WhatsApp Image 2019-05-01 at 07.47.44.jpgFizuli Məmmədov Rusiya Azərbaycanlıları İttifaqını yaratmaqla, Ulu Öndərin daim arzuladığı lobbiçiliyin təməlini qoydu

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə, Moskvada keçirilən Rusiya Azərbaycanlılarının I Forumunda və Rusiya Azərbaycanlıları İttifaqının təsis konfransında soydaşlarımızın alqışalayiq birlik nümayiş etdirmələri, dünyanın dörd bir yanına səpələnmiş milyonlarla həmyerlimiz tərəfindən də müsbət qarşılandı. Federasiyasının 56 regionunun diaspor qurumları təmsilçilərinin, azərbaycanlı ictimai-siyasi xadimlərin, tanınmış simaların, ziyalıların və iş adamlarının qatıldığı bu tədbirdə Dünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri Fizuli Məmmədovun yeni yaradılan diaspor qurumunun prezidenti seçilməsi də, çoxlarının ürəyincə oldu. Mən də, Rusiyanın 30-a yaxın regionundakı diaspor təşkilatlarını öz ətrafında birləşdirən və mərkəzi ofisi Novosibirsk vilayətinin paytaxtı Novosibirsk şəhərində yerləşən Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının prezidenti kimi, həmin tədbirin iştirakçısı oldum. Mənimlə birlikdə həmin tədbirlərdə Assosiasiyasının bütün bölgələrdən olan nümayəndə heyəti də iştirak etdi və mən, yeni yaradılan Rusiya Azərbaycanlıları İttifaqı İdarə Heyətinə üzv seçildim. Yaşadığım Novosibirsk regionundakı səs-küylü diaspor qurumlarının rəhbəri, bu təşkilatların aktiv fəaliyyətini doğma Vətən naminə genişləndirmək üçün çalışan, təkcə bu ölkədə deyil, beynəlxalq miqyasda da, həmin təşkilatların xəttiylə Umumilli Lider Heydər Əliyev ideyalarının təntənəsinə, onun banisi olduğu milli dölətçiyilimizin, mədəniyyətimizin, ağrılı problemimiz olan Qarabağ həqiqətlərinin geniş təbliğinə, Ulu Öndərin layiqli varisi, möhtərəm İlham Əliyev cənablarının dövlət başçısı postunda həyata keçirdiyi hərtərəfli möhtəşəm işlərə siyasi, maddi-mənəvi dəstək olmaqdan daim rahatlıq tapan, milli diasporumuzun acınacaqlı durumundan narahat olan, ömrünü xarici ölkələrdəki Azərbaycan diasporunun formalaşıb, inkişaf etməsinə həsr edən fəal diasporçu, ictimai-siyasi xadim, şair-publisist, media orqanı başçısı kimi, tam əminliklə deyirəm ki, Fizuli Məmmədov RAİ-ni yaratmaqla, Ulu Öndərin daim arzusuladığı lobbiçiliyin təməlini qoydu. Çünki Rusiyadakı azərbaycanlıların birləşməsi istiqamətində görəcəyi köklü işlərin planı, Diasporla İş üzrə Dövlət Komitəsinin tövsiyyələri əsasında həyata keçirəcəyi böyük layihələr artıq lobbiçilik üçün bu qurumun möhtəşəm vahid konsepsiyasının olduğundan xəbər verir.

Vahid güclü qüvvəyə çevrilməsini də, prioritet sahələrdən biri kimi qarşısına məqsəd qoyan bu təşkilatın Azərbaycan həqiqətlərinin, dövlətçiliyimizin və milli mənsubiyyətimizin daha böyük arenada tanıdılması istiqamətində böyük uğurlara imza atacağı indidən şübhə doğurmur. Çünki bütün planlarında bu, başlıca amal kimi qeyd olunub. Ümumiyyətlə, lobbiçilik hərakatı, lobbiçilik məsələsi biz azərbaycanlılar üçün yeni mərhələdir. Səbəbi hamıya məlumdur. Diaspor sahəsində tətbiq edilən yeni metodlar, əminəm ki, lobbiçiliyi də sürətləndirəcək.
