(araz.az MTM Analitik Qrupun bu mövzuda olan yazısını təqdim edir)
3+3 platforması hələ də Cənubi Qafqaz regionunun üç ölkəsi (Azərbaycan, Ermənistan, Gürcüstan) və üç regional gücün (Rusiya, Türkiyə, İran) iştirakı ilə bölgədə əməkdaşlığı, sabitliyi və təhlükəsizliyi təşviq edən əsas vasitə kimi çıxış edir. Platforma Cənubi Qafqazdakı münaqişələrin həlli, iqtisadi inkişaf və regional inteqrasiyanın təşviqi kimi məqsədləri nəzərdə tutur. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən bu format, xüsusilə 2020-ci ilin İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar çərçivəsində mühüm əhəmiyyət daşıyır.
Platformanın məqsədlərinə nəzər salsaq görərik ki, tərəflər daha çox Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına və bu çərçivədə etimad mühitini gücləndirməyə çalışırlar. Bu baxımdan platformada təmsil olunan ölkələr arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi xüsusi əhəmiyyəti ilə seçilir. Bura ilk növbədə nəqliyyat, enerji və ticarət marşrutlarının açılması ilə yanaşı, regional layihələr və investisiya imkanlarının genişləndirilməsi də daxildir. Zəngəzur dəhlizi kimi strateji nəqliyyat layihələrinin təşviqi bu çərçivədə xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək strateji Zəngəzur dəhlizi 3+3 platformasının ən çox diqqət göstərdiyi əsas iqtisadi amildir. Çünki Zəngəzur dəhlizinin açılması regiondakı nəqliyyat əlaqələrini yaxşılaşdırmaqla yanaşı, ticarət marşrutlarını da gücləndirəcək. Dəhliz həm Azərbaycan və Türkiyə arasında birbaşa əlaqə yaratmaq, həm də İran və Rusiyanın regionla əlaqələrini genişləndirmək baxımından xüsusilə seçilir. Heç şübhəsiz ki, xarici işlər nazirlərinin İstanbul görüşündə Zəngəzur dəhlizi ilə bağlı həyata keçirilən fəaliyyətlər yenidən gündəmə gətiriləcək. İclasda Ermənistanın xarici işlər nazirinin də iştirakını nəzərə alaraq deməliyik ki, bu dəhliz Ermənistan üçün də yeni iqtisadi perspektivlər yaradır. Əlbəttə ki, regiondakı nəqliyyat şəbəkələrinə qoşulmaq Ermənistan iqtisadiyyatına investisiya axınını artırar və onun regional inteqrasiyasını gücləndirə bilər. Zəngəzur dəhlizinin açılması həm də Çin və Avropa arasındakı “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsi olaraq regionun qlobal nəqliyyat marşrutlarına daha sıx inteqrasiya olunmasına şərait yaradar. Ona görə də 3+3 formatı çərçivəsində də dəstəklənən layihə təkcə regional deyil, həm də qlobal iqtisadi gündəlikdə xüsusi əhəmiyyət daşıyır.
Nəzərə almalıyıq ki, 3+3 platformasında təmsil olunan ölkələr, xüsusilə də Rusiya, Türkiyə və İran regional təhlükəsizliyin və sabitliyin təmin olunmasında həlledici rola malikdir. Bu baxımdan Gürcüstanın da yaxın gələcəkdə bu formata qoşulması əsas müzakirə mövzularından biridir. Son vaxtlar Gürcüstanla Rusiya arasında yaranan münasibətlər fonunda bunun yaxın perspektivdə reallaşmasına inam getdikcə geclənir. Bu formatın verdiyi imkanlardan faydalanmaq, regional iqtisadi proseslərdə fəal iştirak etmək heç şübhəsiz ki, rəsmi Tbilisinin də manevr imkanlarını artırar.
İstanbulda keçiriləcək 3+3 platformasının növbəti toplantısından gözləntilər çoxdur. Əsas məsələ strateji layihələrin həyata keçirilməsi üçün həll yollarını tapmaq, regional sülh və sabitliyin möhkəmləndirilməsi üçün konkret tədbirlər görməkdir. Bu baxımdan İstanbul toplantısı Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları çərçivəsində əlavə təşəbbüslərin irəli sürülməsi, tərəflər arasında qarşılıqlı etimadı artırmaq üçün yeni mexanizmlərin tapılıb müzakirə olunması ilə yadda qala bilər. Bundan əlavə, Zəngəzur dəhlizi ilə bağlı yekun qərara gəlinməsi, Ermənistanın bu layihə ilə bağlı qərar verməsinə nail olunması Cənubi Qafqazın Asiya və Avropa arasında daha mühüm tranzit mərkəzinə çevrilməsinə kömək edər. İstanbul görüşü regional ticarət və investisiya imkanlarının genişləndirilməsi istiqamətində razılaşmaların əldə olunması üçün də əhəmiyyətli mərhələdir.
araz.az xəbər portalı.