Ölkədə iki gün müşahidə edilən yağışlı hava bir çox yerlərdə fəsadlar törətdi, hətta canlar aldı. Bakının mərkəzində, “Sabunçu keçidi” kimi tanınan ərazidə baş verən subasma sonda 2 nəfərin həyatını itirməsi ilə nəticələndi. FHN dalğıclarının hadisə yerinə iş işdən keçəndən sonra çatması da diqqətdən yayınmadı. 

Bəs nazirliyin vaxtında həmin ərazilərə əməkdaşları göndərə bilməməsinin səbəbi nədir? Bu vəziyyətdə FHN-nin məsuliyyətsizliyindən danışmaq doğru olar?

araz.az bildirir ki, mövzu ilə əlaqdar Milli Məclisin komitə sədri, millət vəkili Fazil Mustafa redaktor.aza açıqlamasında bildirdi ki, bu məsələdə məsuliyyəti konkret bir quruma yönəltmək yanlışdır:

“Birinci növbədə bunun səbəbini araşdırmaq lazımdır ki, su niyə keçidə yığılmalıdır? Niyə bunun qarşısı alınmayıb? Niyə məsuliyyətsizlik olub ki, bu məsələdə problem yaranıb? Hər kəs bilir ki, hansısa bir sel, yaxud da yağış suları, qar suları olanda bu keçiddə su yığıla bilər və buna görə də axıntı yeri müəyyən olunmalıdır. Yəni birinci növbədə bu məsələ aydınlaşdırılmalıdır”.

Deputatın sözlərinə görə, yollarımız elə vəziyyətdədir ki, FHN-in yanğınsöndürənlərin, yaxud bu struktura daxil olan xilasedici biriqadaların vaxtında çatması mümkün deyil:

“Yollarımız bərbad gündədir və hansısa bir şəkildə ayrıca yardım üçün, yaxud yanğınsöndürən üçün yol açmaq imkanı da yoxdur. Çünki bu da digər avtomobillərin tıxacını gücləndirir. Ona görə də çox güman ki, yollar bütün maşınlarla dolu, tıxac vəziyyətində hərəkət etmək imkanı olmadığına görə vaxtında çatılmır. Burada başqa bir problem, məncə, olmamalıdır. Çünki necə olur ki, Fövqəladə Hallar Nazirliyi Türkiyəyə yardıma gedə bilir, burdan-bura gələ bilmir? Demək, bu yollarda olan infrastrukturun düzgün qurulmamasından və onların da vaxtında bu prosesə müdaxilə edə bilməməsindən qaynaqlanan məsələdir. İndi təsəvvür edək “Talkuçka” deyilən yerdə yanğın olur, ancaq keçid yoxdur və ya bir çox hallarda çətin olur. Deyək ki, hansısa gecəqondu məhəllələrində yanğın olur, burada döngələrin arasıyla bir maşın hərəkət eləyə bilmir, yanğınsöndürən necə hərəkət eləsin? Bunlar şəhər infrastrukturumuzu doğru qurmamağımızın səbəbidir. Biz bunu vaxtında düşünməli idik. Bu qədər gecəqondulaşmaya, Bakının bu qədər yüklənməsinə imkan verilməməli idi”.

Fazil Mustafa qeyd etdi ki, müvafiq strukturlar öz vəzifə öhdəliyini yerinə yetirə bilmirlər:

“Eyni qaydada, məsələn, təcili yardımı da ittiham etmək olar ki, xəstəni niyə vaxtında çatdıra bilmir? Necə çatdırsın? Mütləq qaydaları pozmalıdır, mütləq o maşının, bu maşının üstündən sürüb keçməlidir? Bu kimi məsələlərdə biz daha çox ikinci, üçüncü dərəcəli xidmətlərin üzərinə məsələni yönəldirik. Amma mahiyyətcə keçidin doğru nizamlanmasını gözdən qaçırırıq və buna fikrimizi daha çox cəmləməliyik. Hansısa bir tikinti işi gedirsə, hansısa bir addım atılırsa, buna ciddi baxılmalıdır. Bu cür başdansovdu hansısa bir layihəni gerçəkləşdirmək mümkün olmamalıdır. Hər halda bu iki insan həyatını itirmək böyük bir üzüntüdür. Onlara Allahdan rəhmət deyirəm. Amma bu səbəbləri biz ortadan qaldırmasaq, bundan sonra da belə çətinliklərlə qarşılaşa bilərik”.

 

araz.az xəbər portalı.