WhatsApp Image 2019-05-01 at 07.47.57.jpgAzərbaycanlıların yaşadıqları ölkədə fəallığı, birləşməsi bizim güclü olmağımız deməkdir. Bu, bizi sevindirir. Yetər ki azərbaycanlılar bütün işlərdə lobbiçilər kimi fəal ola, lazımı sahələr var ki, ora nüfuz edə bilsinlər.
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ictimai-siyasi həyatlarına dərindən bələd olan tanınmış bir diasporçu olaraq, onu da demək istəyirəm ki, olduqca çətin olan Rusiya azərbaycanlılarının birləşməsi yolunda, artıq, uğura aparan şərəfli yolda ilk addım atılıb. Biz diasporçular da, çoxdan bizi birliyə apacaq belə bir qurumun yaradılmasının arzusunda idik. Və bu yolda çox çətin gedən prosesin, sonda uğura doğru addım atması bizə böyük ümidlər bəxş etdi. Lakin, ortada, yeni yaradılan quruma qarşı hücumların və düşmən münasibətlərin olması biz diasporçulara narahatlıqlar da yaşadır. Üstəlik, bu təşkilatın yaradıldığı elan olunan ilk gündən başlayaraq, mətbuatda, internet resurslarında, sosial şəbəkələrdə bu yöndə “qızğın polemikalar” nəzərə çarpdıranların bir vaxtlar Rusiyada fəaliyyət göstərən uğursuz diaspor təşkilatımızın — Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbərliyində təmsil olunan şəxslərin olması bu narahatlığımızı daha da artırır. Onların yalandan yeni yaradılan Rusiya Azərbaycanlıları İttifaqının heç də Rusiyada məskunlaşan bütün soydaşlarımızın mövqeyini əks etdirmədiyinə dair fikirlər bildirmələrinə heç cür haqq qazandırmaq da olmur. Təbii ki, yeni yaradılan qurumdakı Rusiyanın bütün regionlarını təmsil edən mənim kimi fəal diasporçuların bu ittihamlarla razılaşmamalarına ciddi əsaslar var. Doğrusu, onların yeni təşkilatla bağlı belə fikirlər səsləndirmələrinə haqları çatmır. Bu səbəbdən ki, onlar, vaxtilə rəhbəri olduqları Ümumrusiya Azərbaycanlıları Konqresini Azərbaycan diaspor qurumlarımızın əsl düşməninə çevirmişdilər. Elə, onların özləri fəaliyyətsizlikdə, həmişə şəxsi maraqlar kontekstindən çıxış etməkdə günahlandırıldıqları üçün də, həmin qurumlarının fəaliyyətinə xitam verildi. Rusiya Azərbaycanlıları İttifaqının yaradılmasının, düşmən ermənilərin bütün sahələrdə güclü olduğu Rusiyada soydaşlarımızın bir araya gəlməsinə öz töhfələrini verəcəyi isə, şübhəsizdir. Ümumiyyətlə, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsindən sonra, belə bir birliyə böyük ehtiyac duyurduq.
Yeri gəlmişkən qeyd edim ki, Rusiyada soydaşlarımız uzun illərdən bəridir məskunlaşıblar. Sayları çox olduğundan, bu ölkədəki diasporumuzun fəaliyyətini daim gücləndirməsi bütün mənalarda maraqlarımıza tamamilə uyğun olub. Çox təəssüf ki, uzun illər boyu, bir sıra yerlərdə olduğu kimi, Rusiyada da diasporumuz öz fəaliyyətini istədiyimiz şəkildə qura bilməyib. Xüsusilə son illər diasporun daxilində ən müxtəlif hadisələr baş verdi, parçalanmalara şahidlik etdik. Sonda, demək olar ki, şimal qonşumuz ərazisində diasporumuzun fəaliyyətinə son qoyuldu. Bu çox təəssüf doğuran hadisə idi və hər birimizi ciddi şəkildə narahat etdi. Diaspor fəaliyyətimizdə buraxılan boşluqların, eyni zamanda, Rusiyanın regionlarındakı Azərbaycan icmalarının diaspor təşkilatlarımıza qarşı yaranan inamsız, incik, soyuq münasibətlərinin əsas günahkarı isə, Ümumrusiya Azərbaycanlıları Konqresi oldu. Ondan, yeni yaradılan Rusiya Azərbaycanlıları İttifaqının yaxşı nə ilə fərqlənəcəyinin, fərqli hansı yaxşı işləri görəcəyinin tezliklə ortada olacağı isə, şübhəsizdir. Buna, sizin də, əsla, şübhəniz olmasın! Ona da zərrəcə şübhəniz olmasın ki, xaricdə yaşayan soydaşlarımız, onların xoş gələcəkləri naminə yaradılan vacib bir qurum barədə səsləndirdikləri məsuliyyətsiz fikirlərə görə, bu təşkilat və onun yaradıcısı barədə iftira atanları, çox keçmədən, öz həmyerliləri kimi qəbul etməyəcəklər.
