Ölkədə dekabr ayında keçirilməsi gözlənilən bələdiyyə seçkilərində hansı siyasi partiyalar iştirak edəcək?

araz.az xəbər portalı bildirir ki, Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı mediation.az saytına açıqlamasında hələ qərar vermədiklərini deyib:
Azərbaycanda bələdiyyələr gerçək özünüidarə funksiyalarını həyata keçirən qurumlar deyil. Yerli seçkili hakimiyyət orqanlarının səlahiyyətləri artırılmalçası üçün ciddi hüquqi islahatların həyata keçirilməsi vacibdir. Bu sahədə təcrübə toplamış ölkələrin, məsələn Türkiyə nümunəsindən istifadə edilməsi faydalı olardı. Müsavat Partiyasının iştirakına gəldikdə isə belə qərarlar ciddi müzakirələrdən sonra kollegial olaraq qəbul edilir. Seçkilər elan ediləndən sonra bu seçkilərə münasibət partiya strukturlarında müzakirə olunacaq.
Ağ Partiya sədri Tural Abbaslı isə,
iştirakdan yana olduqlarını qeyd edib:
Bələdiyyələr haqqında qanuna edilən son dəyişiklikdən sonra bələdiyyələrin ⅔ hissəsi ixtisara düşdü. Düşünmürəm ki sayı azaltmaqla burda hansısa müsbət dəyişikliklər baş verəcək, Azərbaycanda əsas idarəetmə icra hakimiyyətlərindədir. Bu da ikili idarəetmə yaradır. Həm də bələdiyyələrin səlahiyyətləri artırılmadan, onların fəaliyyətində müsbət dəyişikliklərin olcağını gözləmək olmaz. Avropa Şurasına daxil olarkən tətbiqə başlanılan bələdiyyə sistemi özünü doğrultmadı deyə bilərik. Amma istənilən halda biz seçkidə iştirakdan yanayıq, böyük ehtimalla iştirak edəcəyik. Düzdü səlahiyyətsiz bələdiyyələrdə yer tutsaq nə olacaq deyə bilərsiz? Amma regionda olan üzvlərimiz üçün ən azı praktika üçün lazımlı bir təcrübə olacaq. Daha dəqiq yaxın günlərdə qərar verəcəyik. 
                         
Azad Vətən Partiyasının sədri Akif Nağı birmənalı olaraq seçkidə iştirakın vacibliyini qeyd edib:
— Qanuna dəyişiklikdə əsas müddəa sayın azaldılmasıdır. Əslində burada məntiq var. Çünki, əgər say azaldılarsa səmərəlilik daha çox olacaq, bələdiyyələr daha çox ərazini əhatə edəcək. Əsas odur ki bələdiyyələrin statusu qaldırılsın, düzdü qanunla bələdiyyəıərin kifayət qədər səlahiyyətləri var. Amma bunlar kağız üzərində qalır. Yaxşı olar ki, ən azı Türkiyə modelində bir sistem yaradaq. AzVP seçkidə iştirak edəcək. Bununla bağlı daha geniş açıqlama verəcəyik, amma ilkin fikrimiz iştirakdan yanadır.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə  seçkinin nəticələrinin artıq bəlli olduğunu deyib:
Bələdiyyələr haqqında yüzlərlə qanun qəbul edilsədə heç bir mənası olmayacaq. Azərbaycada hansı qanun qəbul olunduğu kimi icra olunur ki, bu olunsun? Ona görə mən düşünmürəm ki, lap mükəmməl bir qanun qəbul olunsa belə bu normal qaydada icra olunsun. Yazıq bizim millətimizə, dövlətimiz təhlükə qarşısındadır, istər ölkədaxili, istər ölkəxarici düşmənlər çox aktivləşib. Seçkidə iştiraka gəldikdə isə, nə qədər ki DSK-lar var, seçkiyə ümid bəsləmək mənasızdır. Hamısı saxtakar, rüşvətxordular. Allahşükür Paşazadənin deputat qardaşı Cavanşir Paşazadə demişkən bələdiyyələr çoxdan seçilib. Allah özü bizim millətə təpər versin öz halı haqqında düşünməyə başlasın.
Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadə qanunun müsbət nəticə verəcəyinə inandığını deyib:
Ölkədə ilk bələdiyyə seçkiləri 1999-cu ilin dekabrında keçirilmişdi, o zaman ölkədə 2700-dən çox bələdiyyə var idi. Daha sonra bəzi kənd və qəsəbələrdə bələdiyyələr birləşdirildi və bələdiyyələrin sayı son dəyişikliklərdən əvvəl 1600-ə yaxın idisə bu say artıq 685 oldu. Bu dəyişiklik həm də bələdiyyələrin daha rahat işləməsinə kömək edəcək, çünki, bir çox kiçik bələdiyyələr var idi ki, onların borcları yığılmışdı və bunun nəticəsində də hesabları dondurulmuşdu. Bu da bələdiyyələrin fəaliyyətini məhdudlaşdırırdı. Ola bilər ki hətta bundan sonra bir daha da bələdiyyələrin sayı azaldıla bilər. Hazırda bələdiyyə seçkilərində AMİP-in namizədlərinin dəqiqləşdirilməsi prosesi gedir. Biz seçkiyə bacardığımız qədər güclü şəkildə getməyi hədəfləyirik.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa qanuna dəyişikliyi labüd edən səbəblərdən danışıb:
— Yeni dəyişikliklər bələdiyyələrin daha çevik idarəetməsini təmin etmək üçün hazırlanıb. Bələdiyyələr çox sayda olanda effektivlikdə təbii olaraq aşağı düşür. Hətta istina etmirəm ki, bələdiyyələrin sayı daha da azala bilər. Bələdiyyələr nə qədər böyük ərazini əhatə etsə o qədər böyük səlahiyyətlərə malik olurlar. BQP bu seçkilərdə yəqin ki, iştirak edəcək. Qanun dəqiqləşsə daha çox iştirakda arta bilər.ƏHD Partiyasının sədr müavini Niyaməddin Orduxanlı icra hakimiyyətlərinin ləğvinə diqqət çəkib:

