Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçildiyi gündən bu günədək ölkədə çox mühüm və müsbət dəyişikliklər baş verib. İnstitusional və çoxvektorlu islahatların aparılması ictimai və iqtisadi tərəqqiyə təkan verib, Azərbaycan regionda lider ölkəyə çevrilib. Bu illər ərzində uğurlarımızın zirvə nöqtəsi isə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi olub. Bununla da Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrilib.
İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb.
Ölkəmizin əldə etdiyi uğurlar onun beynəlxalq arenada nüfuzunu artırıb, Azərbaycanı digər dövlətlər üçün istənilən sahədə etibarlı tərəfdaşa çevirib. Azərbaycanda bütün sahələrin inkişaf etməsi respublikamızın bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı “Eurovision” mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, “Formula-1” yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa evsahibliyi edib. Gələn ay COP29 kimi mötəbər bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun bariz nümunəsidir.
2003-cü ildən 2024-cü illərə qədər dövrü ölkəmiz üçün ictimai-siyasi sahələrlə yanaşı, iqtisadi sahədə də yüksəliş və rifah dövrü hesab etmək olar. Bu dövrdə Azərbaycan dinamik iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, 2003-cü ildə neft gəlirləri hesabına Azərbaycan Dövlət Neft Fondunun aktivləri 815,6 milyon ABŞ dollar təşkil etdiyi halda ötən 21 ildə bu rəqəm 71 dəfədən çox artaraq 58 milyard dollara yüksəlib. Fondun gəlirləri isə 2023-cü ilin sonuna 196,7 milyard dollara çatıb. 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 310,4 milyard ABŞ dolları təşkil edib. Ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların həcmi isə 100,7 milyard ABŞ dollarından çox olub. Ötən dövr ərzində Azərbaycanda ümumdaxili məhsulun həcmi (ÜDM) 7,3 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb. Bu isə real ifadədə 3,6 dəfə artım deməkdir. Adambaşına düşən ÜDM isə 888,5 ABŞ dollarından 7 min 798 ABŞ dollarına yüksəlib.
2003-2024-cü illərdə Azərbaycanın qeyri-neft-qaz iqtisadiyyatı 5 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb. Kənd təsərrüfatı sektorunda 2,1 dəfə, nəqliyyat sektorunda 4,9 dəfə, turizm və ictimai iaşə sektorlarında 18,9 dəfə, informasiya və rabitə sahəsində isə 23 dəfə artım qeydə alınıb. 2003-cü ildə 1,6 milyard ABŞ dolları təşkil edən Azərbaycanın valyuta ehtiyatları 43 dəfə artaraq 69 milyard ABŞ dollarına yüksəlib. Dövlət büdcəsinin gəlirləri 0,9 milyard manatdan 30,7 milyard manata çatıb.
Bu illərdə Azərbaycanın ticarət əlaqələri də genişlənib. Ölkəmizin ticarət tərəfdaşları olan dövlətlərin sayı 2022-ci ildə 55-dən 185-ə çatıb. Xarici ticarət dövriyyəmiz 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib. İxrac həcmi isə 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatıb. 2022-ci ildə ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 2002-ci illə müqayisədə 13,7 dəfə, o cümlədən idxal 8,7 dəfə, ixrac isə 17,6 dəfə artıb.
Dünyada baş verən geosiyasi proseslər və İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın nəqliyyat habına çevrilməsi üçün yeni fürsətlər yaradıb. Çindən Avropaya yüklərin ən qısa zamanda və hazırkı geosiyası proseslər fonunda təhlükəsiz çatdırılması üçün Orta dəhliz ən ideal alternativə çevrilib. Hazırda Orta dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. Ölkə üzərindən tranzit daşımalar sürətlə artır. Təkcə bu ilin ilk yarısında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16,4 milyon tona çatıb.
Azərbaycanda aparılan sosial siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb, yoxsulluq səviyyəsi azalıb, yeni iş yerləri açılıb. İlham Əliyevin strateji inkişaf kursunun nəticəsində Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosial-yönümlü olmasına xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb. 2003-cü ildə dövlət büdcəsindən sosial xərclərə 678,2 milyon manat, 2022-ci ildə 11,6 milyard manat yönəldilib.
İqtisadi sektorun bir parçası olaraq qiymətləndirmə sahəsində də ölkəmizdə önəmli addımlar atılıb. Son dövrlər bu sahədə yeni reallıqlar müşahidə edilir. Belə ki, ötən il Azərbaycanda “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun qəbul edilib. Qanunun müddəaları əsasında, Azərbaycan Qiymətləndiricilər Palatası yaradılacaq. Artıq ölkədə qiymətləndirmə fəaliyyəti göstərmək istəyən şəxslərin ixtisas imtahanlarına qeydiyyat elan edilib. Bu il oktyabrın 27-də sözügedən ixtisas imtahanlarının ilk mərhələsi baş tutacaq. İmtahandan keçən qiymətləndiricilər ixtisas şəhadətnaməsi əldə edəcək və Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olacaqlar.
Prezident İlham Əliyev Azərbaycan xalqına uğurlu hədəfləri göstərən milli liderdir. Dövlətimizin başçısının qətiyyətli siyasəti təkcə Azərbaycanın inkişafına deyil, həm də türk dövlətləri arasında ictimai, iqtisadi və siyasi münasibətlərin daha da yüksəlməsinə mühüm töhfə verir. Azərbaycanın təşəbbüsləri, həyata keçirdiyi layihələr türk dövlətlərinin birliyinin formalaşmasında müstəsna rol oynayır. Təsadüfi deyil ki, türk dünyasının birliyinin güclənməsinə əhəmiyyətli təsir edən Türk Dövlətləri Təşkilatı məhz 2009-cu ildə imzalanmış Naxçıvan sazişi ilə yaradılıb. Türk dövlətləri ilə əməkdaşlığın inkişafı xarici siyasətimizin əsas istiqamətlərindəndir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bu əməkdaşlıq mahiyyətcə yeni mərhələyə keçib. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər ümumən türk dünyasının nüfuzunun artmasına səbəb olub. Bu, bütün türk dünyasının zəfəridir. Bu il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev bizim ailəmizin türk dünyası olduğunu bəyan edib.
Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Əminliklə söyləmək olar ki, dövlət başçısı İlham Əliyevin müstəsna liderlik bacarığı və siyasi məharəti ölkəmizin uğurlarını bundan sonra da davam etdirməyə imkan yaradacaq.
Vüqar ORUC, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyi Şurasının prezidenti.
araz.az xəbər portalı.