“İntensiv yağan yağışlar səbəbindən Bakı şəhərində bir çox yolların küçə və prospektlərin, həmçinin tunel və yeraltı keçidlərin su basması, ümumilikdə şəhər təsərrüfatının iflic olması yarıtmaz idarəçiliyin, korrupsiyanın, yeyintilərin, ən əsası isə məsuliyyətsizliyin nəticəsidir”.
araz.az bildirir ki, bu sözləri mia.az-a açıqlamasında AMİP Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Orucov deyib.
Onun sözlərinə görə, illərlə deyilsə də, tənqid olunsa da, təəssüflər olsun şəhər rəhbərliyi problemlərin aradan qaldırılması istiqamətində heç bir müsbət iş görməyiblər:
“Hər şeyi təbiətin üstünə atmaqla, özlərini sığortalamağa çalışırlar. Sabiq başçı Hacıbala Abutalıbovdan nə qalıbsa, dəyişmədən qalıb. Bakı fövqəladə vəziyyətə heç vaxt hazır olmayıb. Qar yağanda, yağış yağanda bütün şəhər iflic olur. Evlər, avtomobillər su altında qalır. Vətəndaşların sağlamlıqlarına, əmlaklarına zərər vurulur”.
Ə\li Orucov xatırladır ki, qarşıdan COP29 tədbiri gəlir:
“Leysan yağışlar həmin günləri yağsa Azərbaycan özünü necə təqdim edəcək beynəlxalq ictimaiyyətə? Bakı haqqında nə düşünəcəklər? Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov elə danışır ki, sanki şəhərdəki tikintilərdən güya xəbəri yoxdur. Nə qədər ki, ölkədə vəzifələr var məsuliyyət yoxdur, cəzasızlıq mühiti hökm sürür, vəziyyət bundan pis olacaq”.
AMİP funksioneri bildirib ki, Bakı şəhərinin idarəçiliyi və şəhərin inzibatı təsərrüfatı yaradılması vacib olan Bakı Böyük şəhər bələdiyyəsinə verilməlidir:
“Dünya təcrübəsində uğurla sınaqdan çıxan bələdiyyə idarəçiyinə keçidin qarşısı kəsildikcə problemlərin günü gündən artma tempi üçün imkanlar açılır”.
araz.az xəbər portalı.