ƏHD Partiyası bələdiyyə seçkilərində iştirak edəcək. Bizim partiya bu günə qədər keçirilən bütün seçkilərdə iştirak edib. İlkin bələdiyyələr yarananda, Azərbaycanda təxminən 2700 bələdiyyə subyekti var idi. Sonradan birləşmə prosesi həyata keçirildi və hazırda 1606 bələdiyyə var. Söhbət ondan gedir ki, bələdiyyələrin birləşməsindən daha çox onlara geniş səlahiyyətlər verilməsinə ehtiyac var. Bələdiyyələrin səlahiyyətləri yoxdur və sadəcə torpaq, əmlak vergisindən gəlir əldə edir. Əmlakın çıxarışı olarsa, bələdiyyə oradan rüsum yığa bilər. Əgər 6 sot ərazidirsə, il ərzində cəmi 3.50- 4 manatdan söhbət gedir. Nəzərə alaq ki, Azərbaycanda 600 minə yaxın dövlət qeydiyyatında olmayan evlər var. Elə bələdiyyələr var ki, min hektarlarla ərazidə tikilən evlərin qeydiyyatı yoxdur və ona görə də vergiyə cəlb edilmir. Bələdiyyənin adicə səlahiyyəti yoxdursa, hansı perspektivdən danışmaq olar? Fransa bələdiyyələrinin təcrübəsini öyrənmişəm. Fransada yerli özünüidarəetmə institutunun, bələdiyyə sisteminin təxminən 850 illik tarixi var. Qardaş Türkiyənin 100 illik təcrübəsi var və böyük imkanlara, səlahiyyətlərə malikdir. Azərbaycan cəmiyyətində bələdiyyələr icra hakimiyyətlərinin bir şöbəsi, əlavəsi kimi xarakterizə olunur. Bu tendensiyanı aradan qaldırmaq üçün bələdiyyələrə geniş səlahiyyətlər, imkanlar verilməlidir. Qanunu da o formada dəyişmək lazımdır. Təsəvvür edin, Bakı şəhərinin rayonlarının bələdiyyə ərazisində əmlaklarını təsdiq edəcək aktları yoxdur, xəritələri yoxdur. 25 ildir Bakı şəhərinin, Gəncə şəhərinin bələdiyyəsi yoxdur. Bu problemlər aradan qalxmadan bələdiyyənin sayını 1600-dən 100-ə endirsələr də, faydasızdır. Hansı dünya ölkəsinin təcrübəsində var ki, bələdiyyənin torpağını Dövlət Əmlak Komitəsi hərracla satır. Bir çox hallarda 99 faiz bələdiyyə torpaqlarının hərraca çıxarılmasının ilkin mərhələsində Əmlak Komitəsi ondan imtina edir. Bələdiyyələr öz torpaqları üzərində səlahiyyət sahibi deyillər. Deyək ki, siz 30 ildir hansısa rayonda yaşayırsız və orada əlavə 2-3 sot torpağınız var. 30 ildir sizin istifadənizdədir. Torpaq Məcəlləsinə görə, uzun müddət həmin torpaqdan istifadə edirsizsə, qanunla sizə verilməlidir. Bələdiyyə də həmin torpağı sizin ixtiyarınıza verirsə, onun sənədləşmə prosesi Əmlak Komitəsində gedir. Əmlak Komitəsi də bundan imtina edir. Bunu yeni torpaq sahəsinin satılması kimi qəbul edir. Məhz bu səbəbdən bu gün Əmlak Komitəsi ilə bələdiyyələr arasında ciddi problem var. Dünyanın heç bir ölkəsində belə hala rast gəlinmir ki, vətəndaşa bilavasitə, yaxud hərrac yolu ilə verilən torpağa Əmlak Komitəsi nəzarət etsin, satışa çıxartsın. Bələdiyyə müstəqil qurumdursa, öz vətəndaşını, həmin ərazidə olan torpağın istifadə qaydasını daha yaxşı bilir. Azərbaycanda hazırda üç idarəetmə forması var. SSRİ dövründən qalmış icra hakimiyyətləri, bələdiyyə və bir də prezidentin xüsusi nümayəndələri. İcra hakimiyyətləri birmənalı ləğv edilməlidir. Onsuz da icra başçıları özünü doğrultmur. Bir bölgədə üç idarəetmə forması dünyanın heç harasında yoxdur. Ona görə də gələn il Azərbaycanda referendum keçirilməlidir. Bələdiyyələr hansısa icra başçısının tapşırığı ilə ayağa durub-oturacaqsa, onların şöbəsinə çevriləcəksə, bələdiyyələrdən nəsə gözləmək mənasızdır.

