Son vaxtlar COP29-la bağlı müxtəlif məlumatlar yayılır, hərə bir söz deyirdi. Hətta paytaxta giriş yollarının bağlanacağı, şəhərə heç kəsin buraxılmayacağı deyilirdi. Həmin qeyri-rəsmi məlumatlarda bildirilirdi ki, COP29 dövründə sms icazə ilə evdən çıxılacaq, aparıcı küçələrdə hərəkət tamamilə dayandırılacaq. İdarə və müəssisələrdə, hökumət və özəl təşkilatlarda əməkdaşlar məsafədən işləyəcəklər. O cümlədən müxtəlif tədbirlər ləğv olunacaq.
Lakin hər şeyə iki gün öncə bir qrup media nümayəndəsi ilə görüşdə prezidentin köməkçisi Anar Ələkbərov aydınlıq gətirib. O, hətta eşitmədiyimiz yeni məlumatlar da açıqlayıb.
araz.az bildirir ki, prezident köməkçisi ölkə rəhbərinin qəti şəkildə bu təşəbbüslərə qarşı çıxdığını deyib.
“Bəli, mərkəzi küçələrin bağlanması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması təklifləri var idi. Lakin cənab Prezident qəti şəkildə bu təşəbbüslərə qarşı çıxdı. Bakıda hər şey əvvəlki kimi olacaq. Yalnız bir çox dövlət və hökumət başçılarının qatılacağı liderlər sammiti günü təhlükəsizlik baxımından nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq”, – A. Ələkbərov bildirib.
Onun sözlərinə görə, konfransa hazırlıqla bağlı müzakirələr aparılıb, bu zaman təkliflər səsləndirilib. Hətta kütləvi tədbirlərin, eləcə də toy şənliklərinin, restoran və mağazaların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı təkliflər olub.
“Lakin bu məsələ ilə bağlı İlham Əliyev çıxış edərək, Azərbaycan paytaxtının həyatının pozulmasına qarşı olduğunu bildirib”, — prezident köməkçisi deyib.
araz.az xəbər portalı.