Aprelin 27-də Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya Azərbaycanlılarının Birinci Moskva Forumu və Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) təsis konfransı keçirilib.
Newscenter.az-a forum iştirakçılarının verdiyi xəbərə görə, Moskvadakı Prezident otelində baş tutan forumda Rusiyanın müxtəlif subyektlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri, eləcə də ziyalılar, ictimai-siyasi fəallar iştirak ediblər.
Dövlət himninin səslənməsi ilə start götürən tədbirdə Azərbaycan diasporunun mövcud durumu, qarşısında duran vəzifələr və hədəflər barədə çıxışlar olub.
Rusiya Azərbaycanlılarının Birinci Moskva Forumu çərçivəsində Rusiya Azərbaycanlıları İttifaqının təsis konfransı da baş tutub. Təsis Konfransına Rusiya Federasiyasının 56 regionunu təmsil edən diaspor qurumlarının təmsilçiləri qatılıb. Qərara alınıb ki, 3 ay ərzində Rusiya qanunvericiliyinə uyğun olaraq hazırlıq işləri keçirilsin, Nizamnamə hazırlansın və qurultay təyin olunsun. Bundan başqa Nizamnamənin bəndlərinin təsisçi təşkilatların hüquqşünasları tərəfdindən onlayn qaydada müzakirə ediləcəyi təklifi qəbul edilib.
Əvvəlcə RAİ-nin İdarə Heyəti seçilib. İdarə Heyətinə Fizuli Məmmədov, Tofiq Rzayev, Mirkazım, Elşən Əliyev, Akil Mikaylov, Mais Cəfərov, Aydın Mehtiyev, Zahid Qocayev, Əli Kazımovun namizədliyi səsvermə ilə qəbul edilib.
Daha sonra, Rusiya Azərbaycanlıları İtifaqının prezidentliyinə namizədlər irəli sürülüb. Ceyhun Əliyev bu posta Dünya Azərbaycanlıları İtitfaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul olunub. Səsvermə ilə təklif olunan struktur qəbul olunub. Daha sonra Fizuli Məmmədov yekdilliklə Rusiya Azərbaycanlıları İttifaqının prezidenti seçilib.
araz.az xəbər portalı.