Məlumdur ki, Yanğın Su Hovuzu — Su Anbarı ərazidə, təsərrüfat sahələrində, bina və qurğularda baş verə biləcək yanğınların operativ söndürülməsi üçün daimi su tələbini təmin etmək məqsədi ilə, inşa edilmiş su tutumudur — su anbarıdır.
Əgər yanğın su hovuzu eyni zamanda içməli su hovuzu, məişət xarakteri ilə birgə nəzərdə tutulmuşdursa, eyni qaydalara əməl olunmalıdır.
Yanğınsöndürmə qaydalarında konkret olaraq göstərilir ki, yanğınsöndürmə üçün nəzərdə tutulmuş su hovuzunun özünü və hovuzun suyunu başqa məqsədlərə görə istifadə etmək qadağandır!
Yanğın su hovuzunun tikintisi zamanı mühüm məsələlərdən biri də, su sızmasının qarşısının alınması məqsədilə etibarlı hidroizolyasiya olunmasıdır. Yəni sızması olmasın.
Qaydalara görə, yeraltı yanğın hidrantlarının üstündə nəqliyyat vasitələrini belə saxlamaq olmaz. Hətta Qaydaların 2.1.6 bəndində yazılır:
“Yanğın su hovuzlrının üzərində müvəqqəti obyekt və qurğuların tikilməsinə icazə verilmir”.
İndi isə, gəlin görək, Nəriman Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 51 ünvanında bu xarakterli nələr baş verir ?
Məlumat üçün qeyd edək ki, köhnə Pekin — Çin, indiki “Dəstərxan” restoranına yaxın məsafədə yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində RAHAT MARKET yerləşir. Şəkildən göründüyü kimi marketə bitişik ərazidə, YERİN ALTINDA Yanğın Su Hovuzu var.
Təsəsvvür edirsiniz, BU HOVUZ əhalinin sıx məskunlaşdığı məkanda, bəlkə də, yeganə hovuzdur ki, yanğın söndürmə və qəza vəziyyətində xilas olmaq üçün nəzərdə tutulub. Təəssüf ki, yazının girişində qeyd etdiyimiz rəsmi qaydalara baxmayaraq, hovuzun üzərində hansısa obyekt tikilir.
Bizdə olan məlumata görə, obyekti “CƏFƏR” MTK inşa edir. Nə məqsədlə, deyə bilmirik.
Görəsən, Nərimanov RİH, FHN, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, nəhayətdə, Bakı ŞİH hara baxır?!
Axı, Qaydalarda qeyd olunur ki, belə su hovuzlarının üzərində nəinki obyekt tikmək, hətta avtomobil saxlamaq olmaz.
İraq olsun, sabah hər hansı yanğın, yaxud qəza baş verərsə, bu qədər əhalinin təhlükəsizliyinə görə, görəsən, KİM MƏSULİYYƏT DAŞIYACAQ?!
Ümid edirik ki, müvafiq dövlət qurumları qısa zamanda tədbir görəcəklər. Mövzunu gündəmdə saxlayacağıq. Bizi izləyin. /nuh.az
araz.az xəbər portalı.