Başçı Vüqar Zeynalovla və “Modul — X” rəhbəri ilə əlbir işləyən bələdiyyə rəhbəri Bakı İnzibati Məhkəməsinin çıxardığı Qərardadı da saymır

Mülkiyyətçi torpaq sahəsi üzərində hüququnun bir daha tanınması və haqqını müdafiə üçün nüfuzlu beynəlxalq qurumlara, lazım gəlsə Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşır

Paytaxt Bakının Səbail rayonu ərazisindəki Salyan şosesi, 32 deyilən ünvanda çoxdan başlayan torpaq qalmaqalı yenidən şiddətlənməyə başlayıb. Bu mafiya bu dəfə fərdi torpaq sahələrinin yerləşdiyi bu böyük ərazidəki 1200 kvadratmetrlik torpaq sahəsi üzərində mülkiyyətçi hüququ olan Rövşən Feyziyevə qarşı köklənib. “Ağına-bozuna baxmadan” törətdiyi qanunsuzluqlar və özbaşınalıqlar hesabına vətəndaşın həmin torpaq sahəsini də əlindən çıxarmaq istəyir — yer sahibinin Rövşən Feyziyev olduğunu təsdiqləyən Səbail Rayon Bələdiyyəsinin verdiyi Sərəncam, Qərar və digər hüquqi sənədlər bir yana, hətta bu barədə Bakı İnzibati Məhkəməsinin Qərardadının olmasına baxmayaraq.

Belə torpaq qalmaqallarının Səbaildə ilk dəfə baş vermədiyini, birinin getdikcə daha da qızışdığını nəzərə alaraq, bu məsələ ilə bağlı araşdırma aparan araz.az-ın əməkdaşlarına məlum olub ki, doğrudan da, bütün narazılıqlar bələdiyyə sədri Hacı Əliyevin törətdiyi qanun pozuntuları ucbatından baş verir. Başlatdığı bütün oyunların ssenarisini də, əsas günahkar, rayonun icra başçısı Vüqar Zeynalovla bərabər hazırlayır. Bundan sonra torpaq mafiyası bir-biri ilə eyniyyət təşkil edən “qanunsuz torpaq iddiasını” və qabaqcadan düşünülmüş “hücum taktikasını” işə salır, bütün mülkiyyətçilərə eyni aqibəti yaşadır.

İndi də, Rövşən Feyziyev əvvəlcədən qurulan belə bir oyunla üz-üzədir. Halbuki, o, Səbail Bələdiyyəsinin 421 saylı Qərarı ilə, 2006-cı ilin dekabr ayının 29-dan 1200 kvadratmetrlik bu torpaq sahəsinin qanuni sahibidir. Bələdiyyənin verdiyi sənəd-sübutlar — Sərəncam, torpaq alqı-satqısı Aktı, dövlət rüsumlarının ödəniş qəbzləri… də əlindədir. Nə olsun, daha bir torpaq xülyası Hacı Əliyevi yerində dinc durmağa qoymur. Hətta, o, rəhbəri olduğu mafiyanı istəyinə çatdırmaq, həmin torpaq sahəsinin sənədləşdirilməsinə dair verilən məlum Qərarın etibarsız hesab edilməsi iddiası ilə, Bakı İnzibati Məhkəməsinə üz tutub. Nə yaxşı ki, sonda daim ədalət qalıb olur. Bakı İnzibati Məhkəməsində hakim Miminat Hacıbəyova İddia Ərizəsi üzrə işə baxıb. Çıxardığı 23.08.2004-cü il tarixli Qərardadla, torpaq mafiyasının arzusunu gözündə qoyub. İddianı mümkün hesab etməyərək, Hacı Əliyevi “əli ətəyindən uzun” geri qaytarıb.

Bir daha deyirik ki, məlumatlı mənbə tərəfindən araz.az-ın redaksiyasına ötürülən və deyilənlərin təsdiqi olan bütün hüquqi sənədlərlə tanış olmuşuq. Araşdırma aparılıb, nəticəsi isə, göz qabağındadır. Lakin torpaq mafiyası yenə qanunlarımızı saymaq istəmir. Rövşən Feyziyev isə deyir ki, haqqını müdafiə etmək üçün üzünü Qərbə tutmağa, nüfuz sahibi beynəlxalq təşkilatlara, lazım gəlsə, Avropa Məhkəməsinə belə müraciət etməyə hazırdır.

Mənbə öz məlumatında xüsusi olaraq onu da vurğulayır ki, camaat bir vaxtlar daha torpaqlarını zəbt edən olmaz deyirdi. Lakin torpaqların qanunsuz verilməsini elan etməklə, heç bir məhkəmə qərarı olmadan hasarlarının yerlə bir edilməsi sakinlər arasında çox böyük narazılıqlar yaradıb. Bir sözlə, vəzifə sahibləri öz sələflərinə rəhmət oxutdurur.