ÜMİD Partiyasının sədr müavini Taleh Əliyev referendumun vacib olduğu qənaətində olduğunu bildirib:

Azərbaycan Respublikasında yerli özünüidarəetmə təsisatı olan bələdiyyələrə ilk seçkilər 1999-cu ildə keçrildi. Yeni təsisat olduğundan xalqın o vaxt bələdiyyələrə böyük ümidləri vardı.  Səlahiyyətləri məhdud olan bələdiyyələr haqqında ölkə qanunvericiliyinə sonradan edilən çox saylı əlavə və dəyişikliklər bu təsisatı tamamilə nüfuzdan saldı. Hesab etmirəm ki, bələdiyyələr haqqında qanuna edilən sonuncu düzəlişlər bu sahədə ciddi müsbət dəyişikliklər yaratsın.  Bu qanunun qəbulundan sonra baş verəcək yeganə müsbət hal ondan ibarət olacaq ki, dövlət büdcəsindən bələdiyyələr üçün ayrılan subsidiya əhəmiyyətli dərəcədə azalacaq. Əslində isə yeni qanunun əsasını təşkil edən bələdiyyələrin birləşmə meyarı olan əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələrin onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlərin nəzərə alınmaqla birləşdirilməsi Azərbaycanda bələdiyyə idarəçiliyini daha da nüfuzdan salacaq. Bu günə qədər ölkədə mövcud olan1 400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 685-ə endirilməsi islahatı, əgər islahat demək mümkünsə effektiv deyil. Başqa sözlə desək əhalisinin və ev təsərrüfatlarının sayının az olduğu bələdiyyələrin mütləq əksəriyyəti kənd bələdiyyələridir. Geniş coğrafi əraziləri əhatə edəcək bu bələdiyyələr iqtisadi və idarəetmə baxımından səmərəli olmayacaq. Əksinə ciddi yeni fəsadların yaranmasına səbəb olacaqdır. Bu istiqamətdə köklü dəyişikliklər və müsbət nəticələr əldə etmək istəyiriksə ölkədə konisitutsiya islahatı aparılmalıdır ki, bələdiyyələr gerçək yerli özünüidarəetmə təsisatına çevrilsin. Eynən qardaş Türkiyə Cümhuriyyətində olduğu kimi yerli sosial-iqtisadi məsələlərlə məşğul ola bilsin.

Ümid Partiyasının qarşısından gələn bələdiyyə seçkilərində iştirak ilə bağlı rəsmi qərarı bu həftə olunacaq. Hər zaman seçkilərdə iştirakdan yana olan Ümid Partiyasının qarşısından gələn bələdiyyə seçkilərində iştirakla bağlı müsbət qərar verəcəyini düşünürəm.

ADP sədri Sərdar Cəlaloğlu partiyasının seçkidə iştirakı haqda hələ qərar vermədiklərini deyib:

Azərbaycanda qanunlar reqressiv yöndə dəyişdirilir, yəni pisləşdirilir. Partiyanın ali orqanı iştirak haqda qərar versə biz də üzvlərimiz üçün bütün lazımı məsələləri təmin edəcəyik ki seçkidə rahat şəkildə iştirak etsinlər.

araz.az xəbər portalı.