Bu heç kəsə sirr deyil ki, Ümumrusiya Azərbaycanlıları Konqresi fəaliyyət göstərdiyi müddətdə, Rusiyadakı diaspor təşkilatlarımızın vahid birliyinə nail olmaq onun rəhbərliyində təmsil olunan heç kəsi maraqlandırmadı. Çünki diaspor təşkilatlarımızın fəaliyyət istiqamətlərini onda hansısa vahid qurum yox, onları yaradan şəxslər müəyyənləşdirirdilər. Bu şəxslər arasında olan münaqişə və iddialar isə, dövlətimizin və xalqımızın ümumi mənafeyi naminə olacaq diaspor birliyinə imkan vermirdi. Elə, bu səbəbdən də, Rusiyadakı diaspor təşkilatlarımız, demək olar ki, qəbilə formasında ayrı-ayrılıqda fəaliyyət göstərirdi. Və buna görə də, diaspor fəaliyyətimizin müsbət nəticəsi indiyədək ortada yoxdur. Onu da deyim ki, təşkilatlar arasındakı əlaqəsizlik və narazılıq mühitindən yerli hakimiyyətlər də, həmişə böyük məharətlə istifadə ediblər. Rusiyanın müəyyən dairələrinin Azərbaycana qarşı münasibətlərini hamımız çox yaxşı bilirik; Bunu, uzaq olmayan tariximizə nəzər saldıqda belə aydın görmək olur. Belələri, bu gün Rusiyada Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən düşmən qüvvələr tərəfindən maliyyələşərək, hər vəchlə xalqımız və mövcud hakimiyyət əleyhinə cürbəcür iyrənc iftiralar yağdıran “azərbaycanlıların” yaratdıqları “təşkilatlar”dan məharətlə istifadə ediblər.
Əlbəttə, Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları vaxtında vahid siyasi gücə çevrilə bilsəydilər, belə xoşagəlməz situasiya da olmazdı. Bu gün Rusiyada yəhudilərin, ermənilərin, almanların, tatarların, hətta ruslarla müharibə vəziyyətində olan ukraynalıların çox güclü diaspor qurumlarını görəndə, təəssüflənməyə bilmirsən. Onlarla Rusiyanın mərkəzi hakimiyyəti belə hesablaşmaq məcburiyyətindədir. Sözün həqiqi mənasında, Azərbaycan diasporu, sadaladıqlarım ölkələrin diasporları ilə müqayisədə, demək olar ki, yox dərəcəsindədir. Yoxluğumuza və zəifliyimizə başlıca səbəb isə, yuxarıda qeyd etdiyim kimi, bu ölkədə vahid diaspor fəaliyyətimizi tənzimləyən qurumun indiyədək olmamasıdır. Bu, ona görə belə olub ki, bu təşkilatların fəaliyyətini tənzimləyib, yönləndirən şəxslər də, özlərinə indiyədək düzgün, dinamik iş prinsipi seçməyiblər. Bunu, tədricən də olsa aradan qaldırmaq isə, olmayıb. Təşkilat rəhbərləri arasındakı inamsızlığı aradan qaldırmağın özünün belə olduqca çətin bir proses olduğu isə, heç kəsə sirr deyil.
