araz.az bildirir ki, o, səhhəti ilə bağlı məhkəməyə gətirilə bilmədiyindən, videokonfransla məhkəməyə qoşulur.
Avropa İnsan Hüquqları Məhkəməsi vəkil Cavad Cavadovun müraciəti əsasında 22631/24 saylı iş üzrə, 27 avqust 2024-cü ildə Məhkəmə Qaydalarının 39-cu maddəsinə təcili müvəqqəti tədbir kimi Hüseyn Abdullayevlə bağlı qərar qəbul etmişdir.
Məhkəmə qərarında Azərbaycan Hökumətindən tələb edilmişdir ki, onun sağlamlıq vəziyyətinin stasionar müalicəyə və ya ambulator müalicəyə (2 avqust 2024-cü il tarixdə təyin edilmiş dərmanlara əlavə olaraq) və ya hər hansı təcili tibbi müdaxiləyə (məsələn, ürək cərrahiyyəsi) ehtiyac olub-olmadığını müəyyən etmək üçün əlavə hərtərəfli müayinələrdən keçirmək və bununla bağlı məhkəməyə məlumat verməlidir.Həmin əlavə müayinələrin nəticələri və ərizəçinin sağlamlıq vəziyyəti və göstərilən müalicə haqqında, həmçinin səhhəti ilə bağlı yeniliklər barədə Azərbaycan Höküməti Məhkəməyə məlumat verməlidir. Eyni zamanda Məhkəmə Qaydalarının 41-ci maddəsinə əsasən onun işinə prioritet qaydada baxılması qərara alınmışdır.
Həmin qərarın icra durumu və ümumiyyətlə, Hüseyn Abdullayevin sağlıq durumu hal-hazırda necədir?
Bu sulla ilk olaraq onun vəkili Cavad Cavadova müraciət etdik.
Vəkil deyib ki, Hüseyn Abdullayevin sağlıq durumunda ciddi irəlilyəiş yoxdur və təkidlərimizə baxmayaraq onun özəl klinikada müayinə olunmasına nail ola bilmədik:
“Bakı Ağır Cinayətlər Məhkəməsinin məktubu əsasında professor Adil Qeybulla Hüseyni müayinə etmiş və tövsiyələrini vermişdir. Həmin tövsiyələrlə bağlı əməli tədbir görülməmişdir və sonrakı mərhələdə professor xəstənin yanına buraxılmır. Hətta Bakı Ağır Cinayətlər Məhkəməsi onun yenidən H.Abdullayevin yanına buraxılması üçün məktub versə də buna faktiki olaraq icazə verilmir. Ümumiyyətlə, həbsdə olan tibbi təminatı ilə bağlı məsələ Penitensiar Xidmətin səlahiyyətinə aid deyil və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin tam sərəncamındadır. Tibb Baş İdarəsi isə bu məsələni bəzən Penitensiar Xidmətin, bəzən məhkəmənin üzərinə atır və beləcə Bermud üçbucağı yaranır. Nəticədə insan sağlamlığı ilə bağlı operativlik tələb edildiyi halda belə bürokratik durum görürük. Ədliyyə Naziri Fərid Əhmədovdan bu vəziyyətə diqqət yetirməsini mətbuat vasitəsi ilə xahiş edirəm”.
Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva isə, Gununsesi.info-ya bunları deyib:
“Hüseynin vəziyyəti çox ağırdır, qan təzyiqi mütəmadi olaraq 180-120 olur və səbəbi aradan qaldırılmır, sadəcə dərmanla nizamlanır. Həmin təzyiq nəticəsində bir dəfə infarkt keçiribdir. Ona kompleks mayinə və malicə lazımdır. Bu isə dörd divar arasında mümkün deyil. Bizə qarşı belə münasibəti heç anlaya bilmirəm. Cənab Prezident İlham Əliyev cənablarına müraciət etmişəm və ondan kömək istəmişəm. İnanıram ki, səsimizi eşidəcək”. /Gununsesi.info/
araz.az xəbər portalı.