Nə müddətdi dədə dağlar elə bil min ilin ağsaçlı, ağsaqqallı pirani qocasıdır. Əlini dizində çataxlayıb gidi dünyanın olub-olmuşlarını xəyalında belədən-beləyə dolandırır. Bu çənli-çiskinli xəyalların bir parası qərinələr boyunun aranlı-yaylaqlı qayğılarına bağlanır, bir parası da elini-ulusunu itirib yad-yağı əlində qalmış qardaş dağların nisgilindən-xiffətindən ilğım-ilğım ötüb keçir.
O qarlı-qubarlı nisgili çiyni ağ yapıncılı Şahdağ, Qoşqar, Kəpəz, Savalan, Dəlidağ çəkir. Qardaş Ağbaba dağlarının, Murğuz yaylaqlarının Göyçə quzeylərinin, Zəngəzur dolaylarının eldən ayrı zillətə düşməyi, durnagözlü bulaqların qəmli-qəmli gümüldəməsi, Kəpəzin, Savalanın sinəsini göyüm-göyüm göynətməsin, neyləsin?!
Qulağına saz səsi, aşıq çal-çağırı gəlməyən Xoşbulaq yaylağı, oğuz ərənlərinin hay-harayına tamarzı qalan ağ yapıncılı Zəngəzur dağları, karvanı karvan dağından aşırıb çiynində sıra-sıra binələr yuvalandıran Ağbaba gədikləri üstünə yağmış qalın qarın altından çətin ki, bir də qalxıb oyanmaq istər. Kimsəsiz, arxasız qalmış Göyçə dağlarının qəmli-qubarlı başına burum-burum qar ələndikcə cəmi Oğuz dağları nisgilə bürünər…Səsi-ünü, yanğılı harayı bir yana çatmayan dədə dağların qarda-qubarda qərq olmaqdan qeyri bir gümanı varmı ki?!.
Neyləsin, neyləsin el-ulusunu itirmiş ana yurdlar?… Nədən təsəlli tapsın, hardan umud umsun?!
Yağı-yaman əlində qalan candan əziz yaylaqlarımızın səsini-ününü bizlərə yetirməyə gümanı çatan təkcə kökü o dağlara bağlı dəli çaylarımızdır. Göyçə, Zəngəzur ətəklərindəki bulaqların gözündən baş alıb gələn dəli çaylar xiffətdən dörd bir yanı mamır bağlamış daşlara, qayalara çırpıla-çırpıla özünü Azərbaycana yetirib bir az toxtayar. Toxtayar ki, baş alıb gəldiyi qayğıları yolların qaranəfəsliyi getsin. Sonra enli, rahat yatağında arxayın-arxayın axa-axa Göyçə, Zəngəzur dağlarının ətəyində güzgüsünü çən bürümüş ayna bulaqların həsrətini, göynərtisini söz-söz, bayatı-bayatı ləpələndirər.
Başı bəlgəli dağlar,
Dibi kölgəli dağlar.
Gözüm yollarda qalıb
Haçan el gəldi, dağlar?!.
Bu göynərtili haray, nisgilli çağırış Kəpəzin, Şahdağın, Savalanın, Heydərbabanın könlünü tel-tel eləyər. Hər daş, hər qaya qəzəbindən bir ox olub yerindən qopmaq, qopub da qarı düşmən bağrına sancılmaq istər. O qarı düşmənin ki, Göyçədə, Ağbabada, Zəngəzurda qardaş dağları sinəsi dağlı qoyub.
Dədə dağların qalxıb şığımaq istəyən, bahadır ərənlər nisbətində çiyin-çiyinə dayanan sal qayalarının hənirini, nəfəsini duyduqca telli saz da qarabağır olub, köynəyinə sığmaz. “Misri”, “Cəngi”, “Qəhrəman” üstünə köklənib Göyçənin, Ağbabanın, Zəngəzurun harayına hay verər. Bir dəliqanlı da qınından qılınc sıyıran Koroğlu damarlı bir ustad sözüylə yağı əlində qalmış dədə dağlara təsəlli verər:
Haqqımızda çox fərmanlar verilir,
Fərman padşahındı, dağlar bizimdir!
