətimizin nüfuzuna zərər gətirə biləcək addımlar atmağa məcbur etməyi necə bacarırıq!
Vəkil Əli Həsənov deyir ki, Rauf Azizova elan edilmiş ittihama özbaşınalıqdan, qanunsuzluqdan başqa heç bir ad vermək olmaz. Ona görə ki, bu cinayət işində onun təqsirliliyinə dəlalət edən bir dənə də olsun mötəbər sübut yoxdur. Ona görə, nə qədər gec deyil, istintaq orqanı yol verdiyi səhvləri aradan qaldırmalı, Rauf Azizovun kobud şəkildə pozduğu hüquqlarını bərpa etməli, onun barəsində seçilmiş həbs qətimkan tədbirini dərhal ləğv edib, həbsdən azad etməlidir.
Təqsirləndirilən şəxsin avtomaşınında döyüş sursatının aşkar edilməsi ilə bağlı Azərbaycan Respublikasının Şimal Ərazi Baş Gömrük İdarəsinin «Samur» Gömrük Postundakı müşahidə kameralarından, həmin avtomaşında sursatın aşkar edilməsi ilə bağlı videogörüntülər avtomaşın posta daxil olduğu andan, sursat aşkar edildikdən sonra avtomaşının müşahidə zonasından çıxarıldığı vaxta qədər, götürülərək, elektron daşıyıcıda cinayət işinin materiallarına əlavə edilməsi təmin edilməliydi. Həmin videogörüntüyə müdafiəçinin və təqsirləndirilən şəxsin iştirakı ilə baxış keçirilməklə, bu barədə müvafiq baxış protokolu tərtib olunmalıydı.

(Davamı var).
Məhi ELSEVƏR,
araz.az saytının xüsusi müxbiri.

araz.az xəbər portalı.