RAİ-ni ÜAK-dan fərqləndirən nə olacaq? Fəzail Ağamalı: “Proses çox yaxşı gedir…”
Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə Moskvada Rusiya Azərbaycanlılarının I Forumu və Rusiya Azərbaycanlıları İttifaqının təsis konfransı keçirilib. Təsis konfransına Rusiya Federasiyasının 56 regionunu təmsil edən diaspor qurumlarının təmsilçiləri qatılıb. Növbəti addımlarla bağlı qərarlar qəbul olunub, birlik nümayiş etdirilib.
Müzakirələrdə Rusiya Azərbaycanlıları İttifaqının prezidentliyinə Dünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub.
RAİ-nin yaradılması Azərbaycan daxilində müsbət qarşılanıb. Ermənilərin bütün sahələrdə güclü olduğu Rusiyada soydaşlarımızın bir araya gəlməsinin öz töhfələrini verəcəyi vurğulanır. Xüsusilə iki il öncə şimal qonşumuzda Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsindən sonra belə bir birliyə böyük ehtiyac var idi. RAİ-nin ÜAK-dan nə ilə fərqlənəcəyi, hansı işləri görəcəyi yönündə müxtəlif müzakirələr gedir.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında RAİ-nin hansı işləri görməli olduğunu sadaladı: “Rusiyada bizim soydaşlarımız kifayət qədər uzun illərdən bəri məskunlaşıblar. Sayları da çoxdur. Orada diasporamuzun fəaliyyətini gücləndirməsi bütün mənalarda maraqlarımıza tamamilə uyğundur. Çox təəssüf edirəm ki, uzun illər boyu bir sıra yerlərdə olduğu kimi, Rusiyada da diasporumuz öz fəaliyyətini istədiyimiz şəkildə qura bilmədi. Xüsusilə son illər diasporun daxilində ən müxtəlif hadisələr baş verdi, parçalanmaların şahidi olduq. Sonunda demək olar ki, orada diasporumuzun fəaliyyətinə son qoyuldu. Bu çox təəssüf doğuran hadisə idi. Hər birimizi bu ciddi şəkildə narahat etdi. Rusiyada erməni diasporu kifayət qədər güclüdür.
Onların fəaliyyəti hər zaman ölkəmizə qarşı yönəlib. Xüsusi olaraq Azərbaycanla Rusiya arasındakı münasibətlərin yüksək səviyyədə qurulmasına bütün imkanları ilə mane olmağa çalışırlar. Heç kimə sirr deyil ki, Rusiyada bütün sahələrdə erməni diasporu şəbəkələşmiş şəkildə fəaliyyət göstərirlər. Oradan gedən yəhudilərin də yerini tutublar. Bu gün Rusiya mətbuatında ermənilərin çox böyük fəallığı var. Hər yerdə olduğu kimi, Rusiyadakı erməni diasporu da Azərbaycana qarşı düşmənçilik mövqeyini nümayiş etdirməkdədir. Bunun qarşısını almaq üçün güclü diasporamızın yaranmasına ciddi ehtiyac var idi. Bu gün də bu zərurət özünü açıq şəkildə ehtiva etməkdədir. Çox yaxşı haldır ki, artıq bununla bağlı mövcud problem aradan qaldırılır. Onu da etiraf edək ki, hörmətli, keçmiş həmkarım Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinə sədr təyin olunandan sonra bu komitənin fəaliyyətində ciddi dəyişiklik özünü göstərməyə başladı. Proses çox yaxşı gedir. Ümidvaram ki, həqiqətən komitə imkanlarından istifadə edərək həm dünyanın ayrı-ayrı ölkələrində də, həm də Rusiyada da diasporamızı gücləndirəcək”.
