“COP29-un Azərbaycanda keçirilməsi də əslində ölkəmizin ekoloji məsələlərə diqqətini və beynəlxalq müstəvidəki öhdəliklərini nümayiş etdirir. Bu, həm də Azərbaycanın qlobal problemlərin həllində fəal iştirakını göstərir. Belə tədbirlər, ölkəmizin dünyada strateji əhəmiyyətini və etibarını artırır. Bu, Azərbaycan üçün qürurverici bir nailiyyətdir”.
araz.az xəbər verir ki, bu fikirləri hüquq elmləri doktoru, professor İlham Rəhimov bakıvaxtı.az-a müsahibəsində deyib.
İlham Rəhimov COP29 öncəsi ABŞ-dan artan təzyiqlər haqda da danışıb:
“Bəzi Qərb dövlətləri, o cümlədən ABŞ müstəqil ölkələrə qarşı bəzən qərəzli siyasət yürüdür, ədalətsiz mövqelər sərgiləyirlər. Bu, indiki dövrdə də Azərbaycana yönəlmiş qərəzli yanaşma ilə özünü biruzə verir. Qeyd etmək lazımdır ki, bu cür siyasət yalnız Azərbaycana qarşı deyil, digər dövlətlərə qarşı da tətbiq olunur. Artıq bir çox dövlətlər başa düşür ki, ABŞ və Qərb demokratiya adı altında öz maraqları uğrunda mübarizə aparırlar. Əslində bu, Qərbin, əsasən də Amerika siyasətinin mahiyyətidir”.
Ukraynanın Putinin Bakıda COP29-a qatılacağı təqdirdə, tədbirin dünya birliyi tərəfindən boykot edilməsi çağırışına fikir bildirən İ. Rəhimov bunları söyləyib:
“Ukraynanın bu çağırışı da təbii ki, heç bir sağlam məntiqlə uzlaşmır. Xatırladaq ki, Ukraynanın ən çətin zamanında Azərbaycan mənəvi, humanitar dəstək göstərib. Eyni zamanda, Ukraynanın ərazi bütövlüyünü tanıyıb. Bunun müqabilində Ukraynanın belə bir bəyanat verməsi təəssüf doğurur.
Putinin tədbirdə iştirakı məsələsi isə hər hansı bir dövlətin çağırışına görə deyil, onun özü tərəfindən verilən qərardan asılıdr. Putini tanıyan biri kimi deyə bilərəm ki, onun qərarlarına bu kimi çağırışlar təsir edə bilməz. Əsas qonaqlayan dövlət kimi Azərbaycan dövləti onu dəvət etmişdi”.
“Bugünkü Rusiya-Azərbaycan və Rusiya-Türkiyə münasibətləri tarixi hadisələrin nəticəsi olaraq formalaşıb. Ancaq bu münasibətlərin inkişafı yalnız tarixin deyil, eyni zamanda, beynəlxalq münasibətlər, regional güc balansı və iqtisadi əməkdaşlıq kimi bir çox amillərin təsiri ilə baş verir. Eyni zamanda burda xüsusi olaraq liderlər arasındakı münasibətlər mühüm rol oynayıb. Azərbaycan Rusiya münasibətlərinin inkişafı Vladimir Putinin prezident seçilməsindən sonra rəhmətlik Heydər Əliyevlə olan şəxsi əlaqələri mühüm rol oynayıb. Bu münasibətlər sonradan da Azərbaycanın dövlət başçısı İlham Əliyev və Putin tərəfindən qorunub saxlanıldı və inkişaf etdirildi.
Xatırlayırsınızsa, Qarabağ problemi mövcud olarkən mən həmişə bildirirdim ki, problemin həlli Azərbaycan-Rusiya və Rusiya-Türkiyə münasibətlərindən asılı olacaq. Fikrimcə, proseslərin sonrakı inkişafı bunu sübut etdi”, – İlham Rəhimov bildirib.
Putinlə son iki ayda iki dəfə görüşdüyünü deyən İ. Rəhimov Rusiya prezidentinin sağlıq durumu barədə yayılan şayiələrə də aydınlıq gətirib. Bildirib ki, Putinlə axırıncı dəfə oktyabrın 6-da bir araya gəliblər:
“Putinlə bu günlərdə – onun ad günündən əvvəl görüşdük. Putin sağlam və gümrahdır. Onun idmanla məşğul olduğunun, xokkey oynadığının da şahidiyəm. O, professional idmançı olduğu üçün sağlamlığını diqqətlə qoruyur, səhhətində heç bir problem yoxdur,”
Rusiya ilə Ukrayna arasındakı müharibəyə toxunan İlham Rəhimov belə bir proqnoz verib:
“Bütün müharibələrin sonu sülhlə yekunlaşır. Tarixdə belə nümunələr çoxdur, hətta uzun sürən müharibələr belə zamanında sülhlə bitib. Bu müharibənin də sonda sülhlə başa çatacağına ümid edirəm. Lakin Ukrayna-Rusiya münaqişəsindən aydın görünür ki, ruslar məqsədlərinə çatmaq üçün axıra kimi gedəcəklər”.
araz.az xəbər portalı.