Başçı Vüqar Zeynalovu isə vətəndaşlara qarşı belə hörmətsizlik etməyə, “Modul — X”-in tamahkar rəhbər şəxsləri ilə əlbir olan Səbail Rayon Bələdiyyəsinin sədri Hacı Əliyev kimi vəzifə sahibləri təhrik edir. Xoşagəlməz nəticələri isə, saymaqla qurtaran deyil. Məsələn, bu böyük ərazidəki ayrı-ayrı adlarda rəsmiləşdirilən torpaq sahələri 20 ildən çoxdur ki, qanun tələbləri çərçivəsində 12 nəfərə — Osman Tanrıverdiyev, Üzeyir Allahverdiyev, Zinyət Tanrıverdiyeva… ad-soyadlı ölkə vətəndaşlarına verilib. Rövşən Feyziyev kimi, bu torpaq sahələrinin qanuni sahibləri olmaları barədə, onların da əllərində istənilən rəsmi sənədləri var. Hətta torpaq sahələrinin alqı-satqı aktlarındakı rüsum vəsaitlərini də, vaxtından gec olmayaraq dövlət hesabına ödəyiblər. Buna baxmayaraq, Səbail torpaq mafiyası onların mülklərini qanunsuz olaraq əllərindən alıb, burada yaşayanların evlərini başlarına uçurmaqdan, hasarlarını yerlə bir etməkdən belə çəkinməyərək, ərazini “Modul — X”-in “caynağına keçirməyə” nail olub.

Həmin olaylar baş verən zaman, ölkənin ayrı-ayrı media vasitələri törədilən bu qanunsuzluqları ictimaiyyətin diqqətinə çatdırırdı. Bu mətbu orqanlarla bərabər, araz.az xəbər portalı da, baş verənlərin ikrah doğuran gedişi barədə geniş yazılar dərc edirdi. Nə olsun, dəhşət doğuran qanunlarla idarə olunan bu mafiya qrupu ilə, mətbuat yenə bacarmadı.
Çünki icra hakimiyyəti və bələdiyyə rəhbərləri əlbir olub belə qanunsuzluqlar
törədəndə, onlarla bacarmaq olduqca çətin olur. Bir də ki, Vüqar Zeynalovla Hacı Əliyev
Səbail rayonunda mühüm hesab edilən vəzifələri zəbt etməkdən çəkinməyərək, qohum-əqrəbalarını və yaxınlarını istədikləri vəzifəyə təyin etdiriblər. Bu isə o deməkdir ki, onlar, yaratdıqları bu “ailə ansamblının” vasitəsi ilə, hələ istədikləri çox şeyi edəcəklər. Çünki belələrini səlahiyyət sahibi etməklə, icra başçısı və bələdiyyə sədri istədikləri oyunu qura bilir, özləri açıq-aşkar törədə bilmədikləri özbaşınalıqları yaxınlarına həvalə edirlər. Onların birləşib həyata keçirdikləri qanunsuzluqlar isə, ölçüyə gələsi deyil. Hətta qanuni sənədlərlə gedib aldıqları kol-koslu, daş-çınqıllı sahələri təmizləyib, istifadə üçün hazır vəziyyətə gətirirən mülk sahiblərinin belə “günlərini göy əskiyə bükürlər”. Elə, buna görədir ki, ölkənin digər rayonlarının rəhbər şəxsləri arasında, Səbail başçısının və bələdiyyə sədrinin adları torpaqların zəbt edilərək, qarış-qarış satılmasında və bu kimi digər talançılıqlarda daha çox hallanır. Konkret desək, adı torpaqla bağlı bütün qalmaqallı olaylarda hallanan bu “ailə ansamblı” tərəfindən görülən bütün ”qara işlər” qatı cinayət kimi qələmə verilir. Üstəlik, hamı Səbailin sürətlə kriminal qaydalarla idarə olunan ərazi statusunu qazandığını deyir.
Bu səbəbdəndir ki, Səbail rayonunda torpaqların qanunsuz satılıb, mənimsənilməsi məsələsi heç vaxt gündəmdən düşmür.

Sonda bildiririk ki, növbəti geniş araşdırma yazımızda bu “ailə ansamblı”nın üzvlərini sizlərə tanıtmaqla bərabər, əməlləri barədə də ətraflı məlumat verəcəyik. araz.az-ı izləyin və bu mövzuda oxuyacağınız geniş yazılarımızı doğma-yaxınlarınıza, dost-tanışlarınıza ötürün — onları daha böyük gücə malik ictimai qınağa tuş etmək üçün! Çünki onlarla başqa cür bacarmaq da olmur!

Məhi ELSEVƏR,

araz.az xəbər portalı.