Dağlar! Dədəm Qorqudun, babam Xətainin ruhu dağlar! Ətəyindəki Göyçə gölün bənöyüş sularına baxıb xəlvət-xəlvət, yaşın-yaşın omaxşınan oğuz yurdları…
Ozanlar ozanı ustad Aşıq Alı neçə qərinə əvvəl nə vaxtsa ulusunun yağı əliylə yurd-yuvadan perikəcəyindən duyuqmu düşmüşdü görəsən?!.
Yaylaq, bizim yaylaqlara bənzərsən…
Dağını, yaylağını itirənlərin xiffəti, nisgilimi, yoxsa göynərtili təskinliyimi yuvalanıb bu sözlərdə?
Gümür-gümür gümüldənən doğma bulaqların yanğısı sönmək bilməyəndə o bulaqlara bənzəyən çeşmələrə, irmaqlara üz tutub.
Bulaq, bizim dağlara bənzərsən… Təsəllisini yurd-yuva itirənlər cızıldayan, sızıldayan yaralarına səpməsinlər, neyləsinlər?! O bulaqlar o yaylaqlarda, o yaylaqlar uzaqlarda qaldı…
Göyçəni xəyallarımızda əzizləyirik, Ağbabanı saz bağrında soraqlayırıq. Gennən-genə üzünü görüb köks ötürə-ötürə seyr elədiyimiz Zəngəzurun güney qanadındakı Mehri yaylağıdır. Mehri yaylağı… Qara Keşiş törəmələrinin indi dəyişib “Meğri” elədikləri bu ulu yurd Şah Abbasın qızı gözəllər gözəli Mehri xanımın yaylağı olub. Ərə gedəndə atası istəkli qızının çox sevdiyi bu yaylağı da ona cehiz verib. Ta o vaxtdan bəri Mehri yaylağı İrandan-Turandan belə hər yanda məşhur olub.
Nə ola, dağdan ağır şah oğlu Şah Abbas çəkib beş batmanlıq qəzəb qılıncını, candan əziz balasını yaylaq yurdundan Qara Keşiş törəmələrini qanına qəltan eləyib ilim-ilim itirə…
Qara Keşiş dedim, ulu olmuş Göyüşoğlu xəyalımı çəkib apardı. Göyçəsindən ayrı düşmüş Göyüşoğlu Gəncəbasardakı təzə yurdunda mütəkkəyə söykənib kəkotulu çay içə-içə, tavar sazını dilləndirir. Yaxınların sözüdür, “Yanıq Kərəm” i çaldığı yerdə xəyalında nə dolandırsa barmaqlarını yavaşıdıb təzəcə boy-buxuna dolmuş ortancıl nəvəsini yanına çağırır:
– Gəl otur dizimin dibində, gözümün işığı. Cavan-comrul çağlarımda rəhmətlik aşıq Mirzə xəlvəti mənə eləmişdi o xətrixoş ixtilatı, özü də bax həmən bu “Əsli-Kərəm” haqq-hesabına bağlıdır. Yaxşı diqqət elə, malım-mülküm, ulu tapşırmasıdır bu ixtilat; Gərək yüz il, min il bundan sonrakı uruğumuza-ulusumuza da yetişsin.
Göyüşoğlu belə deyib bir az fikrə gedən kimi oldu. Sonra əyri qəlyanına tənbəki doldurub çaxmaq-qov çıxartdı. Elə ki iki-üç qullabı qayğılı-qayğılı sinəsinə çəkdi, arxayınca başladı söhbətinin davamına:
– Hə, sazınnan-sözünnən möhkəm armaq olduğumu görüb bir gün aşıq Mirzə ikilikdə qalanda dedi:
– Sən bilən bu xan Kərəm o Qara Keşişin qızı Əslini niyə ala bilmir?
Cavan uşağıydım. O dərinlikdə ağlım hardaydı? Elə ağızucu dilləndim ki:
– Ay Mirzə dayı, qismətində yoxuymuş.
Mirzə kişi əlini çiynimə qoyub gülümsündü:
– Yox, a xalası göyçək, elə döyül. Bu sözlər, bu söhbətlər boşuna düzülüb, qoşulmayıb. Ustadlar hər qoşmanı, hər dastanı köklü-köməcli bir mətləbin başına bağlayıblar.