Müsahibimiz hesab edir ki, təkcə Rusiyada deyil, digər MDB ölkələrində də diasporamızın gücləndirilməsinə böyük ehtiyac var: “Xüsusilə, bu məsələdə Gürcüstana ciddi diqqət ayrılmalıdır. Bildiyiniz kimi, orada həm diaspora şəklində, həm də vətəndaş kimi ermənilərin ciddi fəallıqları var. Rusiyada ittifaqımızın yaradılmasını çox yüksək qiymətləndirirəm. Fizuli Məmmədovu yaxşı tanıyıram. Bildiyim qədər ilə o kifayət qədər vətənpərvər adamdır. Azərbaycana çox bağlı insandır. Onunla ayrı-ayrı beynəlxalq təşkilatlarda olmuşuq. Azərbaycan diasporalarının keçirdikləri tədbirlərdə iştirak etmişik. Arzu edərdim ki, fikirlərimdə yanılmayıb. Füzuli Məmmədovu təbrik edir, ona işində uğurlar arzu edirəm. Ümid edərəm ki, onun fəaliyyəti Azərbaycanın milli və dövlət maraqlarına xidmət edəcək. Tanıdığım Fizuli Məmmədov həm də təmənnasız adamdır. Çoxları elə düşünür ki, Azərbaycan dövləti onlara maliyyə yardımı göstərməlidir. Halbuki, bu kökündən yanlışdır. Baxın ermənilər nə edirlər?
Diasporları dövlətlərindən pul almırlar, əksinə Ermənistana hərtərəfli yardım edirlər. Fəaliyyət göstərdikləri ölkələrdə tanınmış insanları, siyasətçiləri, dövlət adamlarını ələ alırlar, onlarla iş qururlar, seçki prosesində fəaliyyət iştirak edirlər ki, sonradan onların sözü deyilsin. Yəhudilər də belədir. İsraildən maliyyə yardımı almırlar, əksinə ona yardım edirlər. Bu baxımdan yuxarıda qeyd etdiyim xoşagəlməz yanaşma tamamilə aradan qaldırılmalıdır. Maliyyə yardımı ummaq diaspora şəklində dövlətə xidmət etmək deyil. Bu sonunda müxtəlif işlərlə məşğul olmağa qədər aparıb çıxarır. Düşünürəm ki, indi Rusiyada yaranan bu təşkilat tamam başqa keyfiyyətlər və yanaşmalarla öz işini quracaq, diaspor kimi xalqımız və dövlətimizin maraqlarına Rusiyanın qanunları, imkanları çərçivəsində xidmət göstərəcəklər”.
Deputat yeni təşkilatın ÜAK-dan nə ilə fərqlənəcəyinə də aydınlıq gətirdi: “Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbəri Məhəmməd müəllim idi. Ziyalı, alim bir insandır. Konqresdə olanlar qaneedici fəaliyyət göstərmədilər. Azərbaycan dövlətindən maliyyə umur, yardım istəyirdilər. Bu yardımlar da göstərilirdi. Bir çox hallarda yardımlar öz ünvanına çatmırdı. Ayrı-ayrı vaxtlarda KİV-lərdə bununla bağlı faktlar gedib. Bu cür hallar kökündən aradan qaldırılmalıdır. Bu ittifaq Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin ən yüksək səviyyədə qurulması üçün əlindən gələni etməli, erməni diasporasına qarşı sözün həqiqi mənasında böyük vətənpərvərliklə, fədakarlıqla mübarizə aparıb onların yalanlarını ifşa etməli, Azərbaycan həqiqətlərini bütün rus cəmiyyətinə çatdırmalı, bu cəmiyyətlə Azərbaycan cəmiyyəti arasındakı əlaqələri gücləndirməlidir. Azərbaycan və Rusiya prezidentləri arasında yüksək dostluq münasibətləri var. Dövlətlərarası münasibətlər yüksək səviyyədə gedir. Cəmiyyətlər arasında münasibətlərin bundan sonra yüksək səviyyədə qurulmasına ehtiyac var”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
araz.az xəbər portalı.