Nümayəndə heyətinə “Gədəbəy” saziş sahəsinin nəm tullantı anbarının dayanıqlığının təmin edilməsi məqsədilə dayaq bəndin tikinti prosesi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, “AzerGold” QSC tərəfindən həyata keçirilən operativ dəstək tədbirləri nəticəsində tikintinin layihə sənədlərinin aidiyyəti üzrə dövlət qurumlarından razılaşdırılması və icazə sənədlərinin əldə olunmasından sonra avqust ayından etibarən başlayan tikinti-quraşdırma işlərinin cari ilin noyabr ayında yekunlaşdırılması nəzərdə tutulur.

Daha sonra “AzerGold” QSC və “R.V. Investment Group Services, LLC” şirkətinin ölkəmizdəki mədən layihələri üzrə operatoru “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited”in (AİMKL) nümayəndələri arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə saziş üzrə tərəfdaşlıq səlahiyyətlərinin “AzerGold” QSC-yə ötürülməsindən sonra görülən işlər müzakirə olunub.

QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov saziş sahələrində mədən-filiz əməliyyatlarının icrası zamanı fəaliyyətin sazişin tələblərinə, yerli və beynəlxalq standartlara uyğun şəkildə təşkil edilməsi üçün zəruri tədbirlərin görüldüyünü bildirib. Qeyd olunub ki, hazırda xarici şirkətin fəaliyyətinin təkmilləşdirilməsi, bəzi proseslərin qanunvericiliyə uyğunlaşdırılması, biznes əməliyyatlarında keyfiyyətin yüksəldilməsi, həmçinin Ağdərə rayonunun ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında hasilatın qısa zaman ərzində təşkilinə dəstək göstərilməsi istiqamətləri üzrə intensiv iş aparılır. İdarə Heyətinin sədri əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində atılmalı olan vacib addımları və gözləntiləri diqqətə çatdırıb, növbəti addımların vaxtında və düzgün icrası istiqamətində tapşırıq və tövsiyyələrini verib.

AİMKL şirkətinin texniki işlər üzrə vitse-prezidenti Fərhəng Hedjazi “AzerGold” QSC ilə birgə həyata keçirilən operativ tədbirlər nəticəsində növbəti aydan etibarən istehsalatın mərhələli şəkildə bərpa ediləcəyini bildirib. Nəticədə şirkətin istehsalat göstəricilərinin tədricən artması, 2025-ci ilin əvvəlində isə 2023-cü ilədək olan səviyyəyə çatdırılması təmin ediləcək.

Fərhəng Hedjazi AİMKL şirkətinin fəaliyyət prosesində rastlaşdığı problemlərin həll edilməsi istiqamətində göstərdiyi dəstəyə və effektiv əməkdaşlığa görə Azərbaycan hökumətinə təşəkkür edib.

Görüş qarşılıqlı maraq doğuran mövzuların, o cümlədən “Dəmirli” mis-molibden yatağında fəaliyyətin qısa zaman ərzində təşkili üçün tələb olunan zəruri addımların müzakirəsi ilə davam edib, qaldırılan məsələlərin saziş və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün fəaliyyət planına daxil edilib.

Xatırladaq ki, “Gədəbəy”, “Qoşa”, “Xarxar”, “Qaradağ”, “Ordubad” qrupu (“Piyazbaşı”, “Ağyurd”, “Şəkərdərə”, “Kələki”), “Qızılbulaq”, “Dəmirli” və “Vejnəli” qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 20 avqust 1997-ci il tarixində Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC arasında bağlanmışdı. 22 yanvar 2000-ci il tarixindən, sazişə yeni dəyişikliyə qədər “Azərqızıl”ın ləğv edilməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi sazişdən irəli gələn öhdəliklər üzrə “Azərqızıl”ın hüquqi varisi hesab edilmişdi. Azərbaycan Respublikasının 21 iyun 2024-cü il tarixli, 1176-VIQ nömrəli Qanunu ilə sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.

araz.az xəbər portalı.