Əsli-Kərəm haqq-hesabı da həmən ağır yüklü mətləblərdən biridir. İndi eşit nədi o mətləb. Hə, zənd eləyib baxsan, görərsən ki, xan Kərəmin Əsliyə qovuşmağına ustadlar özləri razı olmayıblar. Yoxsa, qəribi bir saatda dünyanın o başından istəklisi Şahsənəmə çatdıran qoç Koroğluya qocalıqda cavanlıq qüdrəti qaytaran saz-söz qüdrətinin əlində nəmənəydi Kərəmi Əsliyə yetirmək! Əslinin düymələrini Qara Keşişdən qabaq tilsimə salan elə telli sazın özü idi.
Çünki əzəlindən el narazıydı bu qovuşuğa! Kərəmə od vurub yandıran da elin qəzəbi idi. El istəmir ki, onun sümüyü Qara Keşişin soyuna-sümüyünə calansın. Onunçün də Kərəmi yandırıb külə döndərir. Bəs nə bilmişdin? Yandırır ki, südümüzü-sümüyümüzü yad-yabancıların süd-sümüyünə qatmaq istəyənlər eşidib ibrət götürsün, dərs alsın….
…Hə, ruhu şad olsun aşıq Mirzənin. Saz-söz yığnağında hər zaman eyhamınan bu ağır yüklü mətləbi el-ulusa da yetirərdi.
İndi, oğul-bala, mən də sənə deyib borcumdan çıxdım. Göyüşoğlunun ilməsinin çözələdiyi bu köklü-köməcli ixtilatın öyüd-örnəyi çox incədi, incədən də incə! Ulu ustadların nurlu sözləri güzəranın hər üzündə damarımızdan axan aydan arı türk qanının saflığını qorumağa çağırır. O nurlu sözləri söyləyənlərin ruhuna min rəhmət!
…Qeyrəti qılıncından kəsərli, qəzəbi xəncərindən iti olan oğuz ərənləri zaman-zaman Qara Keşiş törəmələrinin dərsini beşqat artığıynan verib. Eyb eləməz, oğuz elindən qopan ər oğullar təzədən bədöy atlar belində dəli şimşəyə dönər. Ulularımızın üz qoyduğu müqəddəs Ağbaba, Zəngəzur, Göyçə, Dərələyəz, Dilican torpaqlarında bir də qəzəb qılıncının qəbzəsi qana boyanar. Bax onda Dədə Xətainin dinclik bilməyən müqəddəs sərkərdə ruhu beş yüz il bundan əvvəlki tək nərəylə hayqırar:
Düşmən qanı tək qızardı hər su!
O xoşqədəm günün danüzündə zümrüd Göyçə ormanlarından, zirvəsində qartal yuvalandıran Ağbaba dağlarından, allı-güllü Dərələyəz vadisindən, sevdalı bulaqları damarlı-damarlı gümüldənən Gümrü boyundan, barlı-bəhərli Calaloğlu bağlarından telli sazın çal-çağırı dikələr. Dədə Xətainin, Şah Abbasın, Ağa Məhəmməd Qacarın, Nadir Şah Əfşarın basılmaz-yenilməz ruhu yaşayırsa, ulularımızın uyuduğu müqəddəs Azərbaycan torpaqları saz səsinə, bədöy at kişnərtisinə, oğuz ərənlərinin ildırım qanadlı nərəsinə həsrət qalmamalıdır:
Göyçə dedim yaralarım göynədi,
Axşamlara qarışdırdım səhəri.
Qaçqın nənə, səsindəki ney nədi?
Buludlandı gözlərimin qəhəri…
Sinəmizdə od qalayıb yağılar,
Çətin bizim qubarımız dağılar.
Murov deyən, Murğuz deyən ağılar
Viran yurdun miras qalmış bəhəri.
İnsafdımı Göyçə gölü ah uda,
Ovçusundan ayrı düşə ahu da.
Pərişandı Ələsgərin ruhu da
Gəlib yetdi məzarının xəbəri.
Qoca qartal, qardaş idin mərdə sən,
Eldən ayrı, düşdün yaman dərdə sən.
O telli saz, kəşt eyləyib bir də sən
O dağlardan almalısan nəməri!
Şan-şan olubaylaqların bağırı,
Sal qayalar pələng kimi bağırır,
Qarlı dağlar haray çəkib çağırır:
– Hazır eylə, hazır eylə yəhəri!
Oğuz oğlu, damarımız vurursa,
Dədəm Qorqud qurğumuzu qurursa,
Qoç dəlilər, Koroğlular durursa,
Qabaqdadı hələ Göyçə səfəri!!!
Məhərrəm Qasımlı
araz.az xəbər portalı.