Diasporumuz Azərbaycan dövlətinin xarici siyasətinin tərkib hissəsi olduğundan, bu sahəyə xüsusi diqqət olması vacibdir. Əslində, milli diaspor dövlətimizin xarici siyasətinin əsas meyarı və lokomotivinə çevrilməlidir.
Bu olub və yenə də var. Ümumiyyətlə isə, azərbaycanlıların diaspor tarixi uzaq keçmişə təsadüf edir, lakin tarixən yaranan fasiələlər onun inkişafına mane olub. Amma sonuncu mərhələ Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə, ilk dəfə olaraq, ən fəal və uzunmüddətli mərhələyə keçib.
Bu istiqamətdə problemlərin aradan qaldırılması üçün, dövlət tərəfindən stimulverici hansı addımlar atılması da göz önündə olub. Beləcə, milli diasporda köklü dönüş yaranıb.
Dünya Azərbaycanlılarının 1-ci qurultayının təşkili bu işlərin parlaq nümunəsi oldu. Bu qurultayda dünya azərbaycanlıların vahid ideya ətrafında birləşməsinin, gələcəyə istiqamətlənmiş vacib ideyalarının praktiki olaraq əsası qoyuldu. Bu zaman, əsas prioritetlərdən biri də, o, oldu ki, xaricdəki həmvətənlərimizin yaşadıqları ölkələrdə inteqrasiyasının dinamikləşməsi, Azərbaycan həqiqətlərinin geniş yayılması mütəmadi olsun. Elə, əsası Ulu Öndər tərəfindən qoyulan Diasporlarla İş üzrə Dövlət Komitəsi, bütövlükdə, Azərbaycan diasporunun dünya səviyyəsində yaradılıb, formalaşmasına nail ola bildi. Bu sahədə əvvəlcə güclü gedən iş, sonradan diaspor təşkilatları arasında gedən çəkişmələr və digər xoşagəlməzliklər nəticəsində getdikcə zəiflədi, bütün bunlar da, sonda görülən möhtəşəm işləri heçə endirdi. Eyni zamanda, ölkədaxili ictimai-siyasi proseslər, məmur özbaşınalığı da, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın normal fəaliyyətlərinə müəyyən mənada mənfi təsir göstərdi. Nəticəsi isə, göz qabağında oldu!
WhatsApp Image 2019-05-01 at 07.48.12.jpgFuad Muradov Diaspor Komitəsinə rəhbər təyin edildikdən sonra isə, qurum işə həvəslə başladı. Komandasını yanına alıb, strateji əhəmiyyət daşıyan ölkələrə ardıcıl səfərlər edən Fuad Muradov, azərbaycanlılarla görüşdü, bu ölkələrdə diaspor təşkilatlarının Koordinasiya Şuralarının yaradılmasına dəstək verdi. Beləcə, ayrı-ayrı ölkələrdəki diaspor qurumlarımızın işinə yeni nəfəs, yeni ruh gəldi. Eynən, Rusiya Federasiyasındakı kimi!
