Aprelin 28-də Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə açan İcma rəhbəri Əziz Ələkbərli QAİ-nin getdikcə genişlənən fəaliyyəti barədə ətraflı məlumat verib. Təşkilatın Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumatda bildirilir ki, Əziz Ələkbərli çıxışında, aprelin 24-də Bakı Slavyan Universitetində “Turan Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə, “Saxta erməni soyqırımı” mövzusunda keçirilən, aprelin 26-da isə, Azərbaycan Milli QHT Forumunun akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr etdiyi tədbirlərdə rəhbəri olduğu Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması adından iştirak və çıxış etdiyini qeyd edib. Onun dediyinə görə, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək, abidələri önünə gül dəstələri qoyublar. Sonra Bakı QHT Resurs və Təlim Mərkəzində görkəmli oftalmoloq alimin həyat və fəaliyyətinə həsr olunan tədbir olub. MQF-nin prezidenti Rauf Zeyni, MQF-nin vitse-prezidenti Nüşabə Məmmədova, Azərbaycan Tibb Universitetinin müəllimi, dosent Aidə Bəndəliyeva, BDU-nun professoru Leyla Gərayzadə, MQF İdarə Heyətinin sədr müavini İradə Rzazadə, MQF İdarə Heyətinin üzvü Çingiz Bayramov, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri və digər şəxslər tədbirdə maraqlı çıxışlar ediblər. Əziz Ələkbərli öz çıxışında akademik Zərifə xanım Əliyevanı Azərbaycan xalqının 20-ci yüzildə yetirdiyi görkəmli şəxsiyttələrdən biri kimi səciyyələndirib və alimin irsinin daha geniş sferada təbliğini vacib saydığını da vurğulayıb.
Əziz Ələkbərli çıxışında bildirib ki, aprelin 27-də Qaraçanta Birliyi Təşəbbüs Qrupu və Qaraçanta Kənd İcması, Qaraçanta şəhid ailələrinin iştiraki ilə, “Qaraçanta şəhidlərinin anım günü” tədbiri keçirib. Qaraçanta Birliyi Təşəbbüs Qrupu və Qaraçanta Kənd İcması üzvlərinin, Qaraçanta kənd ziyalılarının, Qaraçanta şəhidlərinin ailə üzvlərinin iştirak və çıxış etdikləri həmin tədbirə Qərbi Azərbaycan İcmasının sədri, İdarə Heyətinin üzvləri Fəqan Bəhrəmov, Cəmşid Dərələyəzli, Muxtar Oxçoğlu və Səməndər Mehdiyev də qatılıblar. Adları çəkilən İcma nümayəndələri öz çıxışlarında, bu təşəbbüsün digər bölgələrimizin Kənd İcmaları üçün də bir örnək olacağı ümidini səsləndiriblər. Çıxışlarda şəhidlərimizin qanının yerdə qalmayacağına, Ali Baş Komandan İlham Əliyev cənablarının əmri ilə, torpaqlarımızın yaxın zamanlarda düşməndən azad ediləcəyinə böyük inam ifadə edilib. Tədbirin sonunda şəhid ailələrinə Qaraçanta şəhidlərinin şəkilləri olan plaketlər hədiyyə edilib, şəhidlərə ehsan verilib. Şəhid ailələrinin üzvləri tədbirin təşkilatçılarına, şəhidlərin xatirəsinə göstərdikləri ehtirama görə, təşəkkürlərini çatdırıblar.
Mətbuat Xidmətinin məlumatında daha sonra bildirilir ki, Qərbi Azərbaycan İcması İdarə Heyətinin yığıncağında, kənd icmalarının formalaşması vəziyyəti barədə rayon icma sədrlərinin hesabatı dinlənilib, yeni Kənd İcma sədrləri təsdiq olunub. Vorontsovka (Kalinino) və Allahverdi rayon icmalarının formalaşması vəziyyəti barədə Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Muxtar Oxçoğlunun və həmin rayonların yığıncaqda iştirak edən icma nümayəndələrinin məlumatları nəzərə alınıb.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvlərindən Cəmşid Dərələyəzli, Fəqan Bəhrəmov, Səməndər Mehdiyev, Polad Poladov, əslən Sisian rayonunun Ağudi kəndindən olan fizika elmlər doktoru, professor Bəxtiyar Nəcəfov, Böyük Qarakilsə rayonunun Hallavar Kənd İcmasının sədri Bəxtiyar Abdullayev, Allahverdi rayonunun Böyük Ayrım Kənd İcmasının sədri Tofiq Əliyev, ictimai fəal Qeysər Əliyev və başqaları cari məsələlər və qarşıda duran vəzifələr barədə çıxış ediblər.
Yığıncaqda Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Fəqan Bəhrəmov yekdilliklə Qərbi Azərbaycan İcması sədrinin təşkilati məsələlər üzrə müavini seçilib.
araz.az
araz.az xəbər portalı.