Gələcəyi işıqlı görünən və fəaliyyətini Rusiyadakı milyonlarla soydaşımızı öz ətrafında birləşdirməyə kökləyən Ümumrusiya Azərbaycanlıları İttifaqı da bu ruhdan yarandı. Təəssüf ki, onun xoş gələcəyi olan bir qurum olacağını gözləri götürməyən “sapı özümüzdən olan baltalar” yenə də meydana çıxıblar. Maraqlarını xoşagəlməz detalların cəlb etdiyi aydın görünən bu insanların yeni yaradılan quruma və onun rəhbərinə aqressiv münasibət göstərmələri təəssüfləndiricidir. Onların demələri ki, bu quruma Azərbaycan rəsmi dairələrinin dəstəyi hiss edilmir, bu, yalan və qərəzdən başqa bir şey deyil. Ən azından, keçirilən tədbirlərdə əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakını onlar görməli və sonra deməliydilər ki, nədənsə, yeni təsis edilən qurumla bağlı deyilən halı müşahidə edə bilməyiblər. Onlar qərəzli şəkildə belə də deyirlər ki, guya, Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatının yaradılmasına bildirdiyi münasibətdən də, bu mövzuya bir qədər ehtiyatlı yanaşıldığı hiss edilir. Bu yalanlar necə uydurulur, heç cür başa düşülən deyil. Adıçəkilən Dövlət Komitəsinin bir açıqlaması da, onların bu uydurma və yalanlarını alt-üst edir. Dünyanın müxtəlif ölkələrindəki kimi, Rusiyada yaşayan azərbaycanlılar və onları birləşdirən təşkilatlar da, son dövrlərdə fəaliyyətlərini mərkəzləşdirməyə və kollegial qərarlar qəbul etməyə üstünlük verirlər. Ötən ildən başlayaraq, bu ölkədə də azərbaycanlıların koordinasiya şuralarının yaranması və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxslərinin onların yığıncaqlarına dəvət olunması təqdirələyiq hal kimi qiymətləndirilməlidir. Hazırda Rusiyada yaşayan soydaşlarımızın təşkilatlanması prosesi davam edir və genişlənir. Buradakı azərbaycanlıların və bir sıra diaspor təşkilatlarının yeni bir qurumda birləşməsinə də, əlaqədar dövlət qurumlarının bu yöndən olan təşəbbüslərindən biri kimi qiymət verilməlidir. Onların belə bir möhtəşəm diaspor qurumunun Azərbaycan hakimiyyətinin iradəsindən kənar yaradılması fikrini ortaya atmaları da, yalan və qərəzdən başqa bir şey deyil. Axı, Azərbaycan dövləti daim sağlam diaspor quruculuğu işlərini alqışlayıb və bacardıqca buna dəstək verib; Elə, Fizuli Məmmədovun təşəbbüsü ilə yaradılan quruma olduğu kimi! Ümumiyyətlə, Azərbaycan hakimiyyətinin dəstəyi olmadan, Rusiyada bütün soydaşlarımızı öz ətrafında birləşdirə biləcək belə bir təşkilatı yaratmaq mümkün də olmazdı!
Bu cür işlər dövlətin bəlli qurumları ilə məsləhətli şəkildə aparılır.
Diaspor sahəsində böyük təcrübəsi olan bir şəxs kimi, bütün Rusiyada yaşayan soydaşlarımızı öz ətrafında birləşdirəcək bir qurumun yaradılmasının nə qədər çətin iş olduğunu yaxşı bilirəm. Amma Vətən naminə olacaq bu çətinliyi öz öhdəsinə götürən Fizuli Məmmədov kimi bir şəxsə qarşı qərəzli münasibət göstərən həmyerlilərimizi, vicdana və haqqa dəvət etməkdən başqa əlimdən bir iş gəlmir. Onlar yaxşı bilsinlər ki, Fizuli Məmmədov haqqında çoxları artıq yaxşı sözlər eşidiblər. Hamı bilir ki, o, kifayət qədər vətənpərvər adamdır. Azərbaycana bağlı, təmənnasız bir insandır. Bütün bunlara görədir ki, bu vəzifəyə seçilməsi münasibətilə çoxları onu təbrik edir, ona işində uğurlar arzulayır. Ümid edirlər və tam əmindirlər ki, bu işdə də onun fəaliyyəti Azərbaycanın milli və dövlət maraqlarına xidmət edəcək, o, tamam başqa keyfiyyətlər və yanaşmalarla işini quracaq, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin ən yüksək səviyyədə qurulması üçün əlindən gələni əsirgəməyəcək, erməni diasporuna qarşı, sözün həqiqi mənasında, böyük vətənpərvərliklə, fədakarlıqla mübarizə aparıb, onların yalanlarını ifşa edərək, əsl Azərbaycan həqiqətlərini bütün rus cəmiyyətinə çatdıracaq.

Mirkazım SEYİDOV,
Türkdilli və Slavyandilli Xalqlar Arasında “Sodrujestvo”(“Həmrəylik”) Əməkdaşlıq Fondunun rəhbəri, Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının prezidenti, Rusiya və Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair-publisist.
Rusiya Federasiyası, Novosibirsk vilayəti, Novosibirsk şəhəri.

araz.az